“Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətləri enerji əməkdaşlığından daha geniş siyasi və strateji müstəviyə keçirir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib.
Deputatın sözlərinə görə, noyabrın 12-də Dublində mübadilə edilmiş sənəd Azərbaycan–Böyük Britaniya münasibətlərində, Bakının xarici siyasət strategiyasında və Qərbin Cənubi Qafqaza yanaşmasında baş verən dəyişikliklər baxımından qiymətləndirilməlidir.
O xatırladıb ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb, 1992-ci il martın 11-də isə diplomatik münasibətlər qurulub. İkitərəfli əlaqələrin möhkəmlənməsində 1994-cü ildə Heydər Əliyevin Londona ilk rəsmi səfəri zamanı imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Bəyannamə və həmin ilin sentyabrında bağlanmış “Əsrin müqaviləsi” xüsusi rol oynayıb.
Sevinc Fətəliyeva qeyd edib ki, sonrakı dövrdə hökumətlərarası komissiyanın və strateji dialoq mexanizminin yaradılması münasibətlərin institusional əsaslarını gücləndirib. Onun fikrincə, Dublin Bəyannaməsi bu əməkdaşlığa yeni məzmun qazandırır:
“Son 30 ildə münasibətlərin əsas hərəkətverici qüvvəsi biznes və enerji əməkdaşlığı olub. İndi isə tərəfdaşlıq müstəqil siyasi gündəliyə və məqsədlərin mütəmadi uzlaşdırılması mexanizminə malik dövlətlərarası müstəvidə inkişaf etdirilir. Belə əlaqələr bazardakı dəyişikliklərə və hökumətlərin əvəzlənməsinə qarşı daha dayanıqlı olur”.
Deputat sənədin Avropa Siyasi Birliyinin sammiti çərçivəsində mübadilə edilməsini də əhəmiyyətli hesab edir. O bildirib ki, Azərbaycan və Böyük Britaniya Avropa İttifaqına üzv olmadan da ümumavropa gündəliyinin formalaşmasında fəal iştirak edə bilirlər.
Onun sözlərinə görə, Londonla əlaqələrin dərinləşdirilməsi Azərbaycanın digər tərəfdaşları ilə münasibətlərini tamamlayır:
“Bakının çoxvektorlu xarici siyasətinin mahiyyəti tərəfdaşların əhatəsini genişləndirmək, lakin onlardan heç birini yeganə strateji istiqamətə çevirməməkdir. Qərbin aparıcı dövlətləri ilə əlaqələr Şərq ölkələri və Türk dünyası ilə əməkdaşlıqla paralel şəkildə inkişaf etdirilir”.
Sevinc Fətəliyeva Bəyannamədə ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyin ifadə olunmasını, həmçinin Vaşinqtonda formalaşmış sülh gündəliyinə dəstəyi xüsusi vurğulayıb.
Deputatın qənaətincə, Böyük Britaniyanın bu yanaşması Azərbaycanın regional sülh gündəliyi ilə uzlaşır. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq isə tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsi baxımından əhəmiyyət daşıyır. O, Orta Dəhlizin əsas həlqələrindən biri kimi Azərbaycanın London üçün önəminin artdığını da qeyd edib.
Sevinc Fətəliyeva təhsil və innovasiyalar sahəsində əməkdaşlığı sənədin ən perspektivli istiqamətlərindən biri adlandırıb:
“Enerji tərəfdaşlığı bu gün iqtisadi gəlir gətirirsə, universitetlərarası əməkdaşlıq, mütəxəssis hazırlığı, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi ölkənin 20 ildən sonrakı rəqabət qabiliyyətini müəyyən edir. Növbəti onilliklər insan kapitalına qarşılıqlı investisiyalar dövrünə çevrilə bilər”.
Deputat əlavə edib ki, Bəyannamənin real nəticələri konkret layihələr, investisiyalar və birgə proqramlarla ölçüləcək:
“Azərbaycan himayədar deyil, bərabərhüquqlu tərəfdaşlar seçir. Böyük Britaniya isə Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsində mühüm rol oynamaq potensialına malik dövlətlə əməkdaşlığı dərinləşdirir. Sənədin strateji əhəmiyyəti də bu maraqların uzlaşmasındadır”.