Modern.az

Siyasətdən çıxmaq

Siyasətdən çıxmaq

Aktual

6 Yanvar 2012, 12:52

(İçsəs)

Bəşərin ən böyük səhvlərindən biri ruhaniyyatı (insanlaşmanı) siyasətin əvəz etməsi olub.
Asif Ata

Bəşəri ölümə sürükləyən siyasət insan yaşamının ayrılmaz hissəsinə, müəyyənedicisinə, lap mahiyyətinə çevrilib. İndi İnsan yaşamında siyasətin burun soxmadığı, əl qatmadığı nəsə yoxdur!

***
Siyasətin hakim olduğu, yönəltdiyi dünyada insan əzilir, öldürülür, qan ağlayır. Bundan bir çıxış yolu var – “İnsanlaşmaq” adında.

***
İnsanlaşmağa isə çağdaşlarımız ya lağ edir, ələ salır, onun gərəksizliyini düşünürlər, ya da bu işin çox uzun, başagəlməz olduğunu söyləyirlər.

Halbuki İnsanlaşmaq hər kəsin əlindəykən, hər kəsə bu qədər yaxınkən!.. Əslində özünün insanlaşacağına inanmayan başqasının da insanlaşacağına bel bağlamır.

***

İnsanlaşmanın gəlişi siyasətin gedişini yaradacaq. Onların ikisi bir arada ola bilməz, çünki bir-birinə qarşıdırlar. Siyasətin bircə qənimi var – İnsanlaşma. İnsanlaşma gələrsə, siyasət gedər. Gəlməzsə – qalar.

***
Yer üzündə siyasətin imkanları hər ötən gün tükənir, bəşər ölümə yaxınlaşır. Gerçəklikdə hər şeyin sonu olduğu kimi siyasətin də bütünlüklə bitdiyi, tükəndiyi gün, an olacaq.

***
Bunun baş verdiyində bəşər nə etməlidir? O, nədən yapışıb yenidən yaşamağa və var olmağa ruhlanmalı, özündə təpər tapmalıdır? Onun ümid yeri kimi yapışacağı yalnız Ruhaniyyat – İnsanlaşma ola bilər.

***
Ruhsuzluqdan yavaş-yavaş ölən, tükənən bəşərin əslində durduğu yerdəcə ölmək imkanı daha böyükdür – dünyanın harasındasa tək bir nüvə düyməsinin basılması yetər!

Bəs dünya niyə dağılmır, bəşər niyə ölmür? Cavab birdir: yalnız olan-qalan İnsanlığın, gözardı edilən Ruhaniyyatın hesabına.

***
Siaysət İnsanı öldürməkdən həzz alanda İnsanlıq, Ruhaniyyat haray çəkir, varlığını ona göstərir, onu yerində oturtmağa özündə güc tapır. De gəl ki, siyasəti biryolluq yox edə bilmir. Bunun üçün İnsanlaşma Yer üzündə əqidəyə çevrilməlidir!

***

İndiki gəlişmiş bəşəriyyət – yenilmiş bəşəriyyətdir.
Gəlişən nədir, yenilən nədir?

Gəlişən – siyasət, adamlıq ehtirasları, elm, texnika, yenilən – İnsanlıq!

***
Bu gəlişmə İnsan üçün deyilsə, bəs kim üçün, nə üçündür?

Əgər İnsan üçündürsə, niyə İnsanı nəzərə almır, onu ölümə aparır?

İnsanlıq üçündürsə, niyə insanlıq yerində sayır, irəli getmir?

Demək, bəşərin yanlış olaraq tapındığı siyasət indi onu çıxılmaz duruma salıb. Yanlış yolun məntiqi sonluğu bunu göstərir, deyir.

***
Yer üzü olmazın gərginlik içərisindədir. Gərginlik hər an durmadan artır, yüksəlir. Bu gərginliyi hər bir dövlət, ulus, insan aydınca duyur, görür.  

***
Bəşəri çıxılmazlıqdan siyasətlə çıxarmaq olmaz. Əgər siyasət çıxış yolu olsaydı, insanlığı gətirib bu duruma salmazdı. Siyasətin istəyi çıxış yolu yaratmaq deyil, onun işi insanlığı çıxılmazlığa salmaqdır. Çıxış yolu – İnsanlaşmaqdır!

***
Siyasətin yaratdığı  barış – yalandır. Savaşları yaradan, başladan siyasət – heç vaxt barış yarada bilməz. Barışı yaradan – İnsanlıqdır.

***

Dünyanın, Həyatın başlanğıcını, yaranışını düşünmək nə qədər çətindirsə, sonunu da düşünmək, görmək eləcə çətindir.

***
Bəşər isə əslində həmişə Bugündə var olur. Ona görə bəşərin Bugününü doğru qurmaq gərəkdir!

Sabahı, gələcəyi qurmağa bugündən, lap elə bu andan başlamaq gərəkdir!

***
Bəşəri öldürən – siyasətdir.

Siyasətdən çıxmağın isə bir yolu var – İnsanlaşmaq!

Yolruh Atalı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı