Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası öz işini başa çatdırıb.
Modern.az xəbər verir ki, ikigünlük plenar sessiyada səmərəli müzakirələr aparılıb. Ötən gün plenar sessiyada çıxışlardan sonra təşkilati məsələlərə baxılıb və prosedur qaydalarına müvafiq olaraq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədri və sədr müavinləri seçilib. Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev bu beynəlxalq təşkilatın sədr müavini seçilib. Həmçinin, iclasda Eldar Quliyev QDİƏT PM tərəfindən fəxri medalla təltif olundu. Fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhfələr verib, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir.
Eldar Quliyev plenar sessiya ilə bağlı AZƏRTAC-a açıqlamasında bundan əvvəl QDİƏT PM-in 52-ci sessiyasının Ermənistanda keçirildiyini və həmin sessiyada fəxri medaldan imtina etdiyini xatırladıb.
Bakıda keçirilən iclaslarda milli nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev Ombudsman təsisatının Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O, çıxışında, həmçinin Azərbaycan həqiqətlərindən, xüsusilə də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır işğal olunmasından və işğalın bu gün də davam etdirilməsindən danışıb.
Diqqətə çatdırıb ki, Azərbaycanda hüquqları işğalçı dövlət tərəfindən pozulmaqda davam edən 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Azərbaycan dövləti tərəfindən həmin şəxslərin bütün sosial məsələlərinin həlli diqqətdə saxlanılır, onlar üçün şəhərciklər salınır, işlə təmin olunurlar, övladlarının təhsil haqqı dövlət hesabına ödənilir və s. Buna baxmayaraq, onların ən böyük istəyi öz ata-baba yurdlarına qayıtmaqdır.
E.Quliyev xatırladıb ki, cəbhə bölgəsində atəşkəsin olmasına baxmayaraq, Azərbaycan itkilərə məruz qalır: “Bir neçə gün öncə Azərbaycan Ordusunun zabiti, tabor komandiri 36 yaşlı Aqil Omarov erməni snayperi tərəfindən qətlə yetirildi, onun ailəsi, o cümlədə iki azyaşlı uşağı başsız qaldı. Sonrakı günlərdə isə yaşı hələ 20-yə çatmamış bir əsgərimiz öldürüldü. Ermənistan müdafiə naziri buna görə qatili medalla mükafatlandırdı və çıxışında öldürmək lazım gəldiyini xüsusilə vurğuladı”.
Deputat Azərbaycanın sülh tərəfdarı olduğunu bildirərək deyib: “Biz bu münaqışənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Respublikamızın Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, ərazilərimiz işğaldan azad olunmalı, bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməlidir. Məcburi köçkünlərimiz öz yurdlarına qayıtdıqdan sonra Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilərək ermənilərlə birgəyaşayış təmin oluna bilər. Təhlükəsizliyi isə sülhməramlı qüvvələr təmin edə bilər. Lakin Ermənistan tərəfindən nümayiş etdirilən qeyri-konstruktiv mövqe onların qəsdən vaxt uzatmağa çalışdıqlarını, mövcud status-kvonu saxlamağa cəhd etdiklərini göstərir”.
E.Quliyev Baş Məclisin Yerevanda keçirilən iclasında Azərbaycan nümayəndə heyətinin iştirak etməsinə baxmayaraq, dövlətimiz tərəfindən təhlükəsizliklərinə zəmanət verilsə də, Ermənistan nümayəndələrinin bugünkü toplantıya qatılmadıqlarını diqqətə çatdırıb.
“Ermənistan hələ də birinci Qarabağ müharibəsi zamanı əsir götürdüyü Azərbaycan vətəndaşlarını girov saxlayır. Bir neçə il əvvəl erməni separatçılarının işğalı altında olan əzəli Azərbaycan torpaqlarına valideynlərinin və qohumlarının qəbirlərini ziyarət etmək üçün keçmək istəyən üç nəfər mülki Azərbaycan vətəndaşından biri öldürülmüş, iki nəfəri isə indiyədək girov saxlanılır. Azərbaycan rəhbərliyi Ermənistanın yeni hökumətinə girovları “hamının-hamıya” prinsipi ilə mübadilə etmək təklifi ilə müraciət etsə də, erməni tərəfi bunun əleyhinədir. Biz bütün girovları dəyişməyi təklif etmişik. Bu, bütün insan hüquqlarının pozulmasının birbaşa göstəricisi deyilmi?”, - deyə Eldar Quliyev bildirib.