Modern.az

Bu il Azərbaycan buğda istehsalını artıracaq

Bu il Azərbaycan buğda istehsalını artıracaq

Aktual

18 May 2017, 16:46

Məlumdur ki, neft sektoru ilə yanaşı, hazırda kənd təsərrüfatı da Azərbaycanda önəmli sahələrdən biridir. Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq isə kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bu sahə bütün kənd təsərrüfatının əsasını təşkil edərək, əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi qarşısında taxılçılıq sahəsində istehsalın artırılması, ölkənin ərzaq buğdasına olan tələbatının tamamilə yerli istehsal hesabına təmin edilməsi vəzifəsi müəyyən edilib.

Bəs bu il Azərbaycanda taxılçılıqla  bağlı vəziyyət necədir? Daxili tələbatı ödəyə biləcəyikmi?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, ölkəmiz bu il ötən il olduğu kimi, daxili tələbata cavab verə biləcək:

“Ümumiyyətlə taxıl deyəndə  biz həm  buğda, yəni çörək, un məmulatlarını, həm də yem, qarğıdalı və bunun kimi digər məhsulları nəzərdə tuturuq. Deyə bilərəm ki, bizim istehsalımız daxili tələbatlara cavab verir.

Sadəcə, bir müddətdir ki,  buğda məsələsində çətinlik  müşahidə edilir. O da bu il öz həllini tapacaq. Beləki, artıq yeni buğda sortları  alınıb və səpilib.  Düzdür, bununla buğda təminatı problemi tamamilə aradan qalxacaq, demirəm.  Hər halda bu, ərzaq təhlükəsizliyini  təmin edəcək və inkişaf olacaq.

Keçən  il taxıl tələbatının  60-65 faizini təmin edə bilirdiksə, bu il və gələcəkdə  həmin rəqəmlər 75-80 faiz olacaq.  Bununla əlaqədar Kənd Təsərrüfatı Nazilliyi tərəfindən işlər görülür. Ümid edirəm ki, bu sahədə yüksəliş olacaq. O cümlədən Azərbaycan  digər kənd təsərrüfatı məhsulları ilə də özünü təmin edə bilir. Təmin olunma dərəcəsi 80-85 faizdir”.

Günay RƏSULQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı