Modern.az

Prezidentin iftarda verdiyi mesajlar - Şeyxülislamın dövlət-din münasibətlərindəki rolu

Prezidentin iftarda verdiyi mesajlar - Şeyxülislamın dövlət-din münasibətlərindəki rolu

Aktual

30 May 2019, 09:39

“Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsindəki çıxışı zamanı deyib.

Dövlət başçısının bu sözləri regionda və dünyada baş qaldırmış dini və milli zorakılıq tendensiyası baxımıdan mühüm əhəmiyyət kəsb edir. Öz tolerant ənənələri ilə daim seçilən Azərbaycan antibəşəri və cəmiyyətlər arasında nifaq salan  dağıdıcı ideologiyaların qarşısında şax dura bilib.  

Dövlətin təhlükəsizliyinin qorunması üçün mühüm faktor olan dini sabitliyin təmin olunması təkcə dövlət strukturlarından deyil, inanclı insanların qəbul etdiyi ruhani rəhbərin fəaliyətindən və başçılıq etdiyi təşkilatdan da asılıdır. 


Azərbaycanda bu birliyin unikal modeli yaradılıb. Prezident İlham Əliyev iftar mərasimində  çıxışı zamanı bunun bir sıra detallarına toxunub.

 

Dövlət başçısı dövlət-din münasibətlərinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki,  Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır.  Prezident çıxışında yürütdüyü tolerantlıq siyasətinin uğurlu təqdimatında Qafqaz Müsəlmanları İdarəsinin, onun sədri Şeyxülislam Allahşükür Paşazadənin əməyini xüsusi vurğulayıb.  Bu, ilk baxışdan dövlət idarəçiliyindən kənarda duran dini liderin fəaliyyətinə dövlət başçısının diqqəti kimi görünsə də, digər tərəfdən məsələnin incə siyasi mesajları aydın görünür.

Bu gün dünyada dövlətlər üçün milli təhlükəsizliyin əsas elementlərindən biri dini faktordur. Bu baxımdan  ənənəvi dini icmaların dövlət tərəfindən dəstəklənməsi Azərbaycanda dini təhlükəsizliyin təmin olunmasının əsas şərti kimi çıxış edir.


Son illərin təcrübəsi bir daha sübut edir ki, görkəmli din xadimlərinin beynəlxalq səviyyədəki nüfuzu, rəhbərlik etdikləri qurumların dinlərarası dialoq formatının yaranması  üçün öz yaxşı töhfələrini verə bilir. 

Prezident dövlət-din münasibətlərinin bugünkü uğurlu təməlində ulu öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadənin dayandığını bildirib:
“Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır”, –deyə Prezident vurğulayıb.


Mərhum prezident Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılması və möhkəmləndirilməsi üçün apardığı fəaliyyətin bugünkü nəticəsi göz önündədir. Ölkəmiz bu gün dünyanın aparıcı dövlətləri tərəfindən sabitqədəm və möhkəm təməl üzərində duran bir dövlət olaraq qəbul edilir. Bu siyasi düsturda din – dövlət münasibətlərini gözardı etmək olmaz.


Mərhum Heydər Əliyev cəmiyyətin idarəçiliyində dini faktorun mühüm olduğunu yaxşı bilirdi. Dini kəsimin etibar etdiyi ruhani rəhbərin bu sahədə mürəkkəb məsələlərin həllində köməyi danılmazdır. QMİ sədrinin bu baxımdan malik olduğu etimad “baqajı” dövrünün bütün mühüm məqamlarında ölkənin düşdüyü mürəkkəb məsələlərin həllində yardımçı rolunu oynayıb. 


QMİ sədrinin müstəqiliyin ilk günlərindən Azərbaycan xalqının ictimai-siyasi həyatında oynadığı mühüm və həlledici rol bir sıra tarixi periodlarda öz nəticələrini ortaya qoyub. 1990-cı ilin 20 yanvar qırğınından sonra A.Paşazadənin SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən sərt bəyanatı öz dövrünün ciddi siyasi demarşı idi. Qərb dövlətlərinin tam dəstəyini ala bilmiş M. Qorbaçovun hər vəchlə Bakı qırğınını gizlətmək və ona dini rəng vermək cəhdi QMİ sədrinin sərt mövqeyi ilə üzləşdi. Bütün dünya sovet rəhbərini lənətləyən gənc dini liderin sərt bəyanatlarını eşitdi. Bu, SSRİ tarixində sovet rəhbərliyni lənətləyən ilk açıq sənəd idi.

Daha sonra Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edən QMİ sədri SSRİ xalq deputatı mandatından nümayişkarənə imtina etməsi ilə sovet cəmiyyətinin diqqətini  bir daha Azərbaycan xalqının başına gətirilmiş müsibətə yönəldə bildi. A. Paşazadə Azərbaycanın müstəqilliyi uğrunda aparılan azadlıq mübarizəsinin ön cərgələrində addımlamaqla xalqın milli azadlıq ideyasına səfərbər olmasında öz töhfələrini verib. Bütün 90-cı illər boyu ölkənin ağır ictimai-siyasi həyatında proseslərin mənfi məcraya yönəlməməsi  üçün humanist missiyasına sadiq qalan Şeyxülislam dövlətçilik tariximizdə öz yerini tutmuş bir şəxsdir. Prezident İlham Əliyev də çıxışında məhz bu motivlərə işarə edərək QMİ sədrinin xidmətlərini xatırladıb.  

Şeyxin ölkəmizin tolerantlıq siyasətinin yürüdülməsində aparıcı fiqurlardan olması dövlət başçısının çıxışında da öz əksini tapıb: “Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir”.

Arxada qalmış son 25 ilə baxdıqda bu illər ərzində kənardan ölkəmizə məzhəb fərqliliklərini körükləyən nə qədər ideoloji platforma, milli-dini ziddiyyətləri qabardan yad ideologiyaların can atdığını görə bilərik. Ötən  illər ərzində Qafqaz Müsəlmanları İdarəsi dövlətlə yan-yana duraraq, bu tendensiyaların ölkəmizin ictimai-siyasi həyatına sızmasının qarşını ala bilib. Son illərdə isə dövlətin ayırdığı maliyyə yardımı sayəsində ölkəmizin dünyaya bir model kimi təbliğ etdiyi tolerantlıq və multikulturalizm siyasətinin yayılmasında öz töhfələrini verməkdədir. Bu o qədər də asan məsələ deyil. Ənənəvi mühafizəkar baxışı əldə rəhbər tutan bir çox ruhani rəhbərlər üçün dinlərarası fərqliliklər daha sərfəli sayılır.  A. Paşazadə isə “darül-əhd” siyasəti – qarşılıqlı əməkdaşlıq və dözümlülük prinsiplərini elan etməklə böyük bir müstəvidə Azərbaycanın mesajını dünyaya çatdıra bilir.  Bu siyasət Azərbaycana özününü formalaşdırdığı ideya ixracı üçün unikal imkanlar verir.

QMİ sədrinin əlaqələri geniş müstəvidə Azərbaycanın irəli sürdüyü prioritetlərin təbliği üçün yaxşı imkanlar açır.  A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, MDB dinlərarası Şurasında tutduğu vəzifə, istərsə də müxtəlif dinlərin  rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya müncər olunmasında töhfələrini verir və körpü rolunu oynayır.


Prezident həmçinin, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı üzvlüyünü mühüm hadisə adlandırıb:  “Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dəyərlərinin qorunması işində apardığımız siyasətə çox yüksək qiymət verir. Biz bundan sonra da təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsi işində öz səylərimizi davam etdirəcəyik”.


Qeyd etmək lazımdır ki, Azərbyacan İƏT-ə hələ SSRİ-nin mövcud olduğu bir zamanda üzv olub. Bu isə QMİ sədrinin birbaşa təşəbbüsü ilə baş tutub. SSRİ-nin mövcud olduğu 1990-larda Azərbaycanın müsəlman dövlətləri blokuna üzv etməklə dövlətimiz üçün çöx mühüm bir platforma əldə olundu. Məhz İƏT Qarabağ münaqişəsində Azərbaycana tam dəstək verərək ərazi bütövlüyümüzü tanıdğını bəyan etmişdi.

Prezident qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə keçiriləcək Dünya Dini Liderlərinin II Zirvə Görüşü zamanı Azərbaycan öz dini, milli köklərinə bağlı olan ölkə olaraq tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək.


QMİ sədrinin beynəlxalq sammitin təşkilatçıları sırasında olması isə Şeyxülislamın dünyanın etimad göstərdiyi nufuzlu din xadimi kimi təqimatıdır.


Dövlət başçısı həmçinin QMİ sədri ilə bağlı söylədikləri Şeyxülislama qarşı müxtəlif qüvvələrin apardığı gözdənsalma kampaniyalarının təşkliatçıları üçün də ciddi mesajdır.  Bəzi xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən yönəldilən bir sıra  təşkilatlar vətəndaşlarımız arasında  etnik və dini qarşıdurmanın yaradılmasına səy göstərirlər. Hədəf isə Azərbaycanda vətəndaş və milli birliyin tarixən formalaşmasına zəmin yaradan ənənəvi tolerantlıq mühitinin məhv edilməsidir.


Burada zaman-zaman QMİ-nin, onun rəhbəri Allahşükür Paşazadənin  hədəf seçilməsi də təsadüfi olmayıb. Ona qarşı irəli sürülən ən müxtəlif  ittihamların arxasında  QMİ-nin ictimai rəyi formalaşdıran güclü ideoloji mərkəz olaraq bu çirkin planlara qarşı dövlətin yanında durması olub.


İlham Əliyev Şeyxülislamın  missiyasını qiymətləndirməklə ona qarşı olan hucumları neytrallaşdırır və QMİ-nin bu gün dini ekstremizmin ayaq açmasına müqavimət göstərən etibarlı dayaq olmasını göstərir.

Yekunda qeyd etmək olar ki, Prezident İlham Əliyev dövlət –din əməkdaşlığının əhəmiyyətini vurğulamaqla bir daha dövlətimizin bu sahədə dünyaya nümunə olacaq bir platformasını nümayiş etdirir.



A.SƏFƏRLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı