Modern.az

Polisin saxladığı borclular kimlərdir...  

Polisin saxladığı borclular kimlərdir...   

Aktual

10 May 2018, 16:33

Daxili İşlər Nazirliyinin (DİN) cinayət və hadisələr haqqında hər gün açıqladığı statistik məlumatlarda borclu şəxs qismində axtarışda olan şəxslər barədə də məlumatlar əks olunur. Saxlanılan borclu şəxslərin sayı mütəmadi olaraq dəyişir.


Bəs, borclu şəxslər dedikdə kimlər nəzərdə tutulur?
 

DİN-dən Modern.az-a verilən məlumatda bildirilib ki, borclu şəxs dedikdə mülki hüquqla müəyyən edilmiş şəxslər nəzərdə tutulur. 

 

Mülki hüquq — fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və şəxsi qeyri –əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi və xitam verilməsi qaydasını müəyyənləşdirən, müqavilə və digər əsaslar üzrə yaranan öhdəlik münasibətlərini və digər əmlak və şəxsi qeyri əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir.

Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir.

Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər.

Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. 

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, borclu şəxs dedikdə, barəsində məhkəmə qərarları, əmr icrası, banklara, vergiyə borcu olanlar nəzərdə tutulur:

 

“Həmin şəxslər məhkəminin qanuni qüvvəyə minmiş qərarı, yaxud ərmilə borclu hesab edilir. Qanunverciliyin tələblərinə görə, müəyyən öhdəliklərə sahib olan şəxslər borclarını ödəməlidirlər. Həmin şəxslər barəsində ölkədən çıxmamaq barədə qərar qəbul edilə bilər.

 

Çünki onlar ölkədən çıxarlarsa, gələcəkdə məhkəmə qərarlarının icrası ilə bağlı problemlər yaranar. Bir çox hallarda qarşı tərəf borcluların ölkədən çıxmasına qadağa qoyulması ilə bağlı müraciət edirlər. Bu, sırf qanunvericiliyin tələbidir və Daxili İşlər Nazirliyi də çox gözəl ənənə yaradaraq, bu tipli məlumatları yayır və ictimailəşdirir. Əvvəlcədən hər kəsin bu barədə məlumatlandırılması çox gözəl nümunədir, qanunun icrası istiqamətində atılan şəffaf addımlardan biridir. Eyni zamanda, Vergilər Nazirliyinin saytında da borclularla bağlı məlumatlar verilir. Bu bütün dünyada icra olunan qaydadır. Bir çox sivil ölkələrdə də eyni yanaşmalar var. Borclu borcunu ödəməlidir. Borclu ölkəni tərk edir və geri qayıtmırsa, o borcun ödənilməsində problem yaranır. Nəticədə məhkəmə qərarları icrasız qalır, pulunu geri ala bilməyən insanlar əziyyət çəkir. İddaları təmin olunsa da, hüquqi və fiziki şəxslər tərəfindən məhkəmə qərarları icra olunmursa, qarşı tərəfin iqtisadi və sosial fəaliyyətlərinə mənfi təsir göstərir”.

Ekspert bildirib ki, dövlətin üzərinə düşən öhdəliklərə görə, bütün məhkəmə qərarlarının icrasını təmin etməlidir:

“Qeyd etdiklərim qanunvericiliklə qoyulmuş öhdəliklərin icrası istiqamətində tapşırılmış konkret orqanlardır. Bütün bunlar alqışa layiqdir və qanunun icrasına yönələn hərəkətlərdir”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?