Modern.az

Putin tanınmış rejissoru cəzalandırdı

Putin tanınmış rejissoru cəzalandırdı

Dünya

Bu gün, 17:07

Rusiya Prezidenti Vladimir Putin ölkə Prezidentinin yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının tərkibində dəyişiklik edib. Tanınmış kinorejissor Aleksandr Sokurov da Şuradan çıxarılan şəxslər arasındadır.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Bildirilib ki, Vladimir Putin Şuranın tərkibinin yenilənməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, kinorejissor Aleksandr Sokurov, vəkil Vladimir Ryaxovski, yazıçı Maksim Zamşev və Ümumrusiya Pasiyentlər İttifaqının həmsədri Yan Vlasov qurumun tərkibindən çıxarılıblar.

Eyni fərmanla teleaparıcı Tutta Larsen (Tatyana Romanenko) Şuraya daxil edilib.

Sokurov ötən il Putinlə görüşdə senzura məsələsini qaldırmışdı

Aleksandr Sokurov 2018-ci ildən İnsan Hüquqları Şurasının üzvü idi. O, ötən il keçirilən Şura iclasında Vladimir Putinə bir neçə sual ünvanlamışdı. Həmin suallar arasında xarici agentlərlə bağlı qanunvericilik və senzura məsələləri də olub.

Kinorejissor çıxışı zamanı siyasi müzakirələrin aparılması üçün prosedurların olmamasının çox sayda insanın taleyinə ciddi zərbə vurduğunu bildirmişdi.

Sokurov bu ilin yanvarında Kinematoqrafiyanın İnkişafı Şurasının tərkibindən də çıxarılmışdı. Onunla birlikdə rejissor Valeri Todorovski, prezidentin mədəniyyət məsələləri üzrə keçmiş müşaviri Vladimir Tolstoy və digər şəxslər də qurumu tərk etmişdilər.

Kinorejissor həmin vaxt qərarını zəruri rotasiya ilə izah etmiş və Şuranın fəaliyyətində heç vaxt iştirak etmədiyini bildirmişdi.

Sokurovun hakimiyyətlə fikir ayrılıqları

Aleksandr Sokurov Rusiya hakimiyyətinin bəzi siyasətlərini açıq şəkildə tənqid etməsi ilə tanınır.

O, Rusiya Konstitusiyasına ordunun qonşu dövlətlərə qarşı istifadəsinin yolverilməzliyini nəzərdə tutan müddəanın daxil edilməsini təklif etmişdi. Həmçinin Rusiya ilə artıq bir dövlətin tərkibində yaşamaq istəməyən xalqların azad buraxılmasının mümkünlüyünü müdafiə etmişdi.

Rejissor icazəsiz ictimai aksiyalarda və mitinqlərdə iştirak edən yeniyetmələrin və qadınların saxlanılmasına da qarşı çıxmışdı.

Qeyd edək ki, Aleksandr Sokurov “Molox”, “Buğa”, “Günəş”, “Faust” və “Rus gəmisi” kimi filmlərin müəllifidir. 2011-ci ildə çəkdiyi “Faust” filmi Venesiya Beynəlxalq Film Festivalının baş mükafatı olan “Qızıl şir”ə layiq görülüb.

2017-ci ildə isə rejissor Eldar Ryazanov adına “Nika” mükafatının “Şərəf və ləyaqət” nominasiyası üzrə laureatı olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı