Modern.az

Soçi NİDASI

Soçi NİDASI

Aktual

4 Oktyabr 2019, 10:43

Əkbər Qoşalı

Dünən – oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı (illik) toplantısının plenar sessiyası keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyev sessiyada iştirak edirdi. Gündəlikdə duran məsələlərin Asiyaya aid olduğu  sessiyada çıxış edən Azərbaycan Prezidenti, diqqəti Azərbaycanın (ümumən Qafqazın və yaxın coğrafiyanın) əsas məsələsinə cəlb edərək, Ermənistanın işğalının nəticələrinə vurğu yapdı və artıq trendə çevrilmiş bu – tarixi sözləri dedi: “Qarabağ Azər­bay­candır və nida işarəsi”. –

…Mən Ermənistan Baş nazirinin təəccüb doğuran “Qarabağ – Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır.

...Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - Azərbaycandır və nida işarəsi!”

Azərbaycan Prezidenti əlavə etdi ki, Ermənistanın özü də bu qanunsuz qurumu tanımır. – Pre­zident Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olmasına dair açıqlamasına da toxundu: “Ermənistanın Baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var.

…Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Hel­sinki Yekun Aktına uyğundur”.

Azərbaycan Prezidentindən öncə, Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla, sonra isə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Roa Duterte çıxış etdi.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırdı.

Nə təvafüqdür ki, dünən Ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 26-cı ildönümü idi. Və bu sətirlərin müəllifi, dünən bu tarixi ildönümü münasibəti ilə yazdığı “Anlam dolu gün” adlı yazısını “gün doğmadan nələr doğar” deyə tamamlamışdı...

 

Ali Baş Komandanın trendə çevrilmiş tarixi nidası, ümumən çıxışı bir daha göstərdi ki, dövlət başçısı nəyi, harda və necə demək lazım olduğunu çox yaxşı bilir. İşğalçı ölkənin demorkat libaslı amma işğalçı zehniyyətli baş nazirinin Xankəndində öz erməniləri arasında havalanıb dediyi ağ yalan dolu “nöqtə”sindən fərqli olaraq, bütün dünyanın diqqət mərkəzində olan, neçə dövlət və hökumət başçısının, rəsmi şəxslərin, nüfuzlu ekspertlərin, media mənsublarının iştirak etdiyi platformada sözün həqiqi anlamında ƏDALƏTLİ NİDA ilə çıxış etdi! Bu, bir daha göstərdi ki, dövlətimiz, Qarabağımıza münasibətdə ədalətsizliyi, elan olunmamış müharibənin, onun acı nəticələrinin, işğal faktının doğurduğu “üstünlük”ləri kəsinliklə qəbul etməyəcək! Bilirsiz, bu, ordu quru­culuğu, ordumuzun silahlanması məsələsində qət edilmiş bəlli (ciddi) məsafədən və sülhə sadiqliyi sübuta yetirən sabit rəsmi mövqedən sonra, dos­ta da, düşmənə də duyurulan əmin və dəqiq ismarıcdır!

Biz sülhə sadiqik, ancaq bu ədalətsiliklə barışmaq anlamına gəlməz!

Biz torpaqlarımızın azadlığına qadirik! Deməli, beynəlxalq danışıqlar, vasitəçilərin sülh çağırışı, bir an öncə bir bəlli sonuca varmalıdır, işğal faktı aradan qaldırılmalıdır, Qarabağa, Qafqaza, aid olduğumuz coğrafiyaya dayanıqlı sülh gəlməlidir.

Azərbaycan Prezidentinin NİDAsı, bəzi siyasi spekulyasiya ustalarının Paşinyanın adıyaman açıqlamasından sonrakı pərvərişini də sıfırlamış oldu; yəni özünüzə başqa mövzu tapın, dövlət, şəxsən dövlət başçısı informasiyaların ən dəqiqinə və müvafiq yol xəritəsinə malikdir, xalq üçün, dövlət üçün mümkün olan ən yaxşı nəticəni əldə etməkçün çalışır.

 

Əziz oxucu, arzularımızı duaya, alqışa tökək, niyyət olsun, yol olsun, həqiqət olsun!

Şuşada bayraq qaldıran əsgərimizin sevincdən axacaq göz yaşı... bu dünyanın tutiyası olacaq!

O günə bugündən salam (inam) olsun!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı