İllərdir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını “qara siyahı”ya salır, onların Azərbaycana səfərini yasaqlayır.
Yerli və xarici məlumatlara əsasən, hər il minlərlə əcnəbi Qarabağa qanunsuz səfər edir.
Bu mənfi tendensiyanın qarşısını almaq üçün 2011-ci ildə deputat Qüdrət Həsənquliyev Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim etmişdi. Amma nədənsə layihə müzakirəyə çıxarılmadı.
Milli Məclisin ötən plenar iclasında da deputatlar bu məsələni bir daha gündəmə gətirdilər.
Deputat Qənirə Paşayeva Azərbaycanın işğal olunmuş torpaqları ilə əlaqədar xüsusi qanunun hazırlanmasının vacibliyini qeyd edib və bildirib ki, bu qanunun parlamentdə qəbul olunmasına ehtiyac var. Onun sözlərinə görə qanunun qəbulu bu sahədə xoşagəlməz halların qarşısının alınmasında önəmli addımlardan biri ola bilər.
Deputat Azay Quliyev də işğal altındakı ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətin bir daha Azərbaycan qanunvericiliyində təsbit edilməsi və bunların sərhədlərinin daha dəqiq şəkildə göstərilməsinin vacibliyini qeyd edib.
Bəs nəyə görə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb qəbul edilmir?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Modern.az-a mövzu barədə danışıb. O, işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi ətrafında düşünmək lazım olduğunu bildirib:
“Qəbul ediləcək qanun layihəsinin parametrinin necə olacağı da maraqlıdır. Çünki Gürcüstan hökuməti də qanun qəbul edib. Ancaq o qanun beynəlxalq aləmdə işləmir. Xarici vətəndaşlar işğal olunmuş ərazilərə getməkdə davam edirlər. Ola bilsin ki, qanun səviyyəsində, yaxud da formal səviyyədə müəyyən parametrlərin qəbul edilməsinə ehtiyac var. Bu baxımdan onu işləyib hazırlamaq lazımdır. XİN-nin “qara siyahı”sı var. Kim ki, icazəsiz səfərlər edir, dərhal siyahıya daxil edilir”.
Fərid Şəfiyevin sözlərinə görə, elə qanun layihəsi qəbul etmək lazımdır ki, onun təsiri olsun:
“Qanunvericilikdə bəzi maddələr var ki, onlar yerinə yetirilir. Cinayət məsuliyyətinə cəlb etmə də var. Məsələn, Belarusdan olan bloger Aleksandr Lapşin vardı, onu həbs etmişdik və sairə. O maddə tətbiq edilmişdi. Müxtəlif qanunlarda bu məsələ az da olsa, öz həllini tapır. Ayrıca qanun qəbul edilməsinə gəlincə, bunun üzərində bir qədər düşünmək lazımdır. Çoxlu qanun qəbul etmək olar. Qəbul etdiyimiz qanunun mexanimzi beynəlxalq aləmdə tətbiq edilməyəcəksə, o qanunun təsiri də aşağı olacaq. İşğal olunmuş ərazilərlə bağlı elə qanun layihəsi qəbul etməliyik ki, onun mütləq təsiri olsun”.