Modern.az

Prorektor: “Verdiyimiz sertifikatlar jurnalist olmaq istəyən gənclərə uğur gətirəcək” - MÜSAHİBƏ 

Prorektor: “Verdiyimiz sertifikatlar jurnalist olmaq istəyən gənclərə uğur gətirəcək” - MÜSAHİBƏ 

Aktual

2 İyul 2019, 08:27

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasının prorektoru, Bakı Dövlət Universitetinin dosenti, Dövlət İmtahan Mərkəzinin eksperti Sevinc Məmmədova Modern.az-ın əməkdaşı ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:


- Akademiyanın fəaliyyəti haqqında fikirlərinizi öyrənmək istərdik.

   
- Azərbaycanda ciddi jurnalistikaya, jurnalist təhsilinə, jurnalist hazırlığına  dövlət qayğısı var. 2010-cu ildə Teleradio Akademiyasının açılması da bunun göstəricisidir. 6 ildən artıqdır ki, mən burada işləyirəm. Akademiyanın fəaliyyəti dövründə Azərbaycan televiziyasının və xarici teleşirkətlərin peşəkarları tərəfindən rejissor, operator və s. ixtisaslar üzrə təlimlər, ustad dərsləri keçirilib. Uzunmüddətli ingilis və rus dili kursları təşkil olunub. Qeyd edim ki, bütün bu təlimlərdə şirkət işçiləri, əsasən müxbir, aparıcı, rejissor və operatorlar iştirak edib.

Bu il, ilk dəfə olaraq şirkət rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə kənar şəxslərə də belə bir imkan yaradıldı. Elanda verilən şərtlərə əsasən, üç mərhələli seçim  keçirildi. Müsabiqə böyük idi. Elə bir faktı deyim ki, müraciət edənlərin sayı 730 nəfər idi. Nəticədə, televiziya və radioda aparıcı, müxbir, redaktor, rejissor və operator ixtisası üzrə qruplar yarandı. Tədris iki ay, aprelin 29-dan iyunun 28-nə kimi davam etdi. Buradakı tədris forması fərqli idi. Təcrübəyə daha çox yer verilirdi, nəzəriyyə təcrübə ilə yanaşı təqdim olunurdu. 
Çalışdıq ki, hər qrupa ixtisasa uyğun dərslər salınsın - televiziya və radioda aparıcının nitq mədəniyyəti, müsahibə texnikası, redaktənin nəzəriyyəsi və təcrübəsi, rejissor və operator işi və s. Tədrisdə Akademiyanın rəhbər və müəllim heyəti ilə birgə Azərbaycan Televiziyasının tanınmış peşəkarları - xalq artistləri Roza Tağıyeva, Eldost Bayram, Əli Məhəmmədoğlu, İlham Rəhimli, Ramiz Həsənoğlu, Əməkdar jurnalistlər Rafiq Savalan, Telli Pənahqızı, əməkdar artistlər Sevil Hüseynova,  Rafiq Həşimov, Nərgiz Cəlilova, Dilarə Səlim, Əməkdar mədəniyyət və incəsənət  xadimləri Şəfəq Əlixanlı, Nəriman Şıxəliyev, Cəmil Fərəcov, Adil Abbasov,  Eldar Məmmədov, pedaqoji sahədə təcrübəsi olan rejissor Elxan Məsimov, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, “Gəl, səhərim” musiqi-informasiya proqramının redaktor müavini Sitarə Həmidova, Vüqar Sadıqov və başqaları illərlə qazandıqları bilik və bacarıqlarını bölüşdülər.

 
Tədrisin ikinci ayında müdavimlərimiz televiziya və radionun xəbər departamenti, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarında təcrübə proqramları keçdilər. "İnformasiya proqramları" studiyasının direktoru Rüfət Həmzəyev, “Tele-Səhər” musiqi-informasiya proqramının baş redaktoru Rəşad Mehdili, İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru Sərvər Bayramov, telejurnalist Yunis Orucov və başqalarından ustad dərsləri aldılar.


- Akademiyanın texnika ilə təminatı necə, tələbələri qane edirdi?

- Akademiyada təchiz olunmuş auditoriyalar, tədris studiyası, montaj otaqları, var. Gələcəkdə Akademiyanın texniki bazası daha da təkmilləşdiriləcək. Bundan əlavə, təcrübə müddətində tələbələr  müxtəlif studiyalarda, çəkiliş pavilyonlarına da  gedirdilər. Bəziləri hətta bazar və bayram günlərində də yorulmadan çalışırdı.


- Tədris müddəti ərzində Akademiya nə kimi yeniliklərə imza atdı? Dərslərə marağın artırılması üçün əlavə tədbirlər həyata keçirilirdimi?


- Əsas məqsədimiz tədris proqramının yaxşı mənimsənilməsini təşkil etmək idi.

Dərslər həftədə beş gün üç akademik saat müddətində keçirilirdi. Əvvəldə  dediyim kimi, təlimlər tək nəzəri biliklərlə yekunlaşmırdı.

Kurslar müddətində biz tələbələr üçün xüsusi proqramlar təşkil edirdik. Bu proqramlarda tanınmış incəsənət adamları, siyasi xadimlər və s. məhşur şəxslərlə görüşlər təşkil olunurdu. Belə görüşlərimizdən birində Akademiyamızın qonağı Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov idi. Həmçinin, “Azərkosmos” Cəmiyyətinin nünayəndələri ilə də görüş keçirilmişdi. BDU-nun Jurnalistika fakültəsinin professor və müəllim heyəti ilə “Qloballaşma dövründə televiziya və radionun inkişaf tendensiyası və perspektivləri” mövzusunda maraqlı müzakirələr də yaddaqalan oldu.

   
İlk günlərdən tələbələrə sərbəst mövzuda süjet hazırlamaq tapşırılmışdı. Təqdimatdan bir gün əvvəl müdavimlərlə keçirilən görüşdə təqdim olunan işlərə baxıldı və müzakirə olundu.  Akademiyanın rektoru Faiq Hüsiyev, prorektorlar Aliyə Hacıyeva, Ülfət Rəhimova, peşəkar müəllimlər Cavanşir Cahangirov, Əlimürsəl Hacızadə və başqaları hər kəsə ayrılıqda fikir və tövsiyələrini bildirdi.


- Kursları bitirən tələbələrə son sözləriniz nə oldu?

- Yekunda müdavimlərə, mütəmadi iştirak edənlərə, sertifikatlar təqdim olundu. Təqdimetmə mərasimində çıxış edən Rövşən Məmmədov, Faiq Hüsiyev və başqalarının fikirləri eyni idi. Son sözlərimiz əlbəttə ki, uğurlu yol diləmək, xoş arzular söyləmək oldu. Ən əsası isə Teleradio Akademiyasında qazandıqları bilik və təcrübə gələcək fəaliyyətlərində kömək olsun. İnanıram ki, Teleradio Akademiyasının təqdim etdiyi bu sertifikat jurnalist olmaq istəyən gənclərə uğur gətirəcək.  




Leyla Əsədullayeva 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı