Modern.az

31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı onlar təmsil edir - ADLAR

31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı onlar təmsil edir - ADLAR

Aktual

6 Avqust 2019, 14:34

Avqustun 6-da Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü başlayıb.

1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın müxtəlif ölkələrindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır.


Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib

Avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində keçirilir. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.



Modern.az xəbər verir ki, bu yarışda ölkəmiz adına 4 şagird mübarizə aparır.

Abutalıb Namazovun bu yarışda Azərbaycana medal qazandıracağına böyük ümidlər var. Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi olan Abutalıb indiyədək həm respublika, həm də beynəlxalq fənn olimpiadalarında böyük uğurlar qazanıb. Respublika Fənn Olimpadalarında 2015-2016-cı tədris ili üzrə keçirilən informatika fənni üzrə iştirak edən Abutalıbın ilk medalı bürüncdən  olub. 2016-2017-ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə də qatılıb və bu fənn üzrə bürünc, informatika fənni üzrə qızıl medala layiq görülüb. 2017-2018-ci tədris ilində riyaziyyat fənni üzrə gümüş medal, informatika fənni üzrə qızıl medal əldə edib. Ötən il, 2018-2019-cu tədris ili informatika fənni üzrə qızıl medal qazanıb.

Abutalıbın beynəlxalq olimpadalarda əldə etdiyi nailiyyətlər də kifayət qədərdir. Bolqarıstanda keçirilən EJOİ informatika fənni üzrə yeniyetmələrin I Avropa, Yeniyetmələrin 22-ci Balkan Riyaziyyat Olimpiadasının riyaziyyat fənni üzrə, Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa olimpiadalarının bürünc medalçısıdır. Abutalıb Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadasında İnformatika fənni üzrə gümüş medal qazanıb.


İbrahim Tağızadə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Ölkəmizdə həm 2017-2018-ci, həm də 2018-2019-cu tədris ilində  informatika fənni üzrə keçirilən olimpiadaların gümüş medalçısıdır.

İbrahim Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Beynəlxalq Meqapolislər olimpiadalarına qatılaraq hər iki yarışda bürünc medal qazanıb.


Murad Eynizadə də Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X  sinif şagirdidir. Respublika Fənn Olimpadalarında uğur qazanmağa 2016-2017-ci tədris ilindən başlayıb. İnformatika fənni üzrə həmin il qızıl medal, 2017-2018-ci tədris ilində gümüş medal, 2018-2019-cu tədris ilində qızıl medal qazanıb.

Beynəlxalq səviyyədə Azərbaycanı Rusiya Federasiyasında təşkil olunan EJOİ informatika fənni üzrə yeniyetmələrin II Avropa və Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautikov olimpiadalarında təmsil edib. Birinci yarışda bürünc medal, ikinci yarışda isə gümüş medal əldə edib.


Fərhad Əzimov Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdidir. Fərhad indiyədək Respublika Fənn Olimpadalarında uğur qazanıb. Belə ki, 2016-2017-ci tədris ilində keçirilən respublika fənn olimpiadasında  informatika fənni üzrə bürünc medal, 2017-2018-ci tədris ilində  informatika fənni üzrə gümüş medal, 2018-2019-cu tədris ilində  gümüş medal əldə edib.

Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası onun beynəlxalq səviyyədə qatıldığı ilk yarışdır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı