Modern.az

“İki sahil” - müstəqil Azərbaycanın həmyaşıdı

“İki sahil” - müstəqil Azərbaycanın həmyaşıdı

10 İyul 2018, 18:13

1991- ci ildən oxucuları ilə  təmasda olmaq üçün «yola çıxan»  «İki sahil» qəzeti artıq 27 ildir ki,  milli mətbuatımızın əqidəsinə sadiq üzvü kimi  öz sözünü deyir. Dünyada, ölkəmizdə baş verən hadisələrə « bələdçilik» edərək oxucularını məlumatlandırır. Ulu öndər Heydər Əliyevin «Jurnalist əməyi qeyri-adi əməkdir, böyük zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə  vurğunluq tələb edən əməkdir» sözünu, jurnalist adını peşəkarlığı ilə doğruldan bu qəzetin əməkdaşları demokratik inkişaf yolu ilə irəliləyən ölkəmizdə mövcud olan çoxsaylı mətbuat ailəsinin üzvü kimi mövqeyinə sadiqliyi obyektivliyi, reallığı əks etdirən maraqlı  yazıları ilə diqqəti cəlb edir.

 

Ötən əsrin sonlarında, ölkəmizdə baş verən hadisələrin gərgin dövründə sözün qüdrətinə  güvənən «İki sahil» «gənc» olsa da cəsarətli yazıları, hadisələri dəyərləndirmə bacarığı, dövlətçilik maraqlarının qorunması baxımından  çoxillik təcrübəyə malik qəzetlərlə çiyin-çiyinə addımlayaraq əldən-ələ gəzdi.

İnsanlarla dil tapmaq, mehriban, isti münasibət qurmaq fərdi  çalışmaq bacarığına yiyələnən kollektivin səyi ilə az müddətdə  oxucuların soraqladığı qəzet kimi tanınan «İki sahil»ə layiq olduğu dəyəri  « Mən hesab edirəm ki, «İki sahil» qəzeti çox iş görmüşdür… O vaxt bu qəzet çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı  götürmürəm. Ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu yüksək qiymətləndirirəm» sözləri ilə bildirən ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi, “İki sahil”çilərin əməyinin bəhrəsi olan bu qəzet də gündəlik müraciət olunan mətbu orqanları arasında idi. Adı ilə belə diqqəti cəlb edən, oxunaqlı yazıları ilə oxucuların qəlbinə yol tapan qəzet nəşrə başladığı gündən  ehtiyac duyulan mətbu orqanlarından olmuş, bu gün də bu maraq davam etməkdədir.

Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiqləyə,  işinə bağlı, məsuliyyətli kollektivin gücü ilə bütün çətinlikləri aradan qaldıran  qəzetin rəhbərliyi, yaradıcı və texniki heyəti haqqında deyilən xoş sözlər 27 ildə çəkilən zəhmətə verilən qiymətdir. Azərbaycanın inkişaf strategiyasının tətbiqi ilə əldə olunan nailiyyətləri, enerji bazarında qazanılan uğurları işıqlandırmaqla dövlət siyasətinin təbliği istiqamətində böyük rolu olan bu qəzetdə çalışanlar Azərbaycan dövlətçiliyinə daim sadiq olan yaradıcı, sağlam fikirli ziyalılardır.

Mətbuat üçün  27 il böyük zaman kəsiyidir. «İki sahil» öz mövqeyinə  sadiqliyi ilə seçilən, dövlətçilik prinsiplərinə sadiq qalan gündəlik qəzetdir . Qəzetin müəyyənləşdirdiyi  kursa sadiqliyində əməyi olan qəzetin Baş redaktoru, prinsipiallığı ilə fərqlənən Əməkdar jurnalist Vüqar Rəhimzadənin xidmətlərini, qəzetdə dərc olunan cəsarətli yazıları dövlətçiliyə sədaqət kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin «İki sahil» qəzeti də bizim çoxdankı  qəzetlərimizdəndir. Yenə də o dövrdə, biz Naxçıvanda blokada şəraitində yaşadığımız dövrdə bu qəzetin indiki redaktoru… Vüqar Rəhimzadə tez-tez Naxçıvana gələrdi və hələ partiya yaranandan xeyli əvvəl Naxçıvanın işləri haqqında materiallarımızı dərc edərdi. İndi o bizim Yeni Azərbaycan Partiyasının qəzetidir. Çox inkişaf edib, böyüyüb, genişlənib və guman edirəm ki,  bu yolla gedərsə, daha da güclü qəzet olacaqdır» tövsiyəsini sonrakı fəaliyyəti ilə doğruldan «İki sahil» bu gün həqiqi mənada 700 mindən artıq üzvü olan YAP-ın ideyalarını təbliğ edən mətbu orqanıdır.

 İllərin sınağında daha da təkmilləşən,  püxtələşən “İki sahil” bu gün də dövlətçilik mənafeyi baxımından öz sözünü, mövqeyni  qoruyan qəzetdir.

…Zirvəyə çıxmaq asandır. Əsas odur ki, qət etdiyin bu zirvədə  qalasan. 27 ili arxada qoyaraq bu ucalığa sahib olan «İki sahil»  yenə də oxucuların daim maraq göstərdiyi qəzetlərdəndir.

Deyirlər, jurnalist peşəsinin çətinliyini bu peşəni həyat yolu seçənlər anlayarlar. Qəzet bolluğunun hiss olunduğu, mətbuat dəryasında üzən gəmilər və qayıqlar  arasında düzgün yolla irəliləyən, oxucu rəğbəti qazanan “İki sahil” qəzetinin kollektivi 27 yaşını əldə etdiyi uğurları ilə qeyd edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı