Modern.az

“Güllə səsinə açılan qapı”nın dərd qalağı...

“Güllə səsinə açılan qapı”nın dərd qalağı...

Aktual

30 İyun 2019, 11:19

Əlimdəki kitabın vərəqlərini asta-asta çevirirəm. Elə ilk səhifədən hiss edirəm, elə ilk səhifədən anlayıram:  ağır bir elin dərdini hayqırır bu kitab, ağır bir elin acısını zülüm-zülüm ağlayır, od-alov püskürür  “adi” dediyimiz vərəqlər:

“Həqiqət budur!,
Qarabağın işğalından 213 il keçir!,
Əzəli torpaqlarımız hələ də düşmən tapdağı altındadır!
Ərənlər, məmləkətimizin nicatı sizə bağlıdır!
Analar, yurdumuzu qəsb edənləri, yağmalayanları parmalamaq üçün aslanlar doğun!
Aslanın erkəyi, dişisi ollmur!
Aslanlarım, sevdiklərimizi vətənin keşiyində sınağa çəkin!
”Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın! 
Qədərimiz belədir!”

 Amma qədərimizlə barışdıqmı? Yenə vərəqləyirəm ağırlığı çəkisindən min dəfə ağır olan bu kitabı: böyük güclərin iyrənc oyunları , xalqımızın başına gətirilən müsibətlər, millətin sarsılmayan  çırpınışı, sönməyən azadlıq yanğısı ... səngimir, ...zaman-zaman davam  edir. O taylı-bu taylı Azərbaycanın haqq davası, ədalət  təşnəsi, özü olmaq arzusu. Bir də üzü Qərbi Azərbaycandan bu yana- Zəngəzur, İrəvan, Dərələyəz, Qaragöl, Qarabağ itkisi ilə sonlanan mübarizələrimizin acı hekayəsi...Heç bir dönəmdə bunu qəbullana bilmədik və buna görə də, kütləvi şəkildə  məhvimizin ssenarisi yazıldı. 1813-cü ildən  bu günə qədər başımızın üstündə qanımıza susayan güclərin oyunları davam edir. Hər gün azadlıq tələbində olan xalqın müqavimətini qırmaq üçün üsullar axtarılıb-tapılır. İndi qapılarımız daha xeyrə açılmır, güllə səsinə açılır. Ehhh... Nələr yoxdu bu kitabda??

Belə bir “dərd məcmusu”nu  ancaq  213 illik işğal  əzabını  ruhunda, canında yaşadanalar, hər gün o əzabla ölüb yenə dirilənlər, xalqın  dərdini şəxsi xoşbəxtliyindən yüksək tutaraq heç vaxt özünü xoşbəxt hesab edə bilməyənlər yaza bilər. Tamxil Ziyəddinoğlu yaza bilər! Onun qələmindən süzülüb gələn,"Güllə səsinə açılan qapı"   kitabı bu günlərdə  işıq üzü görüb. Kitab  başa çatana qədər həm də onun ürəyini  sızladıb, qəlbini didik-didik edib.Kitabı oxuduqca, özünü o hadisələrin icində hiss etdikcə , müəllifin hər cümlədə, hər sətirdə hansı duyğuları yaşadığını görürsən. Tamxil müəllim ruhunu köcürüb kitaba ... “Bütöv Azərbaycan yolculuğu” məqaləsində ümidləri göyərir,”And yerimiz”də mübariz olur, ”Didərgin şəhid”də gözləri qan ağlayır, “Bir qəzada iki əl”də nifrəti ərşə qalxır,”Bir “Vağzalı”nın sorağındayam” da həzin, kövrək anlar yaşayır, “Xocalıda azı 3813 nəfər qətlə yetirilib” də  qanı coşur, hirsi-hikkəsi yağıya  nifrət püskürür. Və oxucu oxuduqca müəllifin hisslərini yaşayır. Cünki o hissləri yaşamamaq mümkün deyil. Bu xalqın balasısansa, ürəyin T.Ziyəddinoğlunun ürəyi kimi ağrıyacaq, gözlərin dolacaq, əllərin əsəs-əsə üzünü qapayacaq və bir hönkürtü səsi otağı başına götürəcək. Vətəndaş olmaq bu demək, ziyalı olmaq bu demək, didərgin-vətənsiz qalmaq bu demək... ... Bir sözlə, 376 səhifədən ibarət dərd qalağı...

 Oxucularımıza Tamxil Ziyəddinoğlunu xüsusi təqdim etməyə lüzum görmürəm. 1990-cı ildən sevdiyi-secdiyi jurnalistikada necə deyərlər külüng calır. Səriştəsi, peşəkarlığı onu pillə-pillə ucaldıb. “Bütöv Azərbaycan” qəzetini, ”Bütöv.az “ saytını təsis edib. AzTV-də “Hərbi-vətənpərvərlik“ baş redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub, 2017-ci il iyunun 1-dən Azərbaycan Televiziya Və Radio Verlişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini vəzifəsinə təyin edilib. Hərbi Jurnalistlər Birliyinin sədri, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür.-yazıb kifayətlənirəm.

Son olaraq, ən əsas fikrimi qeyd edim:  Tamxil müəllimi yalnız  peşəkar jurnalistikasına, qazandığı, haqq etdiyi mövqeyə,  layiqli vətənsevərliyinə görə  dəyərləndirmirəm.   O həm də, insaniyyətinə, qeyrətinə, böyüklüyünə həsəd apardığım, ürəklə QARDAŞ deyəcəyim biri olduğuna görə onunla qürur duyuram.

 

Əntiqə Rəşid

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı