Qida məhsullarının keyfiyyətinin aşağı düşməsinə temperatur, işıq, nəmlilik, mikroorqanizmlər kimi amillər, həmçinin, mal qonşuluğu prinsipinin pozulması da təsir edir. Sanitar-gigiyenik norma və qaydalara əsasən ərzaq mağazalarında, market və supermarketlərdə, müxtəlif iaşə obyektlərində - kafe və restoranlarda mal qonşuluğu prinsipinə əməl edilməsi tövsiyə olunur. Bu qaydalara əməl etməklə təklif olunan məhsulların keyfiyyəti, məhsulların əmtəə görünüşü və təhlükəsizliyi qorunmuş olur.
Qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartları normativ aktlar və qanunlarla tənzimlənir. Qida məhsullarının istehsalı, daşınması və saxlanması mərhələləri bu qanunlar vasitəsilə nizamlanır. Burada əsas məqamlardan biri məhsulların saxlanacağı anbarların sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti, həmçinin anbarlarda istifadə olunan qabların təmizliyidir.
Mal qonşuluğunun başlıca şərti, məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Tez xarab olan məhsullar soyuducularda, un, şəkər və taxıl məhsulları isə yaxşı havalandırılan, quru otaqlarda saxlanılmalıdır.
Mal qonşuluğu prinsipinin ümümi qaydaları aşağıdakılardır:
Meyvələr nə istəyir?
Bundan əlavə, ayrıca meyvə və tərəvəzlərin xüsusi saxlanma qaydaları var ki, onlara əməl etməklə istifadə müddətini uzatmaq olar.
Almanın üstündə çürük görsəniz, dərhal bir boşqaba qoyun. Çünki digərlərinin yanında qaldıqda çürüyün onlara keçməsinə səbəb olur.
Bananın təzəliyini qorumaq üçün salxımın kökünü neylon torbaya bürüyün. Digər meyvələrin yanında saxlamayın. Bananın buraxacağı yüksək miqdarda etilen qazı digər meyvələrin dəymə və çürümə prosesini sürətləndirdiyi üçün ayrıca saxlanılmalıdır.
Böyürtkən, qaragilə, zoğal, moruq kimi giləmeyvələri az sirkəli suda saxlasanız, kiflənməsinin və yumşalmasının qarşısını alarsınız.
Pomidoru günəş düşməyən, otaq temperaturunda saxlamaq lazımdır. Meyvələrdən ayırmaq şərti ilə xüsusi yerdə saxlanan pomidorun sapı üstündə qalmalıdır. Sellofan torbada saxlasanız, daha tez çürüyəcək. Pomidor soyuducuda bütün dadını itirir. Soyuducudakı soyuq hava pomidorun daha yaxşı yetişməsinə mane olduğu üçün dadsızlaşır. Odur ki, onları mətbəx səbətində, ya da torbada saxlamaq daha yaxşı fikirdir.
Kəsilmiş və ya püre halına salınmış avokadonun ortasını deşin, üzərinə limon suyu və ya zeytun yağı səpib, plastik qabda və ya paketə büküb soyuducuda saxlayın. Bu yolla avokadonun qaralmasının qarşısını alacaqsınız. Onu da qeyd edək ki, avakodanın daha dalı olması üçün onları soyuducudan uzaq saxlamaq məsləhətdir. Həmin meyvənin daha tez yetişməsini istəsəniz, bir neçə gün otaq temperaturunda banan və ya almanın yanına qoyun. Amma tam yetişmiş avakoda almısınızsa, onu rahatlıqla soyuducuya qoya bilərsiniz.
Tərəvəzlər diqqət istəyir!
Evə bazarlıq edərkən cürbəcür tərəvəzlər alırıq. Amma bir neçə gün keçəndən sonra onlar ya təravətini itirir, ya da korlanır. Bu isə həm cana, həm də cibə zərərlidir. Lakin bir çox təcrübəli evdar xanımlar tərəvəzləri uzun müddət təzə saxlamağın sirlərini bilirlər. Hətta tez xarab olan ərzaqların belə ömrünü uzadırlar.
Qarğıdalı lopalarını dondurucuda saxlasanız, onlar bir-birinə yapışmayacaq.Soyuducunun qapısında saxladığımız yumurtalar qapı açılıb bağlandıqca xarab olub keyfiyyətini itirir.
Yumurta qabının qapıda quraşdırılmasına baxmayaraq, ora yumurta saxlamaq üçün heç uyğun yer deyil. Yaxşı olar ki, onları soyuducunun içinə yerləşdirəsiniz.
Göbələkləri kağız paketdə, quru və sərin bir yerdə, həmçinin soyuducuda saxlamaq olar. Göbələk plastik qapalı qabda saxlanmamalıdır. Çünki havasız qalanda tez xarab olur. Kağız isə bütün rütubəti canına çəkir.
Kahını da eyni qaydada – kağız paketlərdə saxlamaq lazımdır.
Kərəvizi 5 həftəyə qədər saxlamaq olar. Bunun üçün onu soyuducuya qoymazdan öncə alüminium folqaya bükmək lazımdır.Əsasən yay tərəvəzlərini qışda yeyə bilmək üçün çoxumuz qidaları dondurma yolunu seçirik.
Bəs, soyuducuya qoymazdan əvvəl etməmiz lazım olanlar nələrdir? Dondurduğunuz tərəvəzlərin uzun müddət keyfiyyətini və yeniliyini qorumalarını istəyirsinizsə, dondurmazdan əvvəl qaynayan su içərisinə qoyaraq 2-3 dəqiqə qaynadın, sonra dərhal soyuq suya tutun. Suyu yaxşıca süzüldükdənn sonra neylon torbalara doldurub havasını çıxarın və dondurun. Beləcə, hazırladığınız tərəvəzlərin daha təzə və ləzzətli qaldığınının şahidi olacaqsınız.
Salat üçün aldığınız göyərtilər yaşdırsa, dəsmala büküb əvvəlcə qurudun. Açıqda saxlayaraq qurutsanız, öz suyunu itirə bilərlər. Geniş qaba qoyub üstünə nəmini alması üçün qəzet kağızı yerləşdirin. Üstünü plastik qapaqla və ya sellofanla bağlayın.
Kartofu soğanın yanında saxlamayın, yoxsa daha tez cücərəcəklər. Almaların yanında saxlasanız, əksinə, cücərməsinə mane olacaq.
Quru soğanı boru kimi torbanın içinə, təsbeh dənəsi kimi tək-tək düzüb aralarına düyün ataraq saxlayın. Torbanı köhnə bir şalvarla da əvəz edə bilərsiniz. Belə ki, şalvarın balaqlarına düzdüyünüz soğanlar bir-birinə dəyməzsə, uzun müddət cücərməz.
Yaşıl soğan yaşdırsa, əvvəlcə qurudun. Bıçaqla kəsin. Boş plastik butulkaya doldurub soyuducuya yerləşdirin.
Ədviyyatlar təzə qalsın
Adaçayı, kəklikotu kimi təzə və ətirli otları kəsib, zeytun yağı ilə doldurulmuş kiçik buz qəliblərinin içinə qoyaraq dondurun. Lazım olduqda buz qəliblərindən ehtiyacınız olduğu qədər donmuş kəklikotulu buzu çıxarıb yemək bişirəndə istifadə edə bilərsiniz.
Cəfəri, reyhan kimi təzə otların kökünü kəsib, su dolu stəkana qoyun. Daha sonra üstünü hava keçirməyəcək şəkildə yağlı sellofanla örtüb soyuducuda daha uzun müddət saxlaya bilərsiniz.
Kəklikotu kimi ətirli otların köklərini iplə bağlayıb asın. Bu vəziyyətdə bu otu uzun müddət mətbəxdə saxlamaq olar.
Süd məhsulları
Kəsilmiş pendirin qurumasını əngəlləmək üçün onun kəsilən səthinə kərə yağı sürtün. Pendir sellofanla örtülməməlidir. Yalnız yağlı və ya mumlu kağıza bükdükdən sonra plastik sellofana qoya bilərsiniz. Bu şəkildə qablaşdırılan pendir soyuducunun çox soyuq olmayan yerində uzun müddət qala bilər.
Quru meyvələri kifdən qoruyun!
Nəm və isti hava quru meyvələrin üzərində kif göbələyi və zəhər əmələ gəlməsinə səbəb olur. Bu səbəbdən də onlar vakuumlu qablaşdırmada və soyuducuda saxlansa, daha uzun müddət və təzə qalacaq.
Tez xarab olan məhsullara diqqət!
Süd kimi asan xarab olan ərzaqları soyuducunun tez-tez açılan və bu səbəbdən otaq temperaturundan daha asan təsirlənən yerində deyil, hava dəyməyən rəflərində saxlayın.
Ət ilə müxtəlif ərzaqları eyni rəfdə saxlamayın, əks halda mikrob yoluxmasını asanlaşdırarsınız. Çiy ətə toxunsanız, əlinizi yumadan başqa ərzaqlara vurmayın.
Bir çox xəstəliklərə yol aça bildiyi üçün alüminium əsaslı qablardan istifadə etməyin.
Soyuducunu ağzına qədər doldurmayın. Soyuq hava dövranı yetərsiz olarsa, ərzaqlar bərabər şəkildə soyumayacaq. Bu da ərzaqların daha çox korlanmasına gətirib çıxarır.
Meyvə, tərəvəz və əti soyuducuya kiçik parçalara ayırıb yerləşdirsəniz, onların arasına hava daha asan daxil olacaq və tez xarab olacaq. Odur ki, meyvə, tərəvəz və əti soyuducuya doğramadan saxlayın.
İnanırıq ki, bu məsləhətlər sizəərzaq məhsullarını daha uzun müddət saxlamağa kömək edəcək.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Qida təhlükəsizliyi və sağlam qidanın təşviqi ilə bağlı internet resurslarında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.