Modern.az

“Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir” - İlham Əliyev

“Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir” - İlham Əliyev

Aktual

9 İyul 2018, 21:58

"Aprel ayında keçirilmiş prezident seçkiləri onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilər şəffaf, ədalətli şəkildə keçirildi. Azərbaycan bütün dünyaya bir daha göstərdi ki, müasir, demokratik ölkədir, bu ölkədə bütün azadlıqlar təmin olunur. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi tərəqqi və inkişaf yolu ilə, inamla irəliyə aparaq”.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.

 

Prezident qeyd edib ki, seçkilərdən əvvəl keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş “exit-poll”lar rəsmi nəticələrlə üst-üstə düşür: “Bu, bir daha onu göstərir ki, seçkilərdə Azərbaycan xalqının iradəsi tam öz əksini tapmışdır. Seçkilərə kölgə salmaq istəyənlər növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi. Bunun bariz nümunəsi odur ki, seçkilərdən sonra keçirilmiş “etiraz” mitinqinə min nəfərdən çox adam yığa bilməmişlər. Bu, onların növbəti iflasıdır, bir daha onu göstərir ki, xalq bizim siyasətimizə alternativ siyasət görmür, onu qəbul etmir və bundan sonra da xalq bizim siyasətimizi dəstəkləyəcək. Bizim siyasətimiz isə xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir”.

 

Ölkənin xarici siyasətinin uğurlarından danışan dövlət başçısı qeyd edib ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülüb: “Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilib. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri var. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olub. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənib.

 

Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər var. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”.

 

Prezident qeyd edib ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxıb: “Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlayıb. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək”.

 

İlham Əliyev vurğulayıb ki, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilib: “Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı