Modern.az

Əliağalıya piyada gedərdim...

Əliağalıya piyada gedərdim...

Aktual

9 İyul 2019, 10:05

Salman Alıoğlu

Elə bir gün olmur ki, işğal altında qalan kəndimiz yadıma düşməsin, ayağa qalxaraq doğulduğum o məkana getmək istəyirəm, fəqət, ora  gedən yollar bağlıdır,gücüm yalnız  xəyallara  çatır. Bütün ruhumla demək olar ki, hər gün  o yerləri qarış-qarış gəzməkdən yorulmuram, gah kövrəlirəm, gah da qəzəbimdən taqətdən düşməkdə olan dizlərimi döyəcləyirəm.

Gündüz  yenə adamın başı işə-gücə qarışır, gecələr məni çarmıxa çəkir, dan üzünə qədər yatağımda vurnuxuram, sinəm qəm oylağına çevrilir, ürəyimdən qara qanlar axır,xəcalətdən başımı dikəldib dağlara tərəf  baxa bilmirəm...

Baharın kövrək, həzin  havası  ürəyimin başında qövr edən  həsrətin, nigarançılığın  odunu-atəşini söndürə  bilmir.

Yaş üstünə yaş gəldikcə çox kövrəlirəm, bir yerdə qərar tuta bilmirəm. Elə bil içimdən oyuluram. Yurdsuzluğun gətirdiyi sıxıntı, qəm, kədər, həsrət  varlığımda  sanki,  əbədilik  bir  yuva qurub, məni için-için didir, parçalayır.

Bəxtəvər başına, ay kədər, ay  həsrət,heç olmasa sizin bir yuvanız var, mənim  isə  nə yurdum var, nə  də  yuvam. Beşiyimdən, iməklədiyim torpaqdan, ata  evindən, ana qucağından  məni zülümlə,sitəmlə ayırdılar. Taleyimi  hərə bir  tərəfdən döyəclədi,ağrılar,göynərtilər  qəlbimdə neçə vaxtdır ki,səfil, sərgərdan  gəzir.

Yurdsuzluq   insanın  ən  böyük faciəsidir, ayağının altında doğulduğun  torpaq  yoxdursa o zaman insan özünü çox gücsüz, arxasız, köməksiz, sınmış, öləzimiş bir vəziyyətdə  hiss  edir. Elə bir gün olmur ki, keçmişə qayıtmayam, doğulub boya başa çatdığım Əliağalı kəndinə ruhəndə olsa səyahət etməyəm.

Ermənistan öz havadarlarının köməyinə arxalanaraq 1992-ci ilin axırlarında və 1993 –cü ilin ortalarında Ağdam rayonuna hərbi təcavüz edərək dinc əhalini öz tarixi və əzəli yurdundan  qovaraq, dünyanın ən qədim, ən gözəl, ən yaraşıqlı,ən varlı şəhəri olan Ağdamı yer üzündən sildi. İndi bu şəhərin xarabalıqlarında bayquşlar ulayır, burada didərgin ruhlar dolaşır.

Həmin Ağdam şəhərindən mənim doğulduğm kəndə 25 kilometr məsafə var idi. Ağdamda qədim tarixi olan məhlələr var idi. Onlardan biri də Sartəpə adlanırdı ki, oradan Ağdərə istiqamatinə maşınlar gedirdi. Həmin maşınlarla Qızılı Kəngərli kəndinə qədər gedir və sonra sola burularaq Kolanı obalarına tərəf yol başlayardı.

Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısına böyük bir bənd salıblar.Tikinti işlərinə başlayanda həmin ərazidə bir balaca qəsəbə də tikilib. İnşaatçılar həmin evlərdə yaşayıblar. Bura “Xaçınstroy” kimi həmin illərdən məşhurlaşıb. Həmin qəsəbədən bizim kənd 7-8 km aralıda,dağların ətəyində, Xaçınçayın sahilində yerləşir.

Kəndin çox gözəl və məftunedici mənzərəsi var idi. Ağdam rayonunun ən ucqar dağ kəndi Əliağalı qədim tarixə malik idi. Qafqaz Albaniyası dövründə bu kəndin yaxınlığında, Xaçınçayın sahilində gəmi tərsanəsi olub ki,onun qalıqlarını görmək mənə də qismət olub. Çox qədim abidələrin bir çoxu sovet hakimiyyətinin ilk illərində uçurulsa da onların qalıqları erməni işğalına qədər mövcud idi.

Kənddəki yer adlarının çoxu Qara sözü ilə başlayırdı ki, bu da həmin yerlərdə ta qədimdən, türk mənşəli xalqların yaşamasından xəbər verirdi. Məsələn, Qarabulaq, Qaragüney, Qaraqaya və s.adlar tarixin bütün ziddiyyətlərinə baxmayaraq uzun əsrlər boyu yaşayıb. Yuxarıda qeyd etdiyim kimi, Qafqaz Albaniyası dövründə mənbəyini dağ bulaqlarından alan çayı Xaç(ın) adlandırıblar.

Xaçınçayının suyu yayda belə buz kimi olurdu, kəndimizin dörd bir yanında bir-birində sərin bulaqlar var idi. Çinarlı bulağı bir əfsanə, bir möcüzəydi. Uşaqlıq illərində bu yerlərdə qoyun-quzu otararkən, Xan çinarların əhatəsində olan bu bulaqdan dizimizi yerə qoyaraq o qədər su içirdik, bu bulağın başında süfrə açıb çörək yeyirdik, indi onlardan ötəri,burnumun ucu göynəyir, ürəyim şan-şan olur. İlk məhəbbətin sehrini yaşayan oğlanlar öz sevdikləri qızın adını bıçağın ucu ilə həmin çinarların gövdəsinə yazırdılar.

Kənd öz təbiəti ilə dünyada bənzəri olmayan,ilhinin bəxş elədiyi bir guşədə yerləşirdi. Bütün ilboyu kəndin ətrafındakı meşələrdən çoxlu giləmeyvə və meyvələr yığardıq. İlahi,burada nələr yox idi?! Fevral ayında kəndimizdə şaxta nə qədər çox olsa da bir də baxırdın ki, təpələrin döşündə qarçiçəkləri (ona danaqıran da deyirdik) baş qaldırıb. Çubuğun ucunu yonqarlayaraq həmin çiçəklərin dibini qazaraq onun kökünü çıxardıb təmizləyərək kabab kimi çöplərə taxıb ocaqda bişirərdik. Sonra, yemlik, təkəsaqqalı, mərəçöyüd (qulançar), qanqal, göbələk, qırxbuğum, qıjı, quzuqulağı və adı yadımdan çıxan nemətlərə qidalanardıq. Hələ Xaçınçayındakı balıqlar. Üzüaxara tərəf üzən bu balıqlara qızılbalıq, yaxudda bığlı balıq deyirdik. Həmin balıqlardan biçirilən döşəmənin,kababın dünyanın heç bir yerində tay bərabəri yox idi.

Çöldə bayırda qoyun quzu otaranda mərəçöyüd yığaraq ocaq qalayıb qovsara bişirərdik. Əzgil, zoğal ağaclarının cavan bidaqlarını bıçaqla səliqə ilə soyaraq mərəçöyüdü onun içinə yığaraq hər iki tərəfini bağlayandan sonra ocağa basdırardıq. Qovsaranın ətri aləmi başına götürərdi,ilahi,sanki,cənnət yeməyi idi.

Axşam düşənə kimi top qovardıq, sonra kəndimizdə çox güclü bir futbol komandasıyarandı. Qonşu, Sırxavənd, Əlimədətli, Xaçındərbənd, Qalayçılar, eləcə də, erməni kəndləri Qazançı,Yengicə komandaları ilə yarışlar keçirilərdi. Bu sətirlərin müəllifi də,futbol komandasının hücumçusu idi. Yarışların böyük əksəriyyəti bizim komandanın qələbəsi ilə başa çatardı.

İlahi, nə xoşbəxt günlər yaşamışıq, necə bəxtəvər olmuşuq, səhər tezdən, acqarına şah tutdan, bedanadan doyunca yeyərdik, güllərin, çiçəklərin ətrinə bələnərdik, nehrə yağının yaxmacı, çolpa çığırtmasının dadı, tamı,təzə pendirin, qaymağın, təndir çörəyinin, xamralının ətri adamı bihuş edirdi.

Azar-bezar nədi tanımazdıq, qışın şaxtasında Xaçınçayın buzunu sındırıb içərdik, iri sal daşların altından balıq tutardıq, meşələrdən qoz, fındıq yığardıq, payız vaxtı xəzəllərin arasından əzgil, zoğal yığıb yeyərdik, qora, quş üzümü salxım-salxım olardı.

Kəndimizdə klub, kitabxana, məktəb, tibb məntəqəsi, poçt, mağaza və başqa inzibati binalar, daşdan tikilmiş birmərtəbəli və ya ikimərtəbəli evlər var idi, hər bir evə qaz gəlmişdi, telefon xətti çəkilmişdi, dəqiq, düşünülmüş plan əsasında tikilmiş kəndin kənarından keçən yol ilə qoyun sürüləri yaylaqlaqlara qalxardı.

Məktəb kəndin ortasında tikilmişdi. Çox savadlı, cox səmimi müəllimlərimizi unutmaq mümkün deyil. Mən birinci sinifə gedəndə məktəbin direktoru Ağa Nəsirov idi. Qalayçılar kəndindən olan Ağa müəllim ötən əsrin 60-cı illərində  səkkizillik məktəbi tam orta məktəb sttusuna çatdırmışdı. Sonra,həmin məktəbdə, Kamal Sultanov, Alxas Hətəmov, Bünyad Əliyev direktor olublar. Onların xətir hörməti, ziyalı mövqeyi, ağsaqqallığı,alicənablığı bir örnək idi. Mənə qələm tutmağı öyrətmiş Mənzər müəllimə, Ənvər müəllim, Sərdar müəllim, Surxay müəllim, Temir müəllim, Hacı müəllim haqq dünyasına qovuşublar, ruhları həmişə şad olsun.

Kəndimizin ilk jurnalisti mən olmuşam. İndi bu kəndin görkəmli alimləri,hərbiçiləri,hüquqşünasları,jurnalistləri,biznesmenləri var,xarici ölkələrdə yaşayan həmkənlilərim Əliağalının adını şərəflə yaşadırlar.

Qarabağ müharibəsində kəndimizdən 42 nəfər şəhid olub, bir neçə nəfər isə itkin düşüb.

Əliağalıdan məmləkətimizə, bütün Azərbaycana bir yol gəlirdi. O yol həlak olub, o yol şəhid olub, o yol əsarətdə qalıb, o yol işğala məruz qalıb.

Suallar çoxdur, cavab isə birdir: -o yolları öz gücümüzlə açmalıyıq, o torpaqları qanımızla suvararaq azad etməliyik. Məni heç kəs qınamasın, başqa bir yol qalmayıb. 25 ildən çoxdur ki, regionda baş verən hadisələr, olaylar,münasibətlər də   bunu təsdiq edir.  Mən öz kəndimizə getmək istəyirəm...  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı