
Gürcüstan mediasında yer alan məlumatlara görə, Türkiyədə Kür çayının məcrasını dəyişdirmək istəyirlər. Bu layihəyə görə, Kür çayının mənbəyinin qarşısı Gürcüstan-Türkiyə sərhədində kəsilməli, onun suyundan Ərdahan vilayətində hidroelektrik stansiyası üçün istifadə olunmalı, buradan keçən su Çorox çayına axıdılmalı, oradan da Xəzərə deyil, Qara dənizə yönəldilməlidir. Bəs əslində mediada yer alan bu layihənin gerçək konturları nədən ibarətdir?
Qeyd edək ki, Kür çayı - Zaqafqaziyanın ən böyük su arteriyasıdır. Bu çay regionun 30 faiz su ehtiyatını özündə cəmləşdirib. Kür Gürcüstan və Azərbaycan üçün xüsusilə vacib çaydır. Kür çayı Şərqi Gürcüstanın su ehtiyatının 86%-ni, Azərbaycanda isə 60%-ni təşkil edir.
Bu layihə gerçəkləşəcəyi təqdirdə Azərbaycanda hansı problemlər ola bilər?
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı Modern.az saytına münasibət açıqlanıb.
Nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov Modern.az-a bildirib ki, bu məsələni bir müddət öncə araşdırıblar:
“Aidiyyatı dövlət qurumlarının iştrakı ilə Türkiyənin Ankara şəhərində olduq. Türkiyənin Su işləri idarəsidə görüşlərimiz baş tutdu. Bu görüşlər zamanı məlum oldu ki, həqiqətən də Türkiyə tərəfinin belə bir layihəsi var. Kür çayının Türkiyə ərazisindən axan hissəsində böyük su anbarlarının, elektrik stansiyalarının tikintisi nəzərdə tutulub. Hidroenergetika ehtiyatlarından istifadə üçün “Kür” layihəsi adlanan böyük bir proyektləri var. Biz orada olanda layihənin texniki əsaslandırması ilə bağlı razılaşdırma sənədləri hazırlanırdı. Məqsəd 280 milyon kubmetrdən artıq suyun götürülməsi və enerji ehtiyatları, kənd təsərrüfatı üçün istifadə edilməsidir”.
Nazirlik rəsmisi bildirib ki, Kürün Türkiyədən Gürcüstana keçən hissəsində çayın suyunun illik göstəricisi 1 milyard kub metrdir: “Türkiyə tərəfi bu suyun 30 faizini götürmək istəyir. Bu iki hökümət arasında razılaşdırılmış bir rəqəmdir. Çünki SSRİ dövründən saziş mövcüddür. Bu sazişə əsasən, hər iki dövlət əllinin-əlliyə nisbətində su götürə bilərdi. Sonradan isə bu layihəni bizim mütəxəsislərimiz də araşdırdılar və müəyyən oldu ki, Gürcustan tərəfindən Azərbaycan ərazisinə axan suyun miqdarı 9 milyard kub metrdir. Ümumi Kur çayı hövzəsinin su ehtiyatları 27 milyard kub metrdir. 280 milyon kub metr suyun Türkiyə tərəfindən götürülməsi Azərbaycan üçün ciddi fəsadlar törətməyəcək”.
M. Əbdülhəsənov onu da bildirib ki, Kür çayının suyunun 3 faizinin Türkiyə tərəfindən azaldılması Migəçevir Su Elektrik Stansiyasında, yaxud da su anbarlarının işində elə bir ciddi fəsadlar yaratmayacaq:
“Amma biz yenə də istənilən halda Türkiyə tərəfilə razılaşma əldə etdik. Yəni bu layihənin icrasına başlanacaqsa, mütləq beynəlxalq qanunvericiliyə, Helsinki Konvensiyasının tələblərinə uyğun olaraq Kürün keçdiyi bütun dövlətlər tərəfindən razılaşdırılmalıdır. Eyni zamanda, Azərbaycan tərəfi də məlumatlandırılmalıdır. Azərbaycan tərəfdən rəylər alınmalıdır”.
Nazirlik rəsmisi layihə ilə bağlı hazırda ilkin danışıqların aparıldığını bildirib:
“Amma layihənin həyata keçirilməsinə başlanılmayıb. Bütun bunlar danışıqlar mövzüsudur və Türkiyə tərəfi də razılaşdı ki, əgər layihə gerçəkləşərsə, Azərbaycan məlumatlandırılacaq. Bu sahədə qarşı tərəflərlə məsləhətləşmələr aparılacaq.
Cənubi Qafqazın su ehtiyyatları 210 milyard kub metrdir. Bunun yalnız 10 faizi Azərbaycanın payına düşür. 70 faiz isə Gürcustanın hesabındadır. “Kür” layihəsinin Gürcustan su ehtiyatına heç bir təsiri olmayacaq. Çünki Gürcustanın özü maraqlıdı ki, Türkiyə Kür çayın üzərində sərhəddə su elektrik stansiyası tiksin və hazırda onlarla məsləhətləşmələr aparırlar.
Ümumiyyətlə “Kür” layihəsi nəticəsində çayın suyunun 3 faizinin götürülməsi Azərbaycanın su ehtiyyatlarına heç bir təsir göstərməyəcək”.
Bu layihənin Cənubi Qfqazdakı ekoloji duruma təsirinə gəlincə isə M.Əbdülhəsənov bildirib ki, heç bir mənfi təsiri olmayacaq: “Bu layihənin nə Azərbaycan suyunun çirklənməsinə, nə də ekaloji durumun pozulmasına təsiri olacaq”.
“Azərsu” ASC-dən Modern.az saytına bildirilib ki, əvvəllər Kür çayının Qara dənizə axıdılması ilə bağlı layihə olub. Amma sonradan razılığa gəlinib ki, Kür çayının məcrası dəyişdirilməsin. Çünki Kür çayının məcrası dəyişdirildikdə ilk nöbədə Gürcustan ciddi problemlərlə üzləşəcək. Ona görə də bu məsələyə ilk olaraq Gürcustan etiraz edib. Türkiyə tərəfilə razılıq əldə olunub ki, Kür çayının Türkiyə tərəfində Beşikçay deyilən ərazidə dəryaça tikilsin və Türkiyənin nəzərdə tutduğu elektrik stansiyası burada inşa olunsun. Bundan sonra su yenidən öz məcrası ilə axıb gələ bilsin.
Mail Ağaxanov