Heybət Əmrah
Qəribədir, Fransada antidemokratik qanun qəbul eləmək olur, amma antidemokratik seçki keçirmək mümkün deyil. Belə olmasaydı, nə vardı ki. Bu qədər həngamə də qopmazdı. Sarkozi yenidən prezident olmaq istəyir. Amma neyləsin ki, seçki prosesinə əl qatmaq imkanları yoxdur. Fransanın erməni sevgisi də elə bu “problemdən” doğur. Qəribə siyasəti var bu fransızların. Birinin başına sığal çəkir, birinə “hərbə-zorba” gəlir, birinə də medal paylayır.
Yalnız 2011-ci il ərzində millət vəkili, ADU-nun rektoru Səməd Seyidov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, ikinci Dünya müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılov ilə yanaşı prezident İlham Əliyev Fransanın Fəxri Legion ordeni ilə təltif edilib. Bu il oktyabrın 7-də Fransa prezidenti Sarkozi Bakıda olarkən Fəxri Legion ordenini şəxsən Mehriban Əliyevaya təqdim etmişdi. Bu təqdimatdan öncə Bakıya məktub ünvanlamışdı: “Əziz Xanım,
Çox böyük məmnuniyyətlə Sizə bildirirəm ki, mən, Sizin, zabit rütbəsində "Şərəf Legionu" ordeni ilə təltif edilməniz haqqında sərəncam imzalamışam.
Öz şəxsi orden fondumdan Sizi təltif etməyi qərara aldığım bu məşhur mükafat ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə olan mükafatdır”
Sən demə, Sarkozinin “öz şəxsi orden fondu” varmış. Yəni, istəyəndə sandığı açıb, istədiyi adama orden verə bilərmiş. Bir də... “ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə” – görəsən hansı xidmətlərdən və sədaqətdən söhbət gedir?
Sentyabrın 15-də Parisdə terror qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konqresin açılışında iştirak edib.
Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən Konqresi Qiyyom dö Sen Mark açaraq iştirakçıları salamlayıb. Diqqətə çatdırılıb ki, Avropa Komissiyası, Fransanın Xarici və Avropa İşləri, Müdafiə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Paris meriyası ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır.
Bu il oktyabrın 7-də Bakıda ilk Fransız Liseyinin təməli qoyuldu. Təməlqoyma mərasimində prezident İlham Əliyev, Bakıda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etdi. “Sarkozi məktəbi” ARDNŞ-nin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilir.
Qeyd edək ki, Sarkozinin bölgəyə səfəri zamanı Ermənistanda qondarma soyqırım abidəsi ziyarət edilsə də, Azərbaycanda Şəhidlər Xiyabanı yada düşmədi.
Ötən il Azərbaycan-Fransa arasında ticarət dövriyyəsi 3 milyard dollardan yuxarı olub. Fransanın 40-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycanda məişət tullantıları zavodu Fransa şirkəti tərəfindən tikilir. Bakıda metronun konseptual inkişaf planında Fransa şirkətləri iştirak edirlər. Bizim birinci telekommunikasiya peykimizi orbitə Fransa şirkəti qaldıracaq. "Total" və "Gaz de France" şirkətləri Azərbaycanda yeni qaz yatağının aşkarlamasında mühüm rol oynayıb.
Fransa necə həmsədr oldu?
“Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadənin fikirlərinə həmişə hörmətlə yanaşmışam. Amma bu dəfə o məni xeyli təəccübləndirdi: “Biz Heydər Əliyevlə Fransaya getmək ərəfəsində idik. Minsk qrupunun həmsədrlik məsələsi həll olunurdu. Rusiya ilə Fransa bizi aldatdı. Burda Fransa həmsədr olmamalı idi. İki həmsədr olmalı idi: Rusiya və Amerika. Biz Amerikanın həmsədrliyinə razılıq vermişdik, onun özünün də razılığı var idi. Yeni ilə bir neçə saat qalmış, ilk olaraq mən bildim ki, Fransanı artıq həmsədr kimi keçiriblər. Onda mən gecə ilə Heydər Əliyevin evinə zəng etdim. Ona məsələni dedim. O da dərhal iş yerinə gəldi. Üç-dörd saat işlədik. Bütün ölkələrə Azərbaycanın Fransanın həmsədrliyinə razılıq vermədiyi ilə bağlı məktub göndərdik. Fransızların özlərinə də göndərdik ki, biz sizi istəmirik. ATƏT sədrinə də etirazımızı göndərdik ki, siz nə haqla bizim razılığımız olmadan Fransanı həmsədr seçirsiniz? Ondan sonra Amerikaya xəbərdarlıq etdik. Onlar da dedilər ki, “bizi də aldadıblar(?)”. Amma biz onlarla müharibə edə bilmərik ki, çünki onlar bizimlə müttəfiqdirlər. Ona görə biz nə qədər çalışdıq, çabaladıq, xeyri olmadı. Parisə gedəndə də Jak Şirakın özünə Heydər Əliyev şəxsən dedi ki, “istəmirik sizi. Ona görə istəmirik ki, sizin parlamentdə də, hökumətdə də bütün sturkturlarınız ermənilərlə doludur. Sizdən ədalətli həmsədr çıxmaz, siz onların tərəfini tutacaqsınız”. Jak Şirak isə bildirirdi ki, “yox, biz mütləq olmalıyıq”. Özü Parisdə qalaraq Heydər Əliyev məni Vyanaya göndərdi. Orda ATƏT-in sədri ilə görüşdüm. Çox sərt danışdım onunla, qışqıra-qışqıra danışdım. Onların bizə qarşı tutduqları ədalətsizliklərin hamısını bir-bir üzünə çırpdım. Uzun müddət həmsədr məsələsi belə qaldı. Ondan sonra təklif etdilər ki, gəlin kompromis variantı seçək. Dedilər ki, həmsədr üç olacaq, ABŞ da həmsədr olacaq. Bax, Fransa bu yolla həmsədr oldu. (”Şərq”).
Qəribədir, bunun nəyi kompromis oldu, Vəfa müəllim? Özünüz də deyirsiniz ki, İki həmsədr olmalı idi: Rusiya və Amerika. Əgər Fransa zorla həmsədr olmuşdusa, onun nümayəndəsini Azərbaycana buraxmamaq da olardı. Necə ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin ölkəmizə gəlməsinə icazə verilmədi.
Milli Məclis sədrinin müavini Bahar Muradovanın “Yeni Müsavat”ın müxbiri ilə söhbətindən məlum olur ki, sən demə, Azərbaycanın Fransadan imtinası asan məsələ deyilmiş: “Əlbəttə, onun proseduru var. Yadınızdadırsa, bir zamanlar Minsk Qrupuna daxil olan ölkələrin dəyişdirilməsi ilə bağlı məsələ möhkəm qalxmışdı. Azərbaycan tərəfi ATƏT-ə bu dəyişikliyin hansı qaydada ola biləcəyi barədə müvafiq sorğu göndərmişdi. Bu qrup yaranıb, amma ömründə öz konfransını keçirməyib. Həmçinin o qrupa daxil olan ölkələrin hesabat verməsi, onların dəyişdirilməsi prosesi ilə bağlı müəyyən qaranlıq məqamlar var idi. Hələ o zaman da konkret cavablar olmadı. Ona görə də bu, təkcə Türkiyə, ya Azərbaycanın istəməsi ilə bağlı məsələ deyil.”
Hörmətli Bahar xanım deyir ki, onun proseduru var. Sözlərindən aydın olur ki, Azərbaycanda heç kimin bu prosedurdan xəbəri yoxdur. Ola bilsin, ümumiyyətlə, belə bir prosedur olmasın. İndi məlum olur ki, niyə danışıqlar “limiti” heç vaxt tükənmir. Yəni həmsədr ölkələr danışıqları sonsuzluğa qədər uzatmaq imkanlarına malikdir.
Milli Məclisdə yaradılan deputat komissiyası müraciət hazırlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Milli Assambleyasında “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qərarı “kəskin şəkildə” pislədiyini bildirib. Nazirlik bunu Avropa məkanında “söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını” bəyan edib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Fransa Senatına göndərdiləcək müraciətdə açıq və birmənalı şəkildə qeyd edilməlidir ki, ya Senat Fransa Parlamentinin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməlidir: “Son günlər Azərbaycan cəmiyyətində yaşanan narahatçılıq göstərir ki, Fransa parlamentinin “erməni soyqırımını” inkara görə cəza qanunundan sonra bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk qrupunda həmsədr kimi ədalətli və obyektiv fəaliyyət göstərməsinə inam yoxdur. Azərbaycanda artıq elə bir insan yoxdur ki, Fransadan bu məsələdə ədalətli mövqe gözləsin”.
Mübariz Qurbanlı Modern.az saytına bildirib ki, müraciətdə Milli Məclisin sədri Oqtay Əsədov və deputatların təklifləri nəzərə alınıb:
“Ancaq müraciətdə Fransa Senatının bu sənədi təsdiqləyəcəyi təqdirdə ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılacağı ilə bağlı məsələ yer almayıb. Sadəcə qeyd edilib ki, Fransanın bu addımı ATƏT-in Minsk qrupunun həmsədri kimi onun tərəfsiz fəaliyyətini şübhə altına alır və ədalətli mövqedən çıxış etmədiyini göstərir.”
Deyəsən, bu dəfə barıtı çox az qoymuşuq. Görəsən Millli Məclisin bu “cadusu” Parisin başında çatlayacaq, yoxsa Sarkozinin? Sarkozi ermənilərin səsinə görə fransızları dünyada biabır etməkdən çəkinmədi. Amma deyəsən, Sarkoziyə ermənilərdən başqa səs verən də olmayacaq.
Avropada əbədi dostluq anlayışı yoxdur. Xatırlayırsınızsa, Liviyaya 42 il rəhbərlik etmiş Qəddafi bəyan etmişdi ki, Sarkozi məhz onun pulları ilə prezident olub. Amma Qəddafinin başına birinci bombanı salan da elə məhz Sarkozi oldu.