Modern.az

Milli Məclis cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına baxır

Milli Məclis cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılmasına baxır

Aktual

12 May 2017, 18:18

Bu gün Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Milli Məclis sədrinin birinci müavini, həmin komitənin sədri Ziyafət Əsgərov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumat verib.

 O bildirib ki, 16 may 2005-ci il tarixdə Varşavada imzalanmış bu sənədə Azərbaycan müvafiq qeyd-şərt və bəyanatlarla qoşulur.

Müzakirədə çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Zahid Oruc, Hikmət Məmmədov, Vüsal Hüseynov  Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş sənədin əhəmiyyətini yüksək dəyərləndiriblər.

Sonra Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deputatları maraqlandıran məsələlərə  aydınlıq gətirib.

Fikir mübadiləsinin yekununda Azərbaycanın milli maraqlarına cavab verən bu sənədin plenar iclasa çıxarılması məqsədəuyğun sayılıb. 

İclasda gündəlikdəki  ikinci məsələ barədə məlumat dinlənildikdən sonra “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsində dəyişiklik edilməsi barədə” məsələ də   Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı