Modern.az

Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib

Teymur Musayev Baş nazirin müavini kimi ilk çıxışını edib

Aktual

Bu gün, 10:21

Azərbaycan 2030-cu ilədək günəş və külək enerjisi üzrə əlavə 6 giqavat istehsal gücü yaratmağı planlaşdırır.

Modern.az xəbər verir ki, bunu Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Teymur Musayev bildirib.

O, Türkiyənin COP31-ə sədrliyini yüksək qiymətləndirərək qardaş ölkənin dialoq, konsensus və qəbul edilən qərarların icrasına yönəlmiş fəaliyyətini xüsusi vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsinə nail olub. Həmin dövrdə qəbul edilən Bakı Maliyyə Hədəfi qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb.

Onun sözlərinə görə, Azərbaycanın iqlim gündəliyindəki fəaliyyəti COP29-dan sonra da davam edib. Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik həcminin 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb.

Bundan başqa, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə “1,5°C Missiyasına doğru Yol Xəritəsi”, Avstraliya, Braziliya və Türkiyə ilə isə “Belem 1,5°C Missiyası” həyata keçirilib.

Teymur Musayev Bakıda təşkil olunan 13-cü Ümumdünya Şəhərsalma Forumunun və 140-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi BMT-nin İqlim Həftəsinin də Azərbaycanın çoxtərəfli əməkdaşlığa və qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirdiyini bildirib.

Baş nazirin müavini Azərbaycanın milli iqlim hədəflərinə də toxunub. O qeyd edib ki, üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr çərçivəsində istixana qazı emissiyalarının 40 faiz azaldılması hədəfinin icra müddəti 15 il irəli çəkilərək 2035-ci ilə müəyyənləşdirilib.

Bildirilib ki, bu yaxınlarda təqdim olunan Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyası 2060-cı ilədək xalis sıfır emissiya səviyyəsinə çatmağı nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin şəffaflıq prinsiplərinə uyğun olaraq ikinci Şəffaflıq Hesabatını müəyyən edilmiş vaxtdan əvvəl təqdim etməyə hazırlaşır.

Teymur Musayev enerji keçidinin Azərbaycanın iqlim siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji üzrə quraşdırılmış istehsal gücü 2,17 giqavata çatıb. Bu, ümumi elektrik enerjisi istehsal gücünün 21,5 faizini təşkil edir.

Qeyd olunub ki, imzalanmış sazişlərə əsasən, 2030-cu ilədək əlavə 6 giqavat günəş və külək enerjisi gücünün yaradılması nəzərdə tutulur. Bununla yanaşı, metan emissiyalarının azaldılması, sənayedə enerji səmərəliliyinin artırılması, ekoloji təmiz nəqliyyatın inkişafı və tullantıların dayanıqlı idarə olunması istiqamətində tədbirlər davam etdirilir.

Baş nazirin müavini son dövrlərdə baş verən iqlim fəlakətlərinin insanların həyatına birbaşa təsir göstərdiyini xatırladaraq inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına və texnologiyalara çıxışının vacibliyini diqqətə çatdırıb.

O vurğulayıb ki, mövcud öhdəliklər yerinə yetirilmədən daha iddialı hədəflərə çağırış edilməsi çoxtərəfli iqlim prosesinə olan etimadı zəiflədə bilər. Buna görə də əsas prioritet Bakı Maliyyə Hədəfi başda olmaqla qəbul edilmiş qərarların tam həcmdə icrası olmalıdır.

Çıxışının sonunda Teymur Musayev Türkiyənin COP31-ə sədrliyinin götürülmüş öhdəliklərin real nəticələrə çevrilməsi üçün mühüm imkan yaratdığını bildirib. O, Azərbaycanın Bakı və Belem proseslərinin irsinə əsaslanaraq Türkiyə və digər tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduğunu bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!