Çinin xüsusi xidmət orqanlarının əməkdaşları sosial şəbəkələrdə saxta profillərlə Almaniya Bundestaqının deputatlarını ələ almaqla məşğuldurlar.
Modern.az Suddeutsche Zeitung nəşrinə istinadən xəbər verir ki, Almaniya Konstitusiyasının qorunması üzrə qurum (BFF Almaniya əks kəşfiyyatı) deputatları bu barədə məlumatlandırıb.
Nəşrin məlumatına görə BFF parlament, nazirliklər və digər hakim dairələrə Çinin siyasi məsələlərdə daha aqressiv olmaları və bu kimi cəhdləri barədə məlumat verib.
Nəşrin nümunə kimi gətirdiyi məlumata görə 2016-cı ildə adı çəkilməyən deputatlardan biri LinkedIn sosial şəbəkəsi vasitəsi ilə “Ceyson Van” adlı bir nəfərlə tanış olur. Bu sosial şəbəkə daha çox iş əlaqələri yaradılması üçün istifadə olunduğundan və həmin şəxsin dostluğunda tanınmış alman siyasətçiləri və alimlərini görən millət vəkili danışıqları davam etdirir. Nəticədə çinli deputata 30 min avroya analitik işlə məşğul olmağı təklif edir. Parlament üzvü BFF-in “Ceyson Van”ın saxta profil arxasında gizlənən çinli bir kəşfiyyatçı olduğu məlumatını verənə kimi bu mövzuda danışıqları davam etdirib.
Başqa bir hadisədə BFF eyni profil üzərindən daha bir deputatın ofisinin bir qadın işçisi ilə əlaqə yaradılması faktını aşkarlayıb. Əks kəşfiyyatın məlumatına görə saxta profil arxasındakı kəşfiyyatçı hətta həmin qadını Çinə getməyə razı salmağa belə nail olub.
BFF-in məlumatına görə LinkedIn sosial şəbəkəsində ən azı 500 saxta profil mövcuddur. Alman siyasətçilərin Çinə səfəri zamanı alman əks kəşfiyyatı onlara mobil telefon, planşet kompüterlər üçün xüsusi çexollar verir. Bu çexollar siyasətçiləri dinlənmələrdən qoruyur.
Qeyd edək ki, Almaniyadakı Çin səfirliyindən hadisə ilə bağlı bütün ittihamların əsassız olduğu haqda məlumat verilib.
Əvəz ZEYNALOV