Modern.az

Rusiya Azərbaycandan nə istəyir? - Politoloqun ŞƏRHİ

Rusiya Azərbaycandan nə istəyir? - Politoloqun ŞƏRHİ

Aktual

18 May 2017, 16:43

Son günlər Rusiya və Azərbaycan arasındakı münasibətlərin əvvəlkindən fərqli olduğunu müşahidə edirik. Belə ki, əlaqələrə mənfi təsir göstərən, bu və ya digər məsələlərdə ölkələr arasında fikir ayrılığını üzə çıxaran bir sıra  problemlər ortaya çıxıb. Gündəmdə dayanan başlıca məsələ isə Ümumrusiya Azərbaycan Konqresinə (ÜAK) dair xəbərlərdir.

Rusiya-Azərbaycan münasibətləri nə qədər yaxşı olsa da, yaşanan hər hansı “gərginlik”, ikitərəfli münasibətləri kifayət qədər “zədələmək” gücündədir.

Bəs görəsən Rusiyanın ölkəmizə qarşı təzyiqlərinin səbəbi nədir? Ümumiyyətlə bu dövlət Azərbaycandan  nə istəyir?


Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, rusların azərbaycanlılara təzyiqinin əsasında Dağlıq Qarabağ problemi durur. Onun sözlərinə görə, bu dövlətin yeganə amalı I Pyotrın vəsiyyətini reallaşdırmaqdır:

“Açığı, Rusiyanın Azərbaycandan birinci istəyi  Dağlıq Qarabağla bağlıdır. Onlar bu ərazinin sözsüz-söhbətsiz Ermənistana verilməsini  tələb edir və bunu problemin həlli kimi görür. Rusiyanın bəzi siyasətçilərinin sözlərinə görə, guya Dağlıq Qarabağ vaxtilə Ermənistana məxsus olub. Tarixi dərindən mənimsəməyən, ermənilərin bu yerlərə gəlmə olduğunu bilməyənlər  hesab edir ki, torpaqlar Ermənistanındır və ona qaytarılmalıdır. Lakin Ermənistan tarixçiləri də bildirir ki, Qarabağ mahalı vaxtilə albanların yaşadığı  ərazi olub. Alban kilsəsi də bu ərazidə yerləşib. Sadəcə olaraq ruslar Şimali və Cənubi Qafqazı istila edəndən sonra  bu kilsəni  erməni kilsəsinin tabeçiliyinə verib. Onlar da öz növbəsində  kilsələrin bəlkə də böyük qismini dəyişdirərək,   uğursuz  formada erməniləşdirməyə çalışıblar.

Ruslar I Pyotrın vəsiyyətinə uyğun olaraq Cənubi Qafqazda xristian qrupu yaratmaq və ermənilərdən istifadə etmək istəyirlər. Halbuki, indiki Ermənistan ərazisi bütünlüklə azərbaycanlılara məxsus olub. Dağlıq Qarabağ deyilən ərazi yox idi. Sadəcə, ermənilərin təkidi  və o vaxtkı ermənispərəst bolşeviklərin səyi ilə Qarabağı aran və dağlıq olaraq iki hissəyə ayırdılar. Daha sonra  Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsinə nail ola bildilər”.

 “Rusiya üzüyola Azərbaycan istəyir”

“Hazırda ermənilər Qarabağ ərazisində balaca da olsa, ikinci Ermənistan dövlətini qurmağa çalışırlar. Azərbaycan dövlətinin mövcudluğu üçün ciddi təhlükə yaradırlar. Rusiya da bu məsələdə əsas katalizator rolu oynayır və münasibətlərin pisləşməsinə  səbəb olur. Rusiya üzüyola Azərbaycan istəyir, amma dövlət rəhbərliyi Rusiyanın təlqinlərinə məhəl qoymur.

Bu dövlət əvvəllər də  bizim strateji tərəfdar olduğumuzu,  münasibətlərin inkişaf etdiyini deyərək,  bizi yuxuya verirdi. O biri tərəfədən də Ermənistanı müasir silahlarla təmin etdilər. Son bir ildə Rusiya Ermənistana 3 milyard dollar məbləğində pulsuz silah göndərib. Üstəlik Ermənistandakı hərbi bazaları onun tabeçiliyinə verib.

Bu ölkə Gürcüstanda, Ukraynada işğalçılıq siyasəti apardı. Beynəlxalq təşkilatlar bunu tənqid edib ona qarşı sanksiyalar tətbiq etsələr də,  hələ ki proses Rusiyanı sakitləşdirəcək, onu yerində oturda biləcək səviyyədə deyil. Ona görə də Rusiya  bölgədə destruktiv fəaliyyətini davam etdirir və bu da dövlətlərarası münasibətlərin pisləşməsinə, xüsusilə Azərbaycana qarşı təzyiqlərin artmasına gətirib çıxarır”.

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı