Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Modern.az xəbər saytının müxbiri ilə danışarkən təhqiredici ifadə işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox jurnalist və ziyalı məsələyə kəskin etirazlarını bildiriblər.
Qeyd edək ki, R.Məmmədov Azərbaycan jurnalistlərini təhqir etmişdi.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov Modern.az-ın redaksiyasına zəng vuraraq, Ramiz Məmmədovun onun haqqında da vaxtı ilə təhqiramiz ifadələr işlətdiyini və bu məsələyə münasibət bildirmək istədiyini söyləyib:
“İqlimlə, hava şəraiti ilə əlaqədar hər şəxs öz işi ilə məşğul olsun. Ağlına gələn məlumatlarla mətbuata açıqlama verərək camaatı çaş-baş salmasın. Başqasının işinə müdaxilə etməsin. Əgər doğurdan da mövzu ilə bağlı düzgün məsələ qaldırırsa, onu həqiqətə uyğun dəyərləndirmək olar. Buna baxmayaraq, heç kəsin Allahın işinə qarışmağa ixtiyarı yoxdur. Allah lazım olanda qar da yağdırar, külək də əsdirər”.
Ekoloq bildirib ki, Azərbaycanda elm alimlik dərəcəsindən asılı olmayaraq bir çox mütəxəssisin öz işi ilə məşğul olmamasından inkişaf etmir:
“Mənim haqqımda “qeyri-hökümət təşkilatının rəhbəri” kimi bəhs edib. Əgər o, akademikdirsə, mən texniki elmlər doktoruyam. Torpaq və su üzrə elmi iş müdafiə etmişəm. Bu, mənim işimdir və coğrafiyanı bitirmişəm. Jurnalistlərə yalnız başım çıxan mövzular barədə açıqlama və müsahibə verirəm. Yəni, mən öz işimlə məşğulam” .
Qeyd edək ki, “Report” AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Modern.az xəbər saytının müxbiri ilə danışarkən təhqiredici ifadə işlətməsiylə bağlı müsahibə alıb.
Akademik Jurnalistin “Təhqir etdiyiniz o "bir adam" kimdir? sualına: “Beş-altı nəfər birdən müsahibə götürürdü, onların içindən biri yazıb. Mən nə bilim hansıdır. Bir-bir soruşası deyiləm ki... Hələ bir "başdan-qrija" var, qeyri-hökumət təşkilatının rəhbəri var, Telman Zeynalov, onun mənim haqqımda qiymətləndirilməsi verilib: "Ölsün yerə girsin, bu akademik". Dediyi sözlərə bir bax”- deyə cavab verib.
Nəzrin RÜSTƏMOVA