Meşələri Yer kürəsinin “ağciyərləri” də adlandırırlar. Fauna və floranın bütün gözəlliklərini özündə cəmləşdirən meşələr insanlar üçün ən gözəl istirahət və rahatlıq məkanıdır. Bax elə bu baxımdan da meşələrimizi qorumaq hər bir vətəndaşın borcudur.
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 27 avqust 2019-cu ildə Masallı rayon İcra Hakimiyyətində keçirdiyi seminar-müşavirə də məhz meşələrdə yanğın təhlükəsizliyinin təmin olunmasına həsr edilib.
Tədbirdə Masallı regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, kənd icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminar-müşavirədə meşəətrafı ərazilərin şumlanaraq minerallaşdırılmış zolaqların yaradılmasının, meşələrdə tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin təhlükəli olduğu xüsusi vurğulanıb, su mənbələrinə yolların salınmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin hovuzların yanında avtomobillərin rahat dönə bilməsi, manevr etmələri üçün meydançaların daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının zəruriliyi qeyd olunub.
Daha sonra tədbir iştirakçıları meşə ərazilərinə baxış keçiriblər, yerlərdə yanğın təhlükəsizliyinin vəziyyəti araşdırılıb, müvafiq qurumlar təlimatlandırılıb, yanğınların baş verməməsi üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsi vacibliyi xüsusi olaraq vurğulanıb.