Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Bakı Mərkəzi Parkı çoxlu sayda rəy və təklifləri nəzərə alaraq parka gələn vətəndaşlar üçün yeni qaydaları açıqlayıb.
Modern.az xəbər verir ki, qaydalar parkın yaxşı vəziyyətdə saxlanılması və ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qəbul edilib.
Ziyarətçilər üçün qəbul edilən qaydalar aşağıdakılardır:
- Ot örtüyü üzərində it gəzdirməyə icazə verilməməlidir. Təəssüf ki, bəzi insanlar ev heyvanlarının arxasınca təmizləyə bilmir, ot örtüyünə zərər verir və bu da digər insanlar üçün örtüydən istifadə etməyə problem yaradır.
- Parkda xüsusi müəyyən edilmiş yerlərdən savayı, skeytbord sürməyə icazə verilmir. Parkın ərazisində müəyyən edilmiş yerlərə kimi skeytbord əldə daşınmalıdır.
Qeyd olunub ki, parkdakı çiçəklər, güllər və digər dekorativ bitkilər dərilməsin. Ümumilikdə hər şey qaydasındadır. Amma, bir qrup insanlar ağacların gövdəsinin qabığını soyur. Bu isə böyük ehtimalla həmin ağacların qurumasına səbəb olacaq. Bundan əlavə, insanlar başqa ziyanlıqlar da edir, məsələn oturacaqların müxtəlif elementlərini sındırırlar. Qəbul edilə bilməyən bir hal gördükdə və ya sizi narahat edən bir hadisəyə şahid olduqunuz halda, Parkda patrul xidməti aparan Park işçilərindən biri ilə danışmaq məsləhət görülür.