Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, hazırda Rusiya, ABŞ və Çin liderlərinin görüşünün təşkili istiqamətində fəal və məzmunlu iş aparılır.
Modern.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər görüşün gündəliyini razılaşdırır və birgə bəyanatın mətnini hazırlayırlar.
“Bu mətn gərgin diplomatik iş və çətin məsləhətləşmələr nəticəsində ərsəyə gəlir”, – deyə Yuri Uşakov bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, Moskva birgə bəyanatın mətninə dair öz təkliflərini artıq çinli tərəfdaşlarına təqdim edib. Çin tərəfi də öz növbəsində müvafiq təkliflərini irəli sürüb. Hazırda Vaşinqtondan da cavab və təkliflər daxil olur. Bundan sonra tərəflər ortaq kompromisə gəlməyə ümid edirlər.
“Biz üç liderin ümumi bəyanat qəbul edəcəyini nəzərdə tuturuq”, – deyə prezidentin köməkçisi vurğulayıb.
Uşakov əlavə edib ki, yekun sənəd qəbul edilməyəcəyi təqdirdə belə, hər bir lider keçirilən danışıqlara dair öz qiymətləndirməsini açıqlayacaq.
Onun sözlərinə görə, bu açıqlamalar böyük əhəmiyyət daşıyacaq və həm Rusiyada, həm ABŞ-də, həm də Çində geniş ictimai rezonans doğuracaq.