Böyük İyirmiliyin (G20) Beyin Sammiti mayın 28-də Berlində öz işinə başlayacaq.
Bu haqda Modern.az-a iqtisadçı alim Vüqar Bayramov məlumat verib.
V.Bayaramov bildirib ki, Sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edəcək. O deyib ki, Sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı George Akerlof, Edmund Strother Phelps, Michael Spence kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər:
“Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə- Avropa Birliyi kimi məsələlərə də toxunulması nəzərdə tutulur.
Həmçinin, Sammitdə dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda talantlı gənclər ilə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. 3 gün davam edəcək görüşdə bu ilin iyul ayında Hamburq şəhərində keçirilməsi nəzərdə tutulan G20 ölkələrinin liderlərinin sammitində beyin mərkəzlərinin töhvəsi məsələləri də müzakirə mövzusu olacaq”.
Gülşən RAUFQIZI