Noyabrın 12-də Sea Breeze ərazisində müalicə, reabilitasiya və istirahət imkanlarını birləşdirən Sea Breeze Recovery Village by Referans Medical Group-un açılışı baş tutub.
Layihənin əsas strateji məqsədi müalicədən sonrakı qayğının davamlılığını təmin etmək, uzunmüddətli reabilitasiya xidmətlərinə çıxışı genişləndirmək və xüsusilə yaşlı şəxslərin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Yerli və xarici pasiyentlər üçün nəzərdə tutulan kompleks Azərbaycanın tibbi turizm imkanlarının genişlənməsinə də töhfə verməyi hədəfləyir.
Müalicə mərkəzi və iki villadan ibarət kompleks xəstəlik və əməliyyatlardan sonra bərpaya, eləcə də xüsusi qayğıya ehtiyacı olan yaşlı və xroniki xəstəlikləri olan şəxslərə xidmət göstərir. Burada əsas müalicəsini tamamlamış, lakin reabilitasiyaya, gündəlik qayğıya və davamlı tibbi nəzarətə ehtiyac duyan pasiyentlərin bərpa prosesini ev şəraitində davam etdirməkdə qarşılaşdığı çətinliklər nəzərə alınıb.
Sea Breeze Recovery Village-də fizioterapevt və reabilitoloqlarla yanaşı, müxtəlif ixtisaslar üzrə həkimlər, psixoloq, check-up mütəxəssisi və gerontoloq — yaşlanma üzrə mütəxəssis fəaliyyət göstərir. Fərdi proqramlara pasiyentin sağlamlıq vəziyyətinə uyğun tibbi müayinələr, fizioterapiya, müalicəvi məşqlər və digər fiziki fəaliyyətlər daxil edilir. Dayaq-hərəkət sistemi xəstəlikləri, onurğa və oynaq problemləri, hərəkət məhdudiyyəti olan pasiyentlərin ehtiyaclarına xüsusi diqqət yetirilir.
Villalarda rahat yerləşmə, fərdi ehtiyaclara uyğun qidalanma, açıq havada gəzinti və istirahət imkanları yaradılıb. Tibbi dəstək və gündəlik fəaliyyətlərin eyni məkanda təşkili pasiyentlərin bərpa proqramını ardıcıl davam etdirməsinə, fiziki və psixoloji rifahına, gündəlik həyatda daha müstəqil olmasına dəstək verir.
2016-cı ildə laboratoriya xidmətləri ilə fəaliyyətə başlayan Referans Medical Group bu layihə ilə xidmət şəbəkəsində bərpa və reabilitasiya istiqamətini inkişaf etdirir.
Qeyd edək ki, Sea Breeze ərazisində yerləşən Referans Sea Breeze Hospital da Nardaran və ətraf ərazilərin sakinlərinə, qonaqlara və turistlərə 24/7 rejimində geniş profilli tibbi xidmətlər təqdim edir.