Modern.az

Xələf Xələfov Ruminiyada səfərdə olub

Xələf Xələfov Ruminiyada səfərdə olub

Aktual

5 Sentyabr 2018, 17:45

Cari ilin 3-5 sentyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada rəsmi səfərdə olub.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlığın həyata keçirilməsi üzrə müavini Ana Birçal, xarici işlər naziri Teodor Meleşkanu ilə görüşlər keçirilmiş və nazir müavini Danuts Sebastian Nekulaesku ilə Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Görüşlər zamanı iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə və əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə söhbət edilmiş, ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də aktiv və səmərəli səkildə əməkdaşlıq etdiyi bildirilib.

Rumıniyanın Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu qeyd olunmuş, keçən dövr ərzində münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə çatmasının hər iki ölkənin bu istiqamətdə əzmli və səmərəli fəaliyyətinin nəticəsi olduğu qeyd edilib. Aİ-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində Strateji Tərəfdaş kimi Rumıniyanın rolunun mühüm olduğu vurğulanmışdır. 2019-cu ilin ilk yarısında Rumıniyanın Aİ Şurasında sədrliyinin Aİ-Azərbaycan əlaqələrinin dərinləşməsi və möhkəmlənməsi nöqteyi nəzərindən faydalı olacağı ifadə olunub.

Hər iki ölkənin müstəqilliyinin 100 illik yubileyi, diplomatik əlaqələrin 25 iliyi,  Strateji Tərəfdaşlıq münasibətlərinin 10 iliyi barədə söhbət edilmiş, ölkələr arasında əldə edilmiş uğurlarının davamlı olacağı vurğulanıb.

Görüşlər zamanı iqtisadi əlaqələr müzakirə edilmiş, qeyri-neft  sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, humanitar və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi bildirilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll olunmasının Rumıniya tərəfindən həmişə dəstəklənəcəyi vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinə görə Rumıniya tərəfinə minnətdarlıq bildirib.

Görüşlər çərçivəsində siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulamış, XİN-lərin idarələri arasında görüşlərin keçirilməsi, bu istiqamətdə Strategiya Planının üzərində çalışıldığı qeyd edilib. Rumıniyanın Baş naziri Viorika Dançilanın Azərbaycana səfərinin qısa müddət ərzində həyata keçirilməsinin nəzərdə tutulduğu bildirib.

Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilmiş, Qara Dəniz-Xəzər Dənizi Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi və Rumıniyanın TAROM şirkəti tərəfindən Buxarest-Bakı istiqamətində uçuşların həyata keçirilməsi məsələləri də müzakirə edilib.

Görüşlərdə həmçinin, regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılıb.

Rəsmi səfər çərçivəsində Buxarest şəhərində yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı