Artıq ödənilmiş icbari tibbi sığorta haqlarının qaytarılması ilə bağlı qaydalarda məsul qurum kimi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi göstərilib. Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Modern.az xəbər verir ki, bu dəyişiklik Baş nazir Əli Əsədovun imzaladığı 20 noyabr 2026-cı il tarixli 389 nömrəli qərarda əksini tapıb. Qərarla icbari tibbi sığortanın idarə olunması ilə bağlı Nazirlər Kabinetinin altı qərarına dəyişiklik edilib.
Dəyişikliklərdən biri əlilliyin qiymətləndirilməsinə aiddir. Qaydalarda qiymətləndirməni həyata keçirən qurum kimi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi göstərilib. Şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacı barədə tibbi göstərişə dair müddəa qaydadan çıxarılıb. Tibbi-sosial ekspert komissiyasının qərar formasının 4.7-ci bəndi də ləğv edilib.
Dövlət qeydiyyatına alınmış dərmanların qiymətlərinin tənzimlənməsi qaydasının 5.11-ci bəndində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı ilə əvəzlənib. Həmin agentliyin adı büdcə əməliyyatlarının əlaqələndirilməsinə dair tədbirlər planının bir sıra bəndlərindən və ilkin hərbi qeydiyyat qaydasının 3.5-ci bəndindən də çıxarılıb.
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydasında isə Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi müvafiq fondlar üzrə göstərilib.