Modern.az

81 nömrəli avtobusdan yıxılan sərnişin niyə öldü...

81 nömrəli avtobusdan yıxılan sərnişin niyə öldü...

Aktual

31 May 2017, 09:40

Mayın 28-də 81 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun qapısı açıq vəziyyətdə idarə olunması nəticəsində sərnişin, paytaxt sakini Cümşüd Haqverdiyevin yıxılması və sonradan xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlar əsasında Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.

 

Bu haqda Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, 81 nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı Fikrət Əhmədov və həmin marşrut xətti üzrə fəaliyyət göstərən 10 TF 978 nömrəli avtobusun sürücüsü Cavanşir Məmmədov Bakı Nəqliyyat Agentliyinə çağırılıb:

“Onların izahatları alınıb. Həmin izahatlara əsasən sərnişin C. Haqverdiyev avtobus dayanacaqda dayandığı zaman avtobusdan düşən digər sərnişinə yol vermək istəyərkən müvazinətini itirərək yıxılıb. Bundan dərhal sonra sürücü ərazi üzrə polis bölməsinə və təcili tibbi yardıma məlumat verib. Sərnişin xəstəxanaya çatdırılıb. Sürücü C. Məmmədov polisə ifadəsində də sərnişinin avtobusun qapısının açıq vəziyyətdə idarə edilməsi nəticəsində yıxılması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. Ümumiyyətlə isə avtobus hərəkətdə olarkən qapısı bağlı vəziyyətdə olub”.

M.Ağayev deyib ki, hazırda faktla bağlı Bakı şəhəri Nizami rayonu Polis İdarəsində istintaq araşdırması aparılır. Hadisənin əsl başvermə səbəbi də yalnız bundan sonra məlum olacaq.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı