Modern.az

Siyavuş Aslanın OĞLU: “Bir ata kimi daim mənimlə nəfəs alırdı”  

Siyavuş Aslanın OĞLU: “Bir ata kimi daim mənimlə nəfəs alırdı”   

Aktual

5 Sentyabr 2018, 16:46

Bu gün Azərbaycanın Xalq artisti, məşhur aktyor Siyavuş Aslanın anadan olmasının 85-ci ildönümüdür. 

Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Siyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb.

Modern.az saytı sənətkarın doğum günündə oğlunun təəssüratlarını öyrənib. Siyavuş Aslanın oğlu Eldar Aslan saytımıza açıqlamasında deyib ki, atası tarixdə izini qoymuş şəxsiyyət olub.

“Ona  həyatda ən böyük uğuru qazandıran  xalqın sevgisi idi. Son 100 ildə teatr tarixinə düşən böyük şəxsiyyətlərdən biri atam olub. Azərbaycan mədəniyyətində və tarixində öz imzasını və izini qoymuş şəxs idi. Fəxr edirəm ki, onun övladıyam”.


Eldar Aslan atasından danışarkən onun sayəsində bir çox məşhurları yaxından tanıdığını bildirib.

“Bir ata kimi daim mənimlə nəfəs alıb. Bunu davranışlarından oxumaq olurdu. Üzərimdə sonsuz zəhmətləri olub. Biz onunla daim birgə olmuşuq. Təkcə ata-oğul deyil, həm də dost kimi fikirlərimizi bölüşmüşük. Atam həmişə məni tamaşalara, qastrollara gedəndə yanında aparardı. Onun sayəsində saysız-hesabsız böyük sənətkarlarımızı, bəstəkarlarımızı, incəsənət xadimlərimizi gördüm. Onlarla yaxından ünsiyyət qura bildim”.

Qeyd edək ki, Siyavuş Aslan aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.

Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.

O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf", "Şöhrət" ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülüb.

Sənətkar 2013-cü ilin 27 iyulunda  dünyasını dəyişib.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı