Azərbaycan Premyer Liqasının III turunda növbəti oyun keçirilib.
Modern.az xəbər verir ki, "Bakcell Arena"da "Neftçi" "Sumqayıt"ı qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 33-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Mehdi Şərifi açıb. O, qapıçı Səlahət Ağayevin kobud oyunundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
"Neftçi"nin kapitanı Emin Mahmudovbu 64-cü dəqiqədə hesabı bərabərləşdirib.
83-cü dəqiqədə Murad Xaçayev ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda qoyub. Meydan sahibləri say üstünlüyündən uzatma dəqiqələrində Stiven Jozef-Monrozun dəqiq zərbəsi ilə yararlana bilib. Bu qoldan sonra meydanda iki komandanın üzvləri arasında toqquşma baş verib.
Qonaqların kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedib və ona sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Xoşagəlməz hadisə zamanı Bakı klubunun məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub.