Modern.az

Əladan əla – Dinşünas Nəriman Qasımoğlunun gənclərlə ZARAFATI

Əladan əla – Dinşünas Nəriman Qasımoğlunun gənclərlə ZARAFATI

Aktual

10 İyul 2019, 15:45

Nəriman Qasımoğlu


2004-cü ilin yazı idi, Amerikanın Georgetown University-ində araşdırmaçı qismində çalışırdım. Ofisim Center for Muslim-Christian Understanding-da (Müsəlman-Xristian Anlaşma Mərkəzi) idi.

Bir gün həmkarlarımdan biri zəng edib bildirdi: “Xaricdən Amerikaya gənc ilahiyyatçılar və din xadimlərindən ibarət nümayəndə heyəti gəlib, ABŞ-da ziyarət edəcəklərinin sırasında universitetimiz də var. Məsləhət olub həmin nümayəndə heyətini sən qəbul edəsən”.

Soruşdum “nə məsələdir, mənim səlahiyyətimdə deyil axı?!”. Həmkarım izah etdi: “Niyə də yox, sən də bizim əməkdaşımız”.
Nümayəndə heyətinin hansı ölkədən olduğunu soruşdum, dedi ki, “Azərbaycandan gəliblər”. “Great!”, yəni “əla!” deyib görüş vaxtını öyrəndim.

Əhvalım da əlaydı: bir azdan həmvətənlərimi bir Amerika universitetinin təmsilçisi kimi rəsmən qəbul etməliydim.

Qəbul zalındayam. Heyətin üzvləri içəri daxil olurlar. Tərcüməçi də Bakıdandır. Qonaqları salamlayandan sonra Amerika-Azərbaycan əlaqələrinin strateji mahiyyətindən, Amerikada etiqad azadlıqlarının tarixindən, təmsil etdiyim universitetin keçirdiyi dinlərarası dialoq tədbirlərindən və s.-dən uzun-uzadı söhbət aparıram. Cümlələrimə fasilə də verirəm ki, tərcüməçi dediklərimi Azərbaycan dilinə rahat tərcümə edə bilsin. Sonra keçirik açıq söhbətə, sorğu-suala. Azərbaycanda etiqad azadlıqları barədə soruşuram, onlar mənə Azərbaycanda dini tolerantlığın tarixindən danışırlar.

Görüş bitir, söhbəti elə zaldaca qonaqların şərəfinə təşkil edilən kofe-şirniyyat süfrəsi ətrafında davam etdiririk. Bakılı tərcüməçi məndən əslimi soruşur. “Roluma” davam edib əslən azərbaycanlı olduğumu, ABŞ-a nə zamansa babalarımın hicrət etdiyini deyirəm. Ona maraqlı gəlir. Dilimizi bilib-bilməməyimi soruşur. Bir-iki kəlmə “qırıldadıb” deyirəm bildiyim elə budur. Gənc din xadimlərindən biri yaxınlaşıb mənə şərq miniatürləri ilə bəzənmiş qələmdan hədiyyə edir.

Nümayəndə heyətində bir gənc xanım da var, ilahiyyat fakültəsini bitirib. Space-də bir dəfə mövhumatçıların cərgəsində mənimlə mübahisəsi də düşüb. Maraqla məni süzür, bilirəm fikrindən keçirir ki, görəsən bu mən olaram, ya bir başqası. Yaxınlaşıb ehtiyatla ingiliscə salam verir. Onun üçün gözlənilməz olaraq Azərbaycanca salamlaşıb hal-əhval tuturam və deyirəm “indi isə məni tanımamış olmazsınız”. Gülümsünür. Tərcüməçi çaş-baş qalıb. Ümumilikdə isə hiss edirəm bu durum onlarda pozitiv ovqat yaradıb. Azərbaycan dilində danışdığımı eşidib digərləri də ətrafıma toplanırlar. Söhbətimiz şirin məcraya yönəlir. Gənclər bir-bir yaxınlaşıb mənimlə Georgetown universitetinin foyesində, pilləkanlarında şəkil çəkdirirlər. Biri deyir, “görün burada sizin nə qədər hörmətiniz var ki, xarici nümayəndə heyətini amerikalılar adından qəbul etməyi sizə tapşırıblar”.

Əhvalım bu dəfə isə “is better than great”, yəni əladan da əladır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı