“Havanın necə olmağı “Tropicana Beach”ə gəlməyə əngəl deyil. İstirahət üçün hər zaman bəhanə var”. Bəhanəsiz yollansaq da, hava küləkli idi. Yola tərəddüdlə çıxdıq, amma sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz reklama güvəndik. Zatən Xəzərin ən təmiz hissəsinin Mərdəkan-Süvəlan istiqaməti olduğunu tez-tez eşidirik. Üstəlik Xəzərə yaxın hovuz və üstəlik yüksək keyfiyyətli qida vəd edən “Sultan Food”.
Xəzərin kənarında istirahət üçün 1 saata yaxın avtomobil sürüb nəhayət çatdıq “Tropicana Beach”ə. Geniş avtomobil dayanacağı, girişdə təmizlik və normal qarşılanmanı görüb Azərbaycanda turizm sektoru inkişaf etməsi ilə bağlı nağılların gerçək olduğuna inanmağa başlayırdıq ki, bir nəfər bu əraziyə girişin pullu olduğunu bildirdi. 10 yaşından yuxarı şəxslər giriş üçün 10 manat, 6-10 yaşınadək uşaqlar 5 manat ödəməlidir. Amma 6 yaşınadək uşaqlar çimərliyə pulsuz gedə bilər. Zatən bir xeyli axtarıb Xəzərə yol tapmamışdıq deyə, içəri keçməkdən başqa çarə yox idi. Üstəlik, əraziyə daxil olmaq üçün ödəniş edən 10 yaşından yuxarı hər kəsə 100 ml 1 ədəd “Bizon” enerji içkisi hədiyyə verilirdi. Amma əraziyə kənardan hər hansı qida və içki keçirmək olmaz. Tələb olunan pulu ödəyib çimərliyə daxil olduq.
Xəzər sahili çimərliklərə giriş üçün uçmağı öyrənin
Halbuki, 15 gün öncə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırırdı ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Üstəlik bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti Şıx çimərliyində reyd keçirib. 9 çimərlikdə olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.
Paytaxtın girişi Şıx çimərliyindən başladığından reydlərin buradan başlamasını təbii qəbul etmək olardı. Amma bu davamlı olsa. Yəni reydləri davam etdirib Buzovna, Mərdəkan, Bilgəh, Nardaran, Türkan, Şüvəlan çimərliklərinin girişlərindəki hasarları, şlaqbaumları söküb Sumqayıtadək gedib çıxa bilsələr.
Görünən o idi ki, “Tropicana Beach”də olduğu kimi, yaxınlıqda olan digər cimərliklər də dənzi sahilində təxminən 20 metr ərazini boş saxlayaraq digər ərazini dəmir torlarla çəpərləyiblər. Bəli, bu ərazidə dənizdə çimmək üçün gələnlərdən pul tələb olunmayacaq. Amma insanlar Xəzərin həmin hissəsinə necə gedəcək? Sahilə aparan təxminən 200 metr ərazini necə getməlidir ki, dənizə çata bilsin. Bunun üçün isə ancaq uçmağı öyrənmək lazımdır.
Vergi çeki əvəzinə “Bizon”
Ərazidə xidmət göstərən heyət, təcili tibbi yardım avtomobili, xilasedicilər, xüsusən ofisiatların nəzakətli davranışları əvvəlki illərə nisbətən müsbət irəliləyişlər idi.

Öncə Xəzərə baş vurmaq istəsək də, suyun burada gözlədiyimizdən daha çirkli olduğunu görüb, heç olmasa ərazidəki hövuzdan istifadə etmək istədik. Ən azından hər nəfər üçün 10 manat ödəmişik. Bir qədər istirahətdən sonra yemək və su sifariş verdik. Az sonra yemək verildi, sonda qaiməni alaraq ödənişi etdik. Qaimədə sadəcə restoranın adı yazılsa da, vergi ödəyicisi ilə bağlı hər hansı məlumat yox idi. Qaimədə aldığımız 0.5 litrlik qazsız “Sirab” suyunun adı yox idi. Əvvəlcə düşündük ki, bu yəqin istirahət mərkəzinin müştəriyə hədiyyəsidir. Amma bir qədər sonra ofisiant yaxınlaşaraq su üçün 2 manat ödəniş etməli olduğumuzu bildirdi.

0.5 litrlik plastik qablaşdırmada olan və mağazada 28 qəpiyə satılan qazsız “Sirab” suyunun kimsənin satış qiymətindən 7 dəfə baha satmağın düzgün olmadığını ofisianta xatırladaraq qaimə istədik. Amma bir qədər gözləsək də, qaimə gəlib çıxmadı. Hovuzun yaxınlığındakı su satışı hissəsinin yetkilisinə yaxınlaşaraq, qaiməni təkrar tələb etdik. Bir qədər sonra bizə verilən qimədə isə aldığımız su “su suse 0.5 l” kimi göstərilirdi. Bizim şüşə qablaşdırmada deyil, plastik qablaşdırmada su aldığımızı bildirdikdə isə ərazidə quraşdırılan müvafiq aparatlarda bütün 0.5 litrlik suların şüşə qablaşdırma kimi qeyd olunduğunu bildirdilər. 2 manatı ödədik. Amma bu dəfə də kassa çeki ala bilmədiyimizdən çimərlikdən çıxarkən “Tropicana Beach”in admistratoruna yaxınlaşıb həm giriş üçün ödədiyimiz, həm də restorandan aldığımız xidmətlərə görə, vergi ödəyicisi kimi məlumatlarının əks olunduğu çek tələb etdik. Bu zaman restoran xidmətinə görə, bizə çek təqdim olundu. Amma giriş üçün hər nəfərə görə alınan 10 manata görə çimərlikdə hər hansı çek verilmədiyini bildirdilər.

Özünü Əli kimi təqdim edən adminstarator bildirdi ki, çimərliyə giriş üçün alınan 10 manata görə, 1 ədəd “Bizon” içkisi verilir. Həmin içki çek əvəzi kimi nəzərdə tutulur.
“28 qəpiklik suyu, 2 manata satmaq olmaz”,- deyə iradımızı bildirəndən isə maraqlı cavab aldıq:
“Bura Azərbaycandır, özəl yerdir, biz azad sahibkarık”.
“Özəl yer olmaq, özbaşına olmaq deyil. Heç olmasa, qaimə yazın və orada qeyd edin ki, 1 ədəd “Bizon” 10 manatdır”,- deyə israr etsək də, üzr istəyib bunun səlahiyyətləri daxilində olmadığını qeyd etdilər.

Elə bu zaman bir gənc oğlan yaxınlaşıb, əlində bir kağız dayanacaq üçün ödəniş etməli olduğumuzu bildirdi. Amma həmin oğlanın əlindən avtomobilimizin nömrəsi qələmlə yazılan qəbzi bizdən öncə admistrator onun əlindən aldı. Ödəniş üçün istəsək də, həmin qəbzi bizə vermədiklərindən dayanacaq üçün ödənişin miqdarı və hansı formada tələb olunduğunu dəqiqləşdirə bilmədik. Amma bu ilin ilk “çimərlik həzzi”nin sonun bir şeyi dəqiqləşdirdik. Ödəniş çeki əvəzinə “Bizon” təklif edib, 28 qəpiklik 0.5 litrlik suyu müştəriyə 2 manata satan, bütün bunların sonunda vergidən yayınan, “Bura Azərbaycandır” deyərək qanunları ayaq altına atan “Bizon”ların işlətdiyi məkanlarda istirahət etmək mümkün deyil. Bu ünvanlara gedən bir turist ikinci dəfə oraya ayaq basmaz.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamenti və Vergilər Nazirliyi isə diqqəti heç olmasa yay aylarında istirahət mərkəzlərinə yönəltməlidir. Yoxsa vergini “Bizon”la ödəyənlərin sayı arta bilər.
Xalid VAHİDOĞLU