Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsindən 50 il ötür. 1969-cu ilin 14 iyulunda hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, inkişaf etmiş diyara çevirə bildi. Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi geniş qeyd edilir, dahi şəxsiyyətin xalqı və milləti qarşısındakı misilsiz xidmətləri minnətdarlıq duyğuları ilə anılır. Çünki Azərbaycanın, o cümlədən Füzuli rayonunun inkişafı, intibahı dahi şəxsiyyətin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələnə kimi Azərbaycan SSRİ-nin ən geridə qalmış rayonlarından olan Füzulidə kənd təsərrüfatının, iqtisadiyyatın inkişafı məhz 1969-1982-ci illərə təsadüf edir.
Heydər Əliyev Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə 2 dəfə Füzuli rayonunda olmuş, kolxoz və sovxozlara baş çəkmiş, rayonun əməkçiləri ilə görüşmüşdü. Onun Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə Füzulidə sənaye istehsalı, o cümlədən kənd təsərrüfatının ayrı-ayrı sahələri – heyvandarlıq, taxılçılıq, üzümçülük, baramaçılıq, bostan-tərəvəz istehsalı bir neçə dəfə artıb. Taxıl, pambıq və üzüm istehsalında fərqləndiyinə görə rayonun 27 əməkçisinə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilib. Arayatılı kəndindən olan pambıqçı Şamama Həsənova isə 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
1993-cü ilin ortalarında ölkədə yaranmış son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Qısa müddətdə ölkədə mərkəzi hakimiyyəti möhkəmləndirmək, siyasi sabitliyə nail olmaq, orduda ruh yüksəkliyi yaratmaq, vahid komandanlığı bərpa etmək kimi həlli vacib məsələlər öz həllini tapmalıydı. Təbii ki, bu cur çətin yükün öhdəsindən ancaq Ulu öndər Heydər Əliyev kimi dahi şəxsiyyət gələ bilərdi. Məhz, Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra ermənilərin torpaqlarımıza hücümlarının qarşısı alındı, Azərbaycanın hərb tarixinə qızıl həırflərlə yazılan Horadiz əməliyyatı ilə Qarabağ müharibəsində dönüş yaradıldı. Horadiz əməliyyatından əvvəl Heydər Əliyevin cəbhə xəttində əsgər və zabitlərlə görüşməsi, onların qarşısında çıxış etməsi orduda xüsusi bir ruh yüksəkliyi yaratdı, Azərbaycan əsgərinin qələbə inamını özünə qaytardı.
Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü il yanvar ayında Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində düşməndən azad edildi. Düşməndən azad olunmuş yaşayış məntəqələrində ulu öndərin rəhbərliyi ilə geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparıldı, yandırılmış və dağıdılmış evlər, infrastruktur obyektləri bərpa olundu, məcburi kömkün ailələri üçün yeni qəsəbələr salındı, müxtəlif şəhər və rayonda məskunlaşan füzulili məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar.
Hazırda Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 70 minə yaxın insan yaşayır, işləyir və öz uğurlu gələcəklərini qururlar. Öz torpaqlarında, isti ocaqlarında yaşayan füzulililər daim ulu öndər Heydər Əliyevi minnətdarlıq hissi ilə anırlar. Çünki onlara bu torpaqlarda yaşamaq sevincini Heydər Əliyev bəxş edib.
Düşmənlə təmas xəttində yerləşən Füzuli rayonunda bu gün də həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, onun müdrik strategiyası dayanır. Ulu öndər Heydər Əliyevin ideyaları, dövlətçilik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev əbədiyyətə qovuşsa da onun ideyaları, siyasi kursu füzulililərin qəlbində əbədi yaşayacaqdır. Çünki bu dahi şəxsiyyət bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edib. Bu qiymətli ömrün hər anı, hər günü Vətənə, xalqa sədaqət nümunəsidir.
Füzulililər hər zaman olduğu kimi bu gündə Heydər Əliyev ideyalarına, onun siyasi kursuna sadiqdirlər. Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşiblər, onu sevirlər və dəstəkləyirlər.
Füzulililər inanırlar ki, nə qədər ki, Azərbaycan var, ulu öndərin adı və siyasi kursu yaşayacaqdır.