Müəllimlərin əməkhaqqının artırılmasında yalnız sertifikatlaşdırma imtahanının nəticələri deyil, onların fərdi nailiyyətləri, tədqiqatları, layihələri və şagirdlərinin uğurları da nəzərə alınmalıdır.
Modern.az xəbər verir ki, bunu təhsil tədqiqatçısı Elmin Nuri “AzEdu” podkastında bildirib.
Onun fikrincə, sertifikatlaşdırmanın könüllü saxlanılması və əməkhaqqı artımı üçün alternativ qiymətləndirmə imkanlarının yaradılması nəzərdən keçirilə bilər:
“Sertifikatlaşdırma könüllü olaraq yerində qalır. İstəyən şəxs maaş artımı üçün imtahanda iştirak edir. Digər müəllim isə tədqiqatları, layihələri, özünün və yetirmələrinin uğur göstəriciləri ilə müraciət edir”.
Elmin Nuri vurğulayıb ki, bu yanaşma onun şəxsi mövqeyidir və məsələ ilə bağlı qərarlar aidiyyəti dövlət qurumları tərəfindən verilir.
Təhsil tədqiqatçısının sözlərinə görə, sertifikatlaşdırmadan yüksək bal toplayan müəllimlər arasında da prosesdən narazı qalanlar var. O, bunu müəllimlərin imtahanlara münasibətdə yaşadığı psixoloji yorğunluqla əlaqələndirib.
Elmin Nuri qeyd edib ki, bəzi gənc müəllimlər məktəbdə müasir tədris üsullarını tətbiq etmək istəsələr də, sənədləşmə işləri və ənənəvi yanaşmalar onların imkanlarını məhdudlaşdırır. Onun qənaətincə, belə şəraitdə sertifikatlaşdırma da əlavə yük kimi qəbul oluna bilir.
O, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində elmi məqalələrin, iştirak etdikləri layihələrin və praktik nailiyyətlərin rolunun artırılmasını məqsədəuyğun sayıb.
“Fizika müəlliminin qazandığı bir patent onun sertifikatlaşdırmada toplayacağı maksimal baldan daha real göstərici ola bilər”, – deyə Elmin Nuri fikrini ifadə edib.
Təhsil tədqiqatçısı müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin vacibliyini vurğulayıb, bunun yalnız test nəticələri ilə məhdudlaşmamalı olduğunu bildirib.