Hakimliyə namizədlərdən 60 nəfərdən çoxu Türkiyə dövlətinin hesabına Ankarada 2 həftəlik tədris səfərlərində olub. Ədliyyə Akademiyasından Modern.az-a verilən məlumata görə, təlimlər kursun proqramına uyğun olaraq keçirilib. Təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən təlimlər zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, mülki vəcinayət prosessual hüququn bəzi müddəaları, məhkəmə iclasının idarə olunması və s. aktual mövzular üzrə tədris olunub, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Namizədlər, həmçinin Türkiyə Böyük Millət Məclisində, Ali Məhkəmədə, Ədliyyə Nazirliyində, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində təcrübi məşğələlər keçib, Türkiyənin məhkəmə-hüquq sistemi ilə tanış olub, habelə 28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyində keçirilmiş tədbirdə iştirak ediblər.
Qeyd edək ki, digər namizədlər də bu təlimlərə cəlb olunacaqlar.
Modern.az