Modern.az

Mərkəzi Bank sabit inkişafın və dayanıqlığın təminatıdır

Mərkəzi Bank sabit inkişafın və dayanıqlığın təminatıdır

Aktual

30 Dekabr 2011, 12:11


İqtisadi sahədə dinamik inkişafa nail olan Azərbaycan hətt son illərin qlobal maliyyə böhranı dövründə belə, bunu davam etdirir. Artıq neçənci ildir aparıcı ölkələrdə ipoteka defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların azalması, işsizlik səviyyəsinin yüksəlməsi, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilir, neftin qiyməti aşağı düşür. Belə bir şəraitdə bəzi iqtisadçılar böhranın Azərbaycana da ciddi təsir göstərəcəyini bildirirdilər. Amma qlobal böhran respublikamızdakı dinamik inkişaf tempinin sürətini, sadəcə bir qədər azaltdı və bu da təbiidir. İqtisadi göstəricilər deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultdu, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən biri oldu. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanıldı, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxdı. Əsas nəticə budur ki, qlobal böhran şəraitində bir çox ölkələr üçün tamamilə əlçatmaz görünən iqtisadi inkişaf sürətinə nail olundu.Azərbaycanın iqtisadi artımı qlobal böhrana baxmayaraq, yalnız 2009-cu ildə deyil, 2010-cu ildə də davam etdi. Ümumi daxili məhsulun həcmi 2009-cu ildə 9,3 faiz artaraq 34578.7 milyon manat, 2010-cu ildə isə 5 faiz artaraq 41574.7 milyon manata çatdı. 2011-ci ilin  9 ayında isə ÜDM real ifadədə 0,5 faiz artdı.  O cümlədən qeyri-neft sektorunda artım  8,2 faiz təşkil etdi.

Mərkəzi Bankın effektiv tənzımləmə siyasəti

Bank sektorunun vəziyyətinə gəlincə, Mərkəzi Bank fəaliyyətini inflyasiyanın məqbul səviyyədə saxlanılmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəltdi. Bu hədəflərə nail olmaq üçün Mərkəzi Bank pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşməsini, ölkədə makroiqtisadi sabitliyə təsir edən amilləri nəzarətdə saxlayaraq adekvat siyasət və tənzimləmə həyata keçirdi. Pul siyasəti alətlərinin makroiqtisadi effektivliyini artırmaq üçün banklararası pul bazarında aktivliyin təşviqi davam etdirildi. Pul siyasətinin institusional bazasının inkişafı diqqətdə saxlandı. Müxtəlif iqtisadi şokların dinamik tədqiqi məqsədilə yerli xüsusiyyətlər, habelə postböhran dövrünün metodoloji çağırışları nəzərə alınmaqla ümumi tarazlıq modelinin nəzəri bazasında yeni makroiqtisadi model hazırlandı. Bu model Mərkəzi Banka pul siyasətinin müxtəlif rejimlərində simulyasiyalar aparmağa və daha keyfiyyətli proqnozlaşdırmaya imkan verdi. 

Yuxarıda qeyd etdiyimiz kimi Mərkəzi Bank fəaliyyətininin əsas istiqamətlərindən biri inflyasiyanın məqbul səviyyədə saxlanılmasıdır. 2011-ci ilin 9 ayı ərzində inflyasiya əsasən xarici amillərdən, xüsusən də xarici ticarətdə partnyor olan ölkələrdə inflyasiya proseslərinin sürətlənməsindən qaynaqlandı. Ümumiyyətlə, dünya bazarında ərzaq məhsullarının bahalaşması, ölkənin valyuta gəlirlərinin çoxalması, dövlət tələbinin yüksəlməsi ilə bağlı pul kütləsinin artım mənbələrinin genişlənməsi və qeyri-neft sektorunda artımın sürətlənməsi gözləntiləri inflyasiya amillərinə nəzarətin gücləndirilməsi və onların preventiv rejimdə tənzimlənməsini yenidən aktuallaşdırdı. Bu şəraitdə inflyasiyaya təsir edən amillərin çevik idarə olunması mühüm vəzifə olaraq önə çıxdı. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank 6 may 2011-ci il tarixindən etibarən uçot dərəcəsinin 5 faizdən 5.25 faizə qaldırılması barədə qərar qəbul etdi.
İqtisadçı Azər Mehtiyev bildirir ki, uçod dərəcəsinin artırılması adətən müşahidə edilən qiymət artımlarına qarşı Mərkəzi Bankın istifadə edəcəyi alət kimi nəzərdə tutulur. Onu adətən inflyasya ilə mübarizə aparmaq üçün artırırlar, iqtisadi artımı stimullaşdırmaq məqsədilə azaldırlar.

Bundan başqa, pul kütləsinin artım templərinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin 29 noyabr tarixli qərarı ilə bankların manatda olan öhdəlikləri üzrə məcburi ehtiyat norması 2 faizdən 3 faizədək yüksəldildi. Bu, valyuta ehtiyatlarının davamlı artması və bank sisteminin yüksək likvidliyi şəraitində pul kütləsinin həcminin makroiqtisadi və maliyyə sabitliyinə adekvat olan səviyyədə idarə olunması baxımından çox önəmli idi. Bu addımlar maliyyə bazarlarında müvafiq şəraiti təmin etməklə Mərkəzi Bankın izafi pul kütləsini sterilizasiya etmək imkanlarının artırılmasına yönəldi.

Müəyyən edilmiş pul siyasəti istiqamətinə uyğun olaraq sterilizasiya  əməliyyatlarının aktivləşdirilməsi çərçivəsində isə 2011-ci ilin ilk 9 ayı ərzində 987 mln. manat məbləğində not emissiya olundu. 2011-ci ilin 9 ayında pul təklifi də iqtisadiyyatın tələbinə adekvat surətdə dəyişdi və eyni zamanda mövsümi amillərdən təsirləndi. Dövr  ərzində geniş pul kütləsi (M3) ilin əvvəlinə nəzərən 20 faiz artaraq 12652.2 milyon manata çatdı, manatla geniş pul kütləsi (M2) isə 16 faiz artaraq 9630.3 milyon manat təşkil etdi.

Qeyd edək ki, Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasında mühüm rol oynadı. 2011-ci ilin sentyabr ayında qiymətlər ilin əvvəlinə nəzərən artımı cəmi 3,5 faiz təşkil etdi. Orta illik inflyasiya isə 8,4 faiz təşkil etdi. Orta illik qiymət artımının təqribən 3/4-ü  ərzaq qiymətləri hesabına baş verdi. 2011-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 3.4 faiz bahalaşdı. Partnyor ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə 1.5 faiz bəndi azaldıcı təsir göstərdi.

Manatın məzənnəsinin stabilliyi qorunub

Hazırda ölkənin tədiyə balansının profisiti və valyuta ehtiyatları davamlı sürətdə böyüyür. Pul kütləsinin potensial artım mənbələri də genişlənib. 2011-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ixrac 26 faiz, idxal 51 faiz artıb və xarici ticarət balansının profisiti 12.9 mlrd. dollar olub. İxracdan əlavə nəzərdə tutulan dövr ərzində ölkəyə xarici valyuta daxilolmaları həm də pul baratları və xarici investisiyalar hesabına artıb. Belə ki, 2011-ci ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan pul baratlarının həcmi 38 faiz artaraq 1321 mln.dollar təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 25.6 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 42 faiz artaraq 39,7 mlrd.dolları ötüb ki, bu da  təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. Tədiyə balansının profisiti şəraitində isə Mərkəzi Bank valyuta bazarında sterilizasiya əməliyyatları həyata keçirərək manatın məzənnəsinin sabitliyini qoruyub. Pul kütləsi iqtisadiyyatın pula tələbinə adekvat səviyyədə tənzimlənib.
Mərkəzi Bank özünün məzənnə siyasətini yeni əməliyyat mexanizmi çərçivəsində və valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirməyi davam etdirib. Belə ki, cari ilin əvvəlindən bəri Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməyə başlayıb. Xatırladaq ki, 2008-ci ilin mart ayından 2011-ci il yanvarın 10-dək Mərkəzi Bank məzənnə siyasətini avro və dolların daxil olduğu bivalyuta səbətinin dəyərinin hədəflənməsi vasitəsilə həyata keçirib. Ötən müddət ərzində bu mexanizm qlobal valyuta bazarındakı prosesləri yerli məzənnələrə sirayət etdirməklə manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını artırıb. Lakin son vaxtlar aparıcı valyutaların məzənnələrindəki dəyişkənliyin daha da kəskinləşməsi, inkişaf etməkdə olan ölkələr tərəfindən milli valyutaların devalvasiyası və maliyyə sabitliyi hədəfin prioritetliyi ilə səciyyələnən yeni şərait məzənnə siyasətinin taktikasına dəyişiklik etmək zərurəti yaratdı. Belə ki, sözügüdən müddət ərzində manatın iki əsas xarici valyutaya qarşı məzənnəsinin müəyyənləşdirilməsinə onların səbətdə olması da təsir edib. Səbət prinsipindən imtina isə dolların manata qarşı məzənnəsinin birbaşa və demək olar ki, sərbəst və şərtsiz müəyyən edilməsinə imkan verdi. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı, bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırıb. Mərkəzi Bank məzənnə siyasətini valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində  həyata keçirib. Bir sözlə, ölkənin tədiyə balansında iri həcmli profisit şəraitində manatın məzənnəsinin möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi Bank tərəfindən 497 mln.dollar həcmində valyuta sterilizasiyası həyata keçirib. Nəticədə hesabat dövründə manatın ABŞ dollarına qarşı məzənnəsi mülayim templə -cəmi 1.4 faiz möhkəmlənib. 2010-cu ildə isə Mərkəzi Bank valyuta bazarında 1 mlrd. dollardan çox həcmdə xarici valyuta alışı həyata keçirdi. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0.4 faiz möhkəmlənib.

Beləliklə, pul kütləsi optimal səviyyədə tənzimlənib, manatın məzənnəsinin sabitliyi qorunub. Nəticədə əsas hədəf olan inflyasiya təkrəqəmli səviyyədə qalıb.  

Manatın məzənnəsinin sabit saxlanması həm də inflyasiyanın kəskin artmasının qarşısını almaqda önəmli rol oynadı. Mərkəzi Bankın sədr müavini Aftandil Babayevin sözlərinə görə, tədiyyə balansının yüksək profisitliyi şəraitində valyuta bazarında dolların təklifi əhəmiyyətli dərəcədə artıb: «Biz də pul siyasətində qoyulan hədəflərə uyğun olaraq inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq üçün çevik məzənnə siyasəti aparırıq. Bundan başqa, dünya bazarında gedən proseslərin də dolların məzənnəsinə təsiri var. Nəticədə manatın dollar qarşısında möhkəmlənməsi təbiidir. Vəziyyətə nəzarət imkanlarımız kifayət qədərdir. Həm makroiqtisadi sabitliyi, həm də digər amilləri nəzərə alaraq proseslərə təsir etmək imkanlarımız var».

Həyata keçirilmiş tədbirlər ölkədə pul kütləsi optimal səviyyədə  tənzimlənib, manatın məzənnəsinin sabitliyi qorunub. Nəticədə əsas hədəf olan inflyasiya təkrəqəmli səviyyədə qalıb.  Maliyyə sabitliyinin qorunması iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməsinin qarşısını aldı. Təsadüfi deyildir ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın uğurları sırasında bu məqamı xüsusi vurğulayır: "Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur".

Bank sistemin əsas göstəricilərinin dinamikası

Məlumdur ki, qeyri-neft sektorunun inkişafında bankların oynadığı rol əvəzsizdir. Qlobal maliyyə bazarlarında canlanma bank sektorunun daxili mənbələrlə yanaşı xarici maliyyələşmə mənbələrinə çıxışını bərpa edib. Mərkəzi Bank özünün makroprudensial çərçivəsini təkmilləşdirib. O bankların idarəetmə potensialı və risk menecment sistemlərinin gücləndirilməsi, maliyyə ehtiyatlanması səviyyəsinin artırılması, aktivlərin sağlamlaşdırılması tədbirlərinin davam etdirilməsi, kapitalizasiya proqramlarının qəbul edilməsi və həyata keçirilməsi, lkvidliyin idarə edilməsinin yeni çərçivəsinin qəbul edilməsi, yeni normativlərin tətbiqi istiqamətində tədbirlər həyata keçirib. Bu tədbirlər nəticəsində Azərbaycan bank sistemi maliyyə dayanıqlığını qoruyub. Bank aktivlərinin keyfiyyət göstəriciləri dayanıqlı hədlərdə qorunaraq  stabilləşib, sistemin optimal gəlirliyini qoruyub və investisiya cəlbediciliyini saxlayıb. Hazırda ümumi likvidlik səviyyəsi yüksəkdir.
indi bu sahə potensial risklərin örtülməsi və aktivliyin dəstəklənməsi üçün zəruri kapital səviyyəsinə malikdir. Onun regional  şəbəkəsi və regionlarda iqtisadi subyektlərin bank xidmətlərinə çıxış imkanları genişlənib.
Bu gün Azərbaycanda 158 maliyyə təşkilatı fəaliyyət göstərir ki, onların da 44-ü bank, 114-ü isə bank olmayan kredit təşkilatıdır. 114 bank olmayan kredit təşkilatından 89-u kredit ittifaqları, 24-ü beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatı və 1 digər bank olmayan kredit təşkilatından ibarətdir. Əlavə olaraq buraya “Azərpoçt” dövlət müəssisəsini də daxil etmək lazımdır. Belə ki, bu təşkilat kredit və depozitlər istisna olmaqla, digər bank xidmətlərinin göstərilməsi üçün Mərkəzi Bankdan lisenziya alıb. 2011-ci ilin  9 ayının sonuna bank sektorunun aktivləri 13567,6 mln.manata çatıb ki, bunun da 68 faizini kreditlər təşkil edib. Bank sisteminin məcmu kapitalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz (175 mln. manat) artaraq 2052 mln. manata çatıb. Hesabat dövründə kredit qoyuluşları üzrə 5.1 faizlik artım qeydə alınıb. İqtisadi aktivliyin davam etməsi borcalanların maliyyə durumunun yaxşılaşmasına təkan verib və bank kreditlərinə tələbin artmasını şərtləndirib. Bu şəraitdə bankların kredit vermək meyli (təklif) də artıb. Bununla belə, kredit anderraytinqi və risk-menecment sistemlərinin təkmilləşdirilməsi, kredit riskinin yenidən qiymətləndirilməsi banklar tərəfindən kredit bazarında daha təmkinli davranışa səbəb olub. Uzunmüddətli kreditlərin kredit portfelində xüsusi çəkisi hesabat dövrünün sonuna 68,6 faiz olmaqla 6 462,9 mln. manat təşkil edib. Qısamüddətli kreditlər 9 ay ərzində 22 faiz artaraq təxminən  2963,8 mln. manat təşkil edib. Kredit qoyuluşlarının 581,1 milyon manatı (6,4%) vaxtı keçmiş kreditlərin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan kreditlərin ümumi portfeldə xüsusi çəkisi dəyişməyib və 1 oktyabr 2011-ci il tarixinə 62faiz təşkil edib. Hesabat dövrünün sonuna  əsas kredit istehlakçıları olan ticarət  və xidmət sektorunun cəmi portfeldə payı artaraq 30.5 faizə çatıb. Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlər isə ümumi portfelin 3,2 faizini təşkil etib.

Bank sektorunun əsas problemləri

Əgər Azərbaycanın bank sektorunda olan problemləri ümumiləşdirsək, aşağıdakıları sıralamaq doğru olardı. İlk növbədə bankların kapitallaşmasını qeyd etmək lazımdır. Son illər bankların nizamnamə kapitallarının və aktivlərinin artımını qeyd edilsə də, bankların kapitallaşma səviyyəsi hələ arzuolunan deyil. Azərbaycanda bank aktivlərinin ÜDM-də payı nəinki inkişaf etməkdə olan ölkələr, eyni zamanda Şərqi Avropa ölkələrində olduğundan təxminən 2 dəfə azdır. Digər bir məsələ problemli kreditlərin çəkisinin artmasıdır. Bu, gəlirlərinin əksəriyyətini faiz gəlirləri hesabına təmin edən bank sektoru üçün ciddi təhlükə yaradır. Kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasını da problemlər sırasında qeyd etmək düzgün olardı. Ölkənin ən iri 20 bankının aktivləri və kredit portfeli ümumi bank aktivlərinin və kredit portfelinin təqribən 90%-ni təşkil edir ki, bu da digər kiçik bankların iqtisadiyyatda çox aşağı rol oynamasından və belə bankların nə qədər zəif olmasından xəbər verir. Bank  mütəxəssislərinin peşəkarlığının artırılması da problemlər sırasındadır. Məsələn, bankların əksəriyyətində biznes kreditlərini almaq üçün biznes-planlar tələb olunmur. Biznes  kreditlərinin alınması üçün biznes-plan tələb edən banklarda isə bir çox hallarda kredit mütəxəssisləri bu biznes-planları araşdırıb nəticə çıxarmaq imkanında deyillər. Korporativ müştərilərlə işləməyə üstünlük verən banklarımızın, demək olar ki, heç biri böyük maliyyə yatırdıqları biznes sektorlarını təhlil edib öyrənmir və bunun üçün peşəkar araşdırma şirkətlərinə müraciət etmirlər.

Bank sektorunun böhran dayanıqlığı və perspektivlər

Bank sektorunda əldə olunan uğurlar hələlik kifayət deyil. Son zamanlar dünyadakı iqtisadi proseslərin ölkəmiz üçün potensial neqativ təsirlərini azaltmaq və bank sektorunun daha sürətlə inkişaf etdirilməsi üçün bir sıra addımların atılması zəruridir. Belə mürəkkəb vəziyyətdə hökumət son illər aparılan islahatları davam etdirməli və daha da dərinləşdirməlidir. Bu istiqamətdə görülməli işlər sırasında banklarda iflas təhlükəsi meydana çıxarkən dövlətin müdaxiləsi mexanizminin hüquqi bazasını yaratmaq, banklar üçün əlavə problemlər yaradan girov əmlakının özgəninkiləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi, dövlət fondundan banklara uzunmüddətli maliyyə vəsaitlərinin ayrılması mexanizmini yaratmaq kimi tədbirləri qeyd etmək olar.
İqtisadçı Azər Mehtiyev bildirir ki, Mərkəzi Bank ümumilikdə maliyyə və bank sektorunun güclənməsi üçün həlledici rola malikdir: “Bu mənada Mərkəzi Bankın son illərdə atdığı bir sıra uğurlu addımları qeyd etmək lazımdır. Lakin davamlı islahatların aparılması vacib məsələdir və hazırda bu prosesin daha da genişləndirilməsi zərurəti qalır. Bu baxımdan əhalinin bank savadlılığının artırılması -maarifləndirilməsi, banklarda korporativ idarəetmə sistemlərinin geniş tətbiqi və hesablaşmaların bank sektoru ilə aparılmasının timullaşdırılması kimi addımlar atılmalıdır. Habelə Mərkəzi Bank əhalinin kreditləşməsinin genişləndirilməsi məqsədi ilə bazardakı faiz dərəcələrinin aşağı salınması, bankların göstərdikləri xidmətlərin artırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsi istiqamətində fəaliyyətini genişləndirməklə bank sektorunun daha sürətli inkişafına təkan verə bilər”.
Məlumdur ki, islahatların aparılması davamlı bir prosesdir və Azərbaycan kimi dinamik inkşaf edən bir ölkədə islahatların sürəti daha yüksək olmalıdır. Belə addımlar sırasında risk prosedurlarının təkmilləşdirilməsi, mütəmadi stress testlərinin keçirilməsi, məhsul və xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, marketinq fəaliyyətinin gücləndirilməsi, işçi heyətinin peşə-karlıq səviyyəsinin artırılmasını göstərmək olar. İslahatların aparılması davamlı bir prosesdir və Azərbaycan kimi dinamik inkşaf edən bir ölkədə islahatların sürəti daha yüksək olmalıdır

Eyni zamanda, bu islahatların həyata keçirilməsində hökumət, Mərkəzi Bankla yanaşı, Milli Məclis, ictimai təşkilatlar, sahibkar assosiasiyaları kimi vətəndaş cəmiyyətinin digər üzvləri fəal iştirak etməlidirlər. Çünki bu, bir fəaliyyət olmaqla yanaşı, həm də cəmiyyət üzvlərinin vətəndaşlıq borcudur.

Əfqan Qafarlı

Yazı “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatındakı rolu” mövzusundakı məqalə müsabiqəsin

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı