Mütəmadi olaraq Bakının bütün rayonlarında hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma və digər hallarla bağlı qanunvericilik çərçivəsində fəal iş aparılır. Amma buna baxmayaraq dilənçiliyi özlərinə peşə seçənlər də öz fəaliyyətlərindən əl çəkmirlər. Təbii ki, cəmiyyətin də bu məsələdə fəallığının aktual olması ictimai qaydanın qorunmasında mühüm rol oynayır. Dilənçiliyi özlərinə peşə seçənlərin işləmək istəməməsi onların əmək bacarıqlarını aradan qaldırır və bu peşə nəsildən nəsilə ötürülməyə başlanılır.
Nümunəvi həyatın təşkili üçün cəmiyyət nə qədər məsuliyyətli olmalıdır?
Modern.az xəbər veir ki, ekspert-kriminalist Mahmud Hacıyev “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda dilənçilik böyük bir problemə çevrilib və bu məsələdə məsuliyyəti polisin üzərinə atmaq düzgün deyil: “Ümumiyyətlə, hansısa sahədə cüzi neqativlik baş verdiyi halda, dərhal polis ittiham olunur. Ona görə də hər şeyi polisin boynuna yükləmək lazım deyil. Dilənçilik bütün dövrlərdə olub, bu gün də var. Bu problemin öhdəsindən gəlmək mümkün deyil. Çünki dilənçiliklə məşğul olmaq cinayət tərkibi yaratmır. Yəni dilənmək cinayət tərkibi yaratmır. Bu, sadəcə, inzibati xətadır və az əhəmiyyətli hüquq pozuntusudr. Bunun da cəzası odur ki, polis ictimai asayişi qorumaq naminə həmin şəxsi cərimə edir və xəbərdarlıq edir. Xəbərdarlığa məhəl qoymamaq isə məsuliyyəti artırır”.
Ekspertin sözlərinə görə, polisin dilənçilərə qarşı mübarizəsi qanunun tələblərindən kənara çıxmır: “İctimai asayişi pozan dilənçidən ərazidən uzaqlaşması tələb olunur və bu tələbə əməl olunmursa, polis dilənçini oradan uzaqlaşdırmağa məcburdur. Çünki polis öz xidməti vəzifəsini icra edir. Hesab edirəm ki, dilənçilərlə mübarizəyə ictimaiyyət nümayəndələri də, cəmiyyət də qoşulmalıdır. Dilənçilik məşğul olanlara pul vermək əvəzinə onları tənqid etmək lazımdır. Dİlənçiliyin qarşısının alınmasında ən çox cəmiyyət mübarizə aparmalıdır. Əgər dilənçilərə pul verilməsə, onlar bir müddətdən sonra bu peşənin daşını ata bilərlər. Ona görə də bu məsələdə polisə dəstək olmaq lazımdır”.
"Dilənçiliyə sövq edilən azyaşlıların kimliyinin müəyyənləşdirilməsi üçün monitorinqlərə başlanılmalıdır"
M.Hacıyev dilənçiliklə məşğul olan uşaqlarla bağlı monitorinqlərə başlanılmasının zəruri olduğunu vurğulayıb: “Bəzi qaraçılar azyaşlı qız uşağını əraziyə buraxıb diləndirirlər və özlərini bunu kənardan seyr edirlər. Kənardan keçən vətəndaş da cibindən qəpik çıxarıb uşağa təqdim edir. Amma heç kim yaxınlaşıb o uşaqdan kimliyini, harada yaşadığını soruşmur. Bir müddət əvvəl Bakıda azyaşlı qızın dilənçi qadın tərəfindən oğurlanaraq dilənçiliyə məcbur edildiyinin şahidi olduq. Bəlkə, bütün o qaraçıların yanındakı azyaşlılar da oğurlanıb. Ona görə də hesab edirəm ki, dilənçiliyə sövq edilən azyaşlıların kimliyinin müəyyənləşdirilməsi üçün monitorinqlərə başlanılmalıdır. Bunun üçün kompleks tədbirlər keçirilməlidir. Bu məsələdə güc strukturları ilə yanaşı, icra strukturları və bələdiyyələr də cəlb olunmalıdır”.
Milli Məclisin deputatı Çingiz Qənizadə isə “Report”a bildirib ki, dilənçilik turizmin inkişafına mənfi təsir göstərən amillərdən biridir: “Azərbaycan turizm mərkəzinə çevrilən ölkələrdən biridir. Ölkəmizə kifayət qədər turist axını var. Xüsusilə də paytaxta çoxsaylı turistlərin gəlişi bizi məmnun edir. Belə bir halda dilənçiliyi özlərinə peşə seçənlərin paytaxt küçələrində, eləcə də ölkənin digər yerlərində fəaliyyəti yolverilməzdir. Bir real hadisəni danışım, biləsiniz. Ağdaş rayonunda qaraçılar məhəlləsi kimi tanınan bir məkan var. Burada qaraçıların məskunlaşdığı yüzlərlə ev mövcuddur. Onlar qız-gəlinlərə, qocalara, uşaqlara dilənçiliklə məşğul olmağı aşılayırlar. Bu gün Bakının mərkəzində Ağdaşdan gəlib dilənçiliklə məşğul olan mənim də üzdən tanıdığım çoxsaylı qaraçılar var. Onlar qanqal kimi, çayır kimi şəhərin mərkəzi küçələrinə səpələniblər və kirayə qaldıqları evlərdə anti-sanitariya şəraitində yaşayırlar”.
"Azərbaycandakı dilənçilər Avropadakı dilənçilərdən qat-qat aşağı səviyyədə pul dilənməklə məşğuldurlar"
Deputat dilənçiliklə məşğul olan qaraçılara kirayə ev verənlərə qarşı da inzibati sanksiyalar tətbiq etməyin lazım olduğunu vurğulayıb: “Dilənçilərlə mübarizə aparan, onları ərazidən uzaqlaşdırmağa çalışan polisləri tənqid edənlər Azərbaycanın çiçəklənməsini, inkişaf etməsini istəməyən qüvvələrdir. Bunlar Azərbaycan polisinə ləkə yaxmaqla məşğuldurlar. Lazım gəldikdə polis qanunun icazə verdiyi formada ictimai asayişi pozanları bu cür hərəkətlərdən çəkindirmək naminə ərazidən uzaqlaşdıra bilər. Əgər həmin dilənçi polisin tələblərini yerinə yetirməkdən yayınarsa, polis onun qolundan tutub apara da bilər”.
Ç.Qənizadənin sözlərinə görə, Azərbaycandakı dilənçilər Avropadakı dilənçilərdən qat-qat aşağı səviyyədə pul dilənməklə məşğuldurlar: “Avropada bir dilənçi papağını qarşısına qoyub sakit və mədəni şəkildə dilənməklə məşğuldur. Mən burada qəbahət görmürəm. Adam sivil şəkildə ehtiyaclı olduğunu təqdim edir. Azərbaycandakı dilənçilər isə bundan peşə kimi istifadə edirlər və şəhərin gözəlliyinə kölgə salırlar. Mən Azərbaycan polisinin dilənçilərə qarşı mübarizəsini dəstəkləyirəm və bu mübarizəyə qoşulmağa cəmiyyəti də çağırıram. Hesab edirəm ki, polis bu məsələdə humanistlik nümayiş etdirməməlidir və daha kəskin addım atmalıdır, eyni zamanda küçələrdən bu cür dilənçilər yığışdırılmalıdır. Cəmiyyət dilənçilərlə mübarizədə çox laqeyddir. Bu cür insanlara pul verənlər başa düşməlidir ki, onların bu cür çirkin peşələrinin inkişaf etdirilməsində dəstək olurlar. Bununla da onların sayı gündən-günə artmağa başlayır. Heç bir halda qaraçı-dilənçilərə pul vermək olmaz. Onların buna ehtiyacı da yoxdur. Onların çoxunun Ağdaşda yüksək şəraitli evləri var. Onlar polisə və vətəndaşa qarşı müqavimət göstərirlər”.