Azərbaycan Texniki Universitetində (AzTU) 2016-cı ilin 2-5 aprel tarixlərində cəbhədə baş verən və ordumuzun düşmən üzərində açıq qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin ildönümü qeyd olunub.
Ordumuzun yaxın tarixdəki zəfəri, cəbhənin Cəbrayıl və Tərtər rayonları istiqamətlərinə nəzarət etmə baxımından əlverişli yüksəkliklərin ələ keçirilməsi, həmçinin 2 min hektar ərazinin işğaldan azad edilməsini xarakterizə edən Aprel döyüşlərinin ildönümü ilə əlaqədar universitetin Şəhidlər abidə-kompleksi önünə gül dəstələri düzülüb, Vətən uğrunda canını fəda edən qəhrəmanların ruhları qarşısında baş əyilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək bildirib ki, müstəqilliyimizin qazanılması uğrunda ilk günlərdən etibarən universitetin tələbələri, məzunları ictimai və hərbi mübarizəyə qoşulublar. Qanlı Yanvar hadisələrində Şəhid olan AzTU tələbəsi İlqar Əhmədovun ictimai mübarizəsinin universitetin tələbə və məzunları tərəfindən 90-cı illərin əvvəllərində və ondan sonrakı dövrdə hərbi yollarla davam etdirildiyini deyən Xalıq Yahudov qeyd edib ki, Aprel döyüşlərində AzTU-nun 4 tələbəsi Şəhid olub. Rektor əvəzi bildirib ki, Aprel döyüşlərində Şəhid olan AzTU məzunları - Orucov Müşfiq, Axundov Əbdülməcid, Quliyev Mahir və Mirzəyev Elvinin xatirəsi universitetin əməkdaşları və tələbələri tərəfindən daima əziz tutulacaq, onların qəhrəmanlıqları gələcək nəsilə nümunə kimi təbliğ olunacaq.
Bu günün həm də Kəlbəcər rayonunun işğalı günü kimi tarixə düşdüyünü qeyd edən Xalıq Yahudov vurğulayıb ki, Aprel döyüşləri tarixi ədalətin, zəfərin başlanğıcı hesab olunmalıdır.
AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı isə Aprel döyüşləri zamanı universitetdəki ab-havanı yada salıb. Bildirib ki, həmin zaman universitetin Şəhid məzunları kimi tələbələri də mübarizəyə qoşulmaq istəyirdilər. Qeyd olunub ki, tələbələr əsgərlərimizin yanında olduqlarını nümayiş etdirmək üçün universitetin həyətində ordumuza dəstək mitinqi keçirirdilər.
Digər çıxış edənlər də, Aprel döyüşlərində, ümumiyyətlə Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı haqlı mübarizədə Şəhid olan tələbə və məzunlar haqqında fikirlərini bölüşüblər.
Daha sonra tələbələr universitetin Milli Qəhrəmanlar və Şəhidlər Muzeyini ziyarət ediblər.