“Futbolun azarkeşi olmasam da, dünyada ən populyar futbol yarışlarınından birinin UEFA Avropa Liqasının final mərhələsinin ölkəmizdə keçirilməsindən məmnunam. Əlbəttə ki, bir azərbaycanlı olaraq, idman və bu kimi digər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsi təşkilatçısı olması, həm də bunu ən yüksək səviyyədə həyata keçirməsi məni qürurlandırır. Çünki bunlar bir tarixdir, unudulmayacaq hadisə və anlardır. Ölkəmizin tanıdılması, fəxr və qürur yerimiz olan bayrağımızın bu tədbirlərdə dalğalanması, yüksəklərə qaldırılmasından gözəl nə ola bilər?!”
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva bildirib.
Onun sözlərinə görə, hamıya aydındır ki, dünyada etibarlı tərəfdaş, nüfuz və etimad sahibi olmadan belə populyar, nüfuzlu və bir o qədər də, məsuliyyət tələb edən tədbirlərə ev sahibliyi etmək mümkün deyil.
“Qərar verilib, tədbir olacaq, lakin, tədbir öncəsi verilən bəyənatlar, gündəmə gətirilən iddialar isə birmənalı deyil.İlk olaraq bu məni bir vətəndaş olaraq narahat edir.
Hamı bilir ki, hətta gecəni səhərə qədər gəzsəniz belə, sərxoş olmasanız, asayişi pozmasanız heç kim sizə dəyib -toxunmayacaq, əsasən də əcnəbilərə... Bu təhlükəsizliyin, təhlükəsiz şəhərin təməl daşı deyilmi? O ki, qala qarət və oğurluq hallarına rast gəlinməsinə? Bəlkə ümumiyyətlə Britaniyada oğurluq yoxdur? Bu ancaq şərq dünyasına aid "xüsusyyət"dir?
Qaldı ki, viza məsələsi, bu ümumiyyətlə absurddur, viza verilməsinin sadələşdirilməsi, elektronlaşdıırılmasına bir ildən çoxdur başlanılıb. ASAN vizani elə hava limanından çıxmadan da almaq mümkündür. Uçuş biletləri və otellərin qiymətlərində isə ümumilikdə Avropa ölkələri siyahıda öncüllərdən olsun gərək! Yarımlitrlik suyu Avropa ölkələrində turistlərin sıx olduğu küçələrdə 2-3 evrodan aşağı ala bilməzsiniz... fast foodlarda adambaşına ən ucuz yemək, 10-15 evrodan başlayır.
Təbii ki, məsələ məişət məsələlərindən kənara çıxmalıdır. Axı Bakıya “Arsenal”ın erməni oyunçusu gəlir. Bütün Azərbaycan mediasını araşdırsanız belə, hara yönümlü olmasından asılı olmayaraq, Azərbaycana gələn ermənilərlə bağlı hər hansı bir xoşagəlməz, ədalətsiz rəftarla bağlı informasiyaya rast gələ bilməzsiniz, hətta bundan məmnun olmasaq belə...”
Deputat qeyd edib ki, söhbət sabitlik, təhlükəsizlikdən, toxunulmazlıqdan gedirsə, biz bu imtahanları çoxdan vermişik.
“Heç bir halda bu kimi məsələlər bizə tutulacaq irad deyil. Bu qarayaxma, ikrah və təssüf doğuran bəyənatların verilmə səbəbi hamımıza bəllidir, amma mən daha çox ona təssüf edirəm ki, bütün cəmiyyətlərə xas olan xırda sosial-məişət məsələlərini siyasiləşdirməklə haqqımızda, Azərbaycan dövləti və cəmiyyəti haqqında xoş olmayan fikir yaratmağa çalışılır. Ən azından tarixən ən böyük siyasətçiləri ilə öyünən Böyük Britaniya siyasi dairələrinə əsassız, heç bir halda reallığa uyğun olmayan yanaşmalar sərgiləməsi yaraşmır.
Nə deyək, gəlin, görün və danışın. Əgər həqiqətinizin və ədalətinizin standartı yoxdursa...”