Modern.az

Əhməd bəy Ağaoğlunun epistolyar irsi

Əhməd bəy Ağaoğlunun epistolyar irsi

Aktual

29 Dekabr 2019, 18:01

Bu problemə toxunmazdan əvvəl klassik ədəbiyyatda geniş yayılmış, forma   baxımından fərqli və diqqətçəkən epistolyar janrla bağlı vacib bir məqama nəzər salmağa ehtiyac vardır. Məsələ bundadır ki, bədii- publisistik məziyyətlərinə, avtobioqrafik məzmuna, mahiyyətinə  görə epistolyar janr bəzən xatirə, memuar, yaxud gündəliklə eyniləşdirilir, ya da əksinə bu üslublar arasında ciddi fərqlər axtarılır. Dövrünün məmur hərc-mərcliyini, əyanların rüşvətxorluğu ucbatından adına kəsilmiş təqaüdü ala bilməməsindən şikayətlənən Məhəmməd  Füzulinin digər adı "Nişançı paşaya məktub" olan “Şikayətnamə”si, Şah İsmayıl Xətainin faydalı məsləhət və nəsihətləri, əməyə rəğbəti, dostluğa sədaqəti, böyüklərə hörməti və ədaləti təbliğ və vəsf edən "Dəhnamə"si, çağdaş milli fəlsəfi düşüncəmizin təməli sayıla biləcək   Mirzə Fətəli Axundzadənin "Kəmalüddövlə məktubları", eləcə də fanatizmi, ətaləti, cəhaləti, mövhumarı tənqid atəşinə tutan Sultan Məcid .Qənizadənin "Məktubati- Şeyda bəy Şirvani", Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları", Mirzə Cəlilin “Qəbirdən məktub”u və sair  kimi əsərlər ədəbiyyatımızda epistolyar janrın mükəmməl nümunələridir. Həmin əsərlər dövrün ictimai-siyasi, sosial münasibətlərini, müəlliflərin yaradıclılğını, məramını, ideya istiqamətini, ədəbi-bədii mühitini əks etdirən qiymətli və etibarlı mənbələrdir. Bu qəbildən bədii sənət nümunələrini- “məktubları”, əlbəttə ki,  Mirzə Fətəli Axundovun Həsən bəy Zərdabiyə, Mirzə Yusif xana, yaxud da oğlu Rəşid bəyə ünvanladığı, Mirzə Cəlilin Məmmədəli Sidqiyə, həyat yoldaşı Həmidə xanıma, Əliheydər Qarayevə yazdığı, Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə, Hüseynqulu Sarabskiyə, Məməd Səid Ordubadiyə, Ərtoğrul Cavidin Üzeyir bəyə   göndərdiyi  məktublarla nə məzmun, nə də forma baxımından eyniləşdirmək olmaz, hərçənd ki, həmin sənədlər də ailə-məişət qayğıları, problemləri ilə yanaşı müəllifin bədii zövqü, istedadı,  yaradıcılıq imkanları, dövrün ictimai-siyasi, ədəbi-mədəni həyat barədə mühakimə yürütməyə əsas verir.

 

Bu baxımdan Azərbaycanın və Türkiyənin ictimai-siyasi, ədəbi- mədəni tarixində fədakar və bənzərsiz fəaliyyəti ilə dərin iz qoymuş Əhməd bəy Ağaoğlunun yaradıcılığında mühüm yer tutan epistolyar irs diqqəti çəkir və böyük maraq doğurur. Əhməd bəy Ağaolunun ömür yolunu,  həyata baxışını, yaradıcılığındakı təkamül prosesini, görüşlərini, dövrünün tanınmış şəxsləri ilə münasibətlərini, əlaqə və əməkdaşlığını hərtərəfli və dərindən öyrənmək, təhlil etmək və dəyərləndirmək üçün ilk növbədə onun məktublarını məzmununa və qələmə alındığı dövrə görə təsnifatını aparmaq lazımdır. Əgər Malta məktublarını, belə demək mümkünsə, Əhməd bəy Ağaoğlu yazışmalarının “zirvəsi”,  ən təsirlisi, dramarik və maraqlısı hesab etsək, o zaman müəllifin məktublarını belə dövrləşdirmək olar:

 

-Malta sürgününədək qələmə alınanlar;

- sürgün dövründə yazılanlar;

-sürgün dövründə sonra qələmə alınanlar. 

 

Eyni zamanda, araşdırmaların daha sanballı və səmərəli olması üçün məktubların mövzusuna, ünvanlandığı şəxslər görə də aşağıdakı kimi qruplaşdırılması məqsədəuyğundur:

 

  • ailə üzvlərinə, qohumlarına ünvanlanan ;
  • silahdaşlarına, dostlarına yazılan;
  • görkəmli partiya və dövlət xadimlərinə, generallara,  səfirlərə göndərilən;
  • nəşriyyat və mətbu orqanların redaksiyalarına yazılan məktublar.

 

Əhməd bəy Ağaoğlunun  Malta sürgününədək və ondan sonar qələmə aldığı məktubların qismən öyrənildiyi qənaətindəyik. Sürgünədək yazdığı məktublar Əhməd bəyin hansı mühitdə yetişdiyi, necə formalaşdığı, qətiyyəti, prinsipləri haqqında müəyyən təsəvvür yaradır. 1904-cü ildə (14 sentyabr) “Kaspi”də dərc olunan  “Dostlara məktublardan” adlı yazısı da dövrün  aktual problemlərinə həsr olunmuşdur.  Hələ tələbəlik illərindən tanış olduğu və sonradan bu münasibətin sarsılmaz dostluğa, əməl və əqidə silahdaşına çevrildiyi Əli bəy Hüseynzadə ilə yazışmaları həm Əhməd bəyin, həm də Əli bəyin fəaliyyətinə, bu fəaliyyətin istiqamətlərinə müəyyən dərəcədə işıq salır. “Həyat” qəzetinin redaksiyasında yaranmış bir münaqişədən hiddətlənən və ailəsi ilə bir neçə günlüyə Mərdəkana köçən   Əhməd bəy Ağaoğlunun 1905-ci ilin oktyabr ayında Əli bəy Hüseynzadəyə “Sevgili qardaşım”-deyə başladığı bir məktubda “Mən bundan sonra "Həyat" müdirliyindən xaric olub "Həyat" ilə heç bir əlaqəm yoxdur” deyə prinsipial, dəyişməz  mövqeyini bəyan etməsi onun inadkar xarakterindən xəbər verir.1905-ci ilə Əhməd bəyin fransız dilində yazdığı və  dostuna ünvanladığı məktubu öz silahdaşına bir tövsiyə də adlandırmaq olar. ““Həyat” qəzetini erməni millətçiləri ilə ideoloji mübarizənin tribunasına çevirən çılğın təbiətli Əhməd bəy” (Vilayət Quliyev. Əhməd Ağaoğlu-Əlimərdan bəy Topçubaşov: problemli dostluq. “525-ci qəzet”, 23 iyun 2017) yazırdı: “Sevgili Əli bəy, nələr edirsən? Günlük bir qəzeti idarə etmək asandırmı? Canım dostum, səndən sadəcə ermənilərə çox üz verməməyini rica edirəm…Çoxlu elmi dil istifadə etmək oxucuları yoracaqdır, bundan qaçmaq lazımdır. Qəzet üçün material baxımından narahat olmağa gərək yoxdur, sizə yetərli qədər mövzu göndərəcəyəm”.

 

Malta sürgünündən sonar Türkiyədə məskunlaşan Əhməd bəy Ağaoğlu  qızğın fəaliyyətə başlayır, Türkiyənin ədəbi-mədəi, ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir.  Böyük dövlət xadimi və mütəfəkkirin həmin dövrdə qələmə aldığı məktublar Əhməd bəy Ağoğlununun Türkiyə həyatının bütün sahələrinin daha dəqiq və dərindən öyrənilməsi üçün ciddi mənbədir. Dostu Əli bəyə yazdığı bir məktub Əhməd bəyin  Türkiyədə böyük ümid və arzularla yaşadığını göstərir: “Bəzi yerlərdən  İstanbul  məbusluğuna namizədliyimi irəli sürməyim tövsiyə olunur. Paşa həzrətləri də məsləhət  görür. Amma mən hələ qərar verməmişəm. İstanbuldan millət vəkili seçilməyəcəyimə əmin olduğum üçün tərəddüd edirəm və sizin fikrinizi bilmək istərdim. Nə düşünürsünüz? Şansım nə qədərdir? Namizədliyimi  irəli sürsəm  kömək  edəcəyinizi  vəd edirsinizmi? Verdiyim suallara səmimi  və açıq  cavablarınızı gözləyirəm”. 1922-ci ildə  Əli bəy Hüseynzadəyə ünvanlandığı başqa bir məktub, həm iki böyük tarixi şəxsiyyət arasındakı münasibətlərin səmimimiliyindən, bir-birlərinə sədaqətindən, həm də Əhməd bəy Ağaoğlunun ailə qayğısından, türk qızlarının azad və savadlı görmək istəyindən xəbər verir: “Əziz qardaşım, Əli bəy,  İndiyə qədər sənə məktub yazmadığımın günah olduğunu çox yaxşı başa düşürəm. Lakin içərisində olduğum hadisələr və üzərimə götürdüyüm vəzifənin ağırlığı mənə dostlarımı düşünmək üçün nə vaxt, nə də rahatlıq verir…Sürəyya və Tezer xanımı sənə övlad olmaq üçün göndərirəm. Təhsillərini natamam buraxmamaları üçün İstanbula göndərmək məcburiyyətində qaldım və səndən başqa etimad edəcək yer tapa bilmədiyim üçün sənə və Ethiye xanıma zəhmət vermək durumunda qaldım. Bu məktubla sənə Hilali-ahmer vasitəsilə 350 lirə pul göndərirəm…Artıq uşaqlar sənindir. Məni bilirsən…Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını və ictimai fəaliyyətdə iştirak etmələrini arzu edirəm…Artıq onları sizə, sizi isə Allaha əmanət edirəm”. Əli bəy Hüseynzadənin də  əqidə, amal, ailə dostluna ünvanlandığı məktublar da  eyni sədaqət, eyni səmimiyyətlə yazılmışdır. 

 

Əhməd bəy Ağaoğlunun 1921-ci ilin mayında, Malta əsirliyindən azad olunduqdan dərhal sonra  İtaliyanın Torrento şəhərindən Azərbaycan sovet hökumətinin başçısı Nəriman Nərimanova - 1921-ci ildə ünvanlandığı məktub (“Kommunist” qəzeti 19 iyun, №109) təsirli və düşündürücüdür. Sürgün həyatının məhrumiyyətləri, oradan müşahidə etdikləri Əhməd bəydə Qərb dünyasına münasibətdə sanki bir dəyişiklik yaratmış, onun duyğu və düşüncələrində bir tərəddüd, şübhələr doğurmuşdu. Məktubunda uzun müddətdə, qoca vaxtında cismani, maddi və mənəvi əziyyətlər çəkdiyini, təhqirlər və istehzalar gördüyünü qeyd edən Əhməd bəy nə qədər qəribə olsa da, bəşəriyyətin xilas yolunu Rusiyanın seçdiyi yolda görür və  məktubunu belə bitirir: “Möhtərəm doktor! Əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə qabilincə əhəmiyyət verə bildiyinizdən indi layiqli mövqeni işğal etdiyiniz işin qələbəsindən əgər bir yararlıq göstərəcəyimə inanarsınız isə yalnız əcələ etmək (tələsmək) üçün bir sözünüzü bəkləyirəm.

 

Açıq söyləyəlim, məni bu işə vadar edən xüsusi bir səbəb də var. Mənim 51 yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvət qalmışdır. Mən istərdim ki, bu son illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orada keçirim və nə gizlədim vətənimin torpağında dəfn olum. Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fəaliyyət imkanları verirlər, hərgah vətənim imtina edərsə, mən oraya gedəcəyəm. Fəqət mən Bakıya tələsirəm, orada bir saat yaşayım və ölüm! Mən orada 5 çocuq yetişdirmişəm və arzu edərdim ki, onlar da vətənimə xidmət etsinlər. Əgər mənim təklifimi qəbul etməyi lazım bilərsiniz mən zikr olunmuş təbliğat ilə işğal edib (məşğul olub) və xalq maarifini yeni əsaslar üzrə qurmaqda çalışaram.

 

Sizə ehtiram bəsləyən: Əhməd Ağayev.” 

 

N.Nərimanovdan müsbət cavab gəlir və o,  Əhməd bəyi Bakıya yüksək məqama dəvət edir. Əhməd bəy isə artıq bu zaman harada qalacağı barədə qərar vermişdi. Bu barədə prof. Vilayət Quliyev yazır: “Türk tədqiqatçısı, “Ağaoğlu Ahmet bey” kitabının müəllifi (Türk Tarix Qurumunun nəşri, Ankara, 1999) Fəxri Sakal yazır: “O dövrün İstanbulu digər ittihadçılar üçün olduğu kimi, Ağaoğlu üçün də təhlükəli idi. Bunu Behbud xan hadisəsində də görməkdəyik. Üstəlik, Ağaoğlu üçün iki səbəb birdən təhlükə mənbəyi olmaqdadır: birincisi Behbud xan kimi Azərbaycan əsilli olması, digəri isə ittihadçı damğasını daşımasıdır. Ayrıca yeganə sərvəti fikirləri və qələmi olan bir Azərbaycan köçkünü İstanbulda bir məmurluq, yaxud mətbuat vəzifəsi almasa, həyatını necə təmin edə bilərdi? O vəzifəni alması isə həmin günlərin İstanbulunda qeyri-mümkün idi. Bu səbəblərə görə İstanbulda qala bilməzdi. Azərbaycana getməsi isə əslində mümkün bir iş idi”.

 

Yenə də Fəxri Sakalın çox təəssüf ki, mənbəyini  göstərmədiyi  qaynaqlar əsasınında yazdığına görə, Əhməd bəy Azərbaycan Sovet Cümhuriyyəti dövlət başçısı, əski dostu Nərimanovun onu Azərbaycana dəvət edən məktubuna verdiyi  cavab məktubunda ilə üç səbəbdən təklifi qəbul etməyəcəyini bildirmişdi:

 

“Pək əziz və möhtərəm Nəriman bəyəfəndi!

 

Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə bu ehtiramdan yararlanmağa mane olur.

  1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.
  2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqda sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.
  3. Məni əsarətdən qurtararaq yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olduğunu düşünməkdəyəm.

 

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir!”

 

Əhməd bəy Ağaoğlunun Türkiyədən ən müxtəlif ünvanlara yazdığı məktublar onun həyatının və fəaliyyətinin  “canlı şahidi”dir. Əhməd bəyin  1924-cü ilin martın 14-də yazdığı məktubudan bəlli olur ki, o, İstanbulda  "Yeni Kafkasya" jurnalının çap olunmasına, 1925-ci ilin martın 17-də məktubda mühacirlərə  yardım ayrılmasına köməklik etmişdir.

 

1926-cı ildə Atatürkə ünvanlandığı hesabat məktubunda Əhməd bəy  hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edir. Həmin məktubda  Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui- istifadə etmələrinə səbəb kimi ölkədə təkpartiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Bütün bunlar Türkiyədə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində inkişafını ləngidirdi. Əgməd bəy isə bu halla barışmırdı.

 

Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış tərcüməçi, istedadlı  rəssam və heykəltəraş Təktaş Ağaoğlunun İstanbuldakı mənzilində babasının həyat və fəaliyyəti ilə bağlı sənədləri-qəzet, jurnalları, əlyazmaları, dəftər və kitabları saf-çürük edərkən bir qəzet kəsiyi diqqətimizi çəkmişdi. Təəssüf ki, Ağaoğlunun ictimaiyyətə müraciəti dərc olunan həmin qəzet kəsiyində nə nəşrin adı, nə də tarixi göstərilmişdir. Lakin redaksiyaya ünvanlanan məktubun mətni ağaoğluşünaslıq üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

 

“Ahmed Beyin Telgrafı

Ağaoğlu Ahmed Bey

Ankara, 8 Temmuz

 

Hiç bir zaman ermeni firarisiyle alaka ve münasebette bulanmadım.

Bütün cihana karşı alnım açıktır. Mufassal mektubum postadadır. Bu gibi neşriyat ile efkâr-ı umumiyeyi taglit etmek isteyenlerin mâhiyetleri öteden beri malûmdur. Benim gibi dört kere Ermeniler tarafından idâma mahkûm edilmiş ve Ermeniler yüzünden Malta zindanlarında senelerce inlemiş olan erbâb-ı nâmûsa çatmanın pek pahalıya mâl olacağı görülecektir. Nâmûsa hürmet, yalnız erbab-ı nâmûsa mahsus bir sıfattır.

 

Kars Mebusu Ağaoğlu Ahmed”.

 

Əhməd bəyin  oğlu- tanınmış  yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi Səməd Ağaoğluna göndərdiyi cavab  məktub kədərli və təsirlidir. Səməd Ağaoğlu özünün “Atamın xatirələri” kitabında atasının məktubundan ətraflı bəhs edir. Əhməd bəy oğluna məktubunda yazırdı:  “Məktubunu aldım. Səhv eləmirsən. O gün həm xəstə idim, həm də sənə hirslənmişdim. Xəstə idim. Çünki artıq həmişə xəstəyəm. Taqətim, qüvvəm tükənib. Ən kiçik bir hərəkət, ən balaca bir tərpəniş məni yorur. Həmişə əsəbilik içərisində gah birinə, gah digərinə çımxırmaqdayam. Əminəm ki, bu səbəbdən artıq ətrafımdakılar da məndən beziblər. Özüm kimi onlar da mümkün qədər tezliklə məndən canlarını qurtarmağı düşünürlər. Əgər yanımda olsan, sən də eyni cür fikirləşərdin. İndi başa düşürəm ki, qocalıq yalnız səhhəti yerində olan adamlara yaraşır. Mənim kimi sağlamlığını itirənləri uzun müddət yaşatmağa dəyməz.Sənə hirslənməyim də eyni şeydən qaynaqlanır. Uşaq kimi hər dəqiqə aranıb-axtarılmağı istəyirəm. Belə olmayanda ağlıma qəribə şeylər gəlir, özümə yer tapa bilmirəm". Məktuba tarix qoyulmamışdı... Vəziyyətindəki böhran dərinləşirdi. Aldığım məktub atamın son əl yazısıdır. Qəribə təsadüf! Məndə və bacı-qardaşlarımda olan yüzlərlə məktubunun hamısının altına tarix qoyulub. Son məktubunda isə bunu nədənsə unutmuşdu”. 

 

Yuxarıda qeyd etdiyimiz kimi, Əhməd bəyin Malta məktubları dramatik və təsirli olması ilə diqqəti çəkir. Odur ki, bu barədə bir qədər ətraflı bəhs edəcəyəm. İstanbula səfərlərimin birində öyrəndim ki, Əhməd bəy Ağaoğlunun nəvəsi Təkdaş Ağaoğlu sağdır və ehtimal ki, onda babasına aid sənədlər var. Təkdaş bəylə görüşmək üçün  ilk cəhdim uğursuz olsa da, fikrimdən dönmədim. Dövlət Tarix Arxivinin əməkdaşı Anar Mirəliyevlə İstanbula növbəti ezamiyyət zamanı Təkdaş bəyin mənzilində onunla, xanımı tanınmış rölyef və seramik heykəl sənətçisi Qədriyə Əzəl Ağaoğlu ilə görüşdük. Çarlz Dikkensin, Mixail Şoloxovun, Yevgeni Yevtuşenkonun, Fyodor Dostoyevskinin bir sıra əsərlərini  orjinaldan türk dilinə tərcümə etmiş Oksford Universitetinin məzunu Təkdaş bəy atasının, babasının, özünün də çox acı-ağır, məşəqqətli, məhrumiyyətlərlə dolu, eyni zamanda şərəfli, mənalı həyat yolu keçdiklərini söylədi, qürurla bildirdi ki, sürgünlərə, həbslərə, təqiblərə baxmayaraq əqidəmizə dönük çıxmamış, şərəfli ömür yaşamışıq. Heç şübhəsiz ki, Ağaoğluların düçar olduqları həyat tərzi onlara məxsus sənədlərin də pərən-pərən olmasına, əldən -ələ keçməsinə, bəzən itməsinə səbəb olmuşdur. Təkdaş bəy bacardıqca ata- baba yadigarlarını toplamağa, qorumağa səy etmişdir. Bizə təmənnasız olaraq verdiyi sənədlərin arasında nəşriyyat məhsulları- ərəb, latın əlifbası ilə buraxılmış  qəzet, jurnal, kitablar, eyni zamanda əlyazmalar var. Həmin sənədlər, o cümlədən Əhməd bəy Ağaoğlunun Maltadan ailə üzvlərinə yazdığı 22 məktubun orijinalı Milli Arxiv İdarəsinə müvafiq akrla təhvil verilmişdir. 

 

İstanbulun işğalından (1918) az sonra əslində Anadoludan başlanan Milli Qurtuluş Hərəkatını zəiflətmək və beşiyində boğmaq məqsədi ilə ingilislər sözdə erməni soyqırımı təşkilatçılarını cəzalandırmaq adı altında tanınmış partiya və dövlət xadimlərininin, yüksək rütbəli zabitlərin, yazıçı- publisistlərin, naşir və qəzetçilərin “ovuna” başladı: edamlar, təqiblər, cismani və mənəvi təzyiqlər xalqın mübarzə ruhunu, müqavimət əzmini qırmağa yönəlmişdi. Əhməd bəy Ağaoğlunun da daxil olduğu  generallardan, millət vəkillərindən, nüfüzlu ziyalılardan ibarət 145 nəfərin 1919- cu ilin martından başlayan, 1920- ci ilin oktyabrınadək davam edən həbsi və Maltaya sürgünü də bu məqsədi daşıyırdı. Hətta sülh sazişindən sonra da türkləri sürgündə saxlayan düşmənin niyyətini Əhməd bəy anlayırdı və Malta məktularında da bunu açıqca bəyan edirdi. O, kinayə ilə yazırdı ki, sanki cahanın bütün müharibələrinə səbəb buradakı türklər imiş. Ə.Ağaoğlu mücadiləsinin müqəddəsliyinə dərindən inanırdı.

 

Əhməd bəy Ağaoğlunun Maltadan yazdığı şəxsi, ailə mənşəli məktublar  bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Həmin məktubların bir neçəsinə diqqət yetirək. 23 fevral 1920-ci tarixli  məktubunda doğmalarından hal-əhval tutur, şirin bir yuxusunu danışır və məktubunu belə bitirir: “Beni hiç düşünmeyiniz. Filhakika hayatımız pek yeknesaktır fakat katiyen melal-aver değildir. Allah memleket ve milletimizin akıbetini iyi etsin. Bu acılar unutulur. İnşallah işlerin de yoluna girdiği hiss olunuyor. Artık hakkın tecellisi yüzü görünmeye başladı. Biraz daha sabır… Benden bütün dost ve arkadaşlara, amca-zadelere selam… Cümlenizin gözlerinden öperim. Ahmed.” Göründüyü kimi, sürgünün bütün ağrı- acıları Vətən məhəbbətini, onun gələcəyi ilə bağlı qayğıları unutdurmamışdır! Əhməd bəy Ağaoğlunun Malta sürgünündən ailəsinə göndərdiyi məktublar  sürgün həyatının məhrumiyyətlərini, sıxıntılarını bütün çılpaqlığı ilə ortaya qoymaqla yanaşı, onun nə qədər dözümlü, iradəli və nikbin bir xadim olduğuna da dəlalət edir.

 

Məktublardan aydın görünür ki, ən çətin  anlarda belə o, doğma Vətəninin, Vətəni qədər sevdiyi Türkiyənin  mövcud durumu üçün narahatdır, iki qardaş ölkənin gələcək taleyini  daim düşünür. Fikrimizcə, Ə. Ağaoğlunun sürgündən yazdığı məktublar tarixçilər, ədəbiyyatşünaslar   üçün əhəmiyyət kəsb edir, eyni zamanda həmin sənədlər gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya bilər. Ə.Ağoğlunun 10 mart 1920-ciil tarixli məktubundan sətirlər: “Azizim Sitare ve Hümay! Elhamdülillah sıhhat ve selâmetim berkemaldir. İstanbul’un geçirmekte olduğu buhranları, tecrübeleri gazetelerde okuyoruz. Tabii biz de sizin kadar müteessir oluyoruz fakat sabır ve tahammül etmelidir. İnşallah hak ve adalet yerini bulur. Bu kadar sıkıntılardan sonra elbette ki, Cenab-ı Hak bizim de yüzümüzü güldürür...Kafkasyadan haber alıyormusunuz? Oranın hali nasıldır?...Param heman tamamen bitmek üzeredir. Burada ise parasız kalmak pek müşkül bir iştir. Her şey paraya mâl oluyor. Binaenaleyh sizden acele ile bana para göndermenizi rica ederim”.

 

Əhməd bəyin 27 iyul 1920-ci il tarixli məktubu da həmin sürgün həyatının ağırlığını, həm də ədalətin gec-tez qalib gələcəyiniə inamını əks etdirir: “Son göndermiş olduğunuz on liranın da vârid olduğu haberini tebliğ ettiler. Pek minnettar ve müteşekkirim. Bilseniz bu para meselesi ile sizi iz’âc etmekten ne kadar müteessirim. Bu kadar ihtiyaç ve müşkülat içinde bir de beni burada beslemeyi düşünmek ne kadar elim bir vaziyet! Lakin ne yapayım Sitare’ciğim? Siz de ben de sabır ve tahammül etmeliyiz. İnşallah er geç hakikat tezahür eder ve bu yaman günler, haksız işkenceler geçer!”

 

18 mart 1920-ci il tarixli  məktubunda Əhməd bəy “düşmənin zülm və cəfası nə qədər çox olsa, mən bir o qədər xoşbəxt olur və öz gözümdə ucalıram” yazır və ailəsinə də  bunları tövsiyə edirdi: “Siz de bunu böyle bilerek tahammül ve sabr ediniz. Hesap günleri geldiği zaman kızaracak yüz olmayacağız. Geçmiş mektuplarımda da yazmıştım. Bana tezlikle para gönderiniz. Cümlenizin gözlerinizden öperim”.

 

“O, heysiyyətli və möhtəşəm bir mütəfəkkirdir, mərd və cəsur mücadilə adamı, professor və maarifçi, usta qəzetçi- yazar, dürüst siyasətçidir. Hürriyyət və demokratiya aşiqi bir insan, milliyyətçi və inqilabçı ziyalı, inanılmış və vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli atadır. Deyə bilərik ki, o, insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini öz simasında toplamış böyük insan, heykəlləşmiş şəxsiyyətdir”. Tanınmış türk   qəzetçisi, publisist Fəxrəddin Gülsevənin Əhməd bəy Ağaoğlu haqqında yazdığı bu sətirləri təsadüfən xatırlamadıq. Mübaliğəsiz deyə bilərik ki, Əhməd bəyin yalnız Malta sürgünündən ailəsinə göndərdiyi məktublar onu bu sözlərlə xarakterizə etməyə kifayət edərdi. 17 may 1920-ci ildə adəti üzrə “Əzizim Sitarə və Humay” yazaraq başladığı məktubun hər cümləsindən ədalətsizliyə qarşı od püskürür, hər sətirdə nikbinlik duyulur, Vətənə məhəbbət  hiss olunur, ailəyə sədaqət sezilir, çətinliklərə dözmək, sinə gərmək əzmi , iradəsi ifadə olunur: “Haksız yere bir buçuk seneden beri ailemden, vatanımdan, hürriyetimden mahrum edilerek hatta askeri mahkemede bile muhakeme edilmemi sekiz kere en yüksek yerlere yazarak talep ettiğim ve hiçbir cevaba nail olmadığım halde bu gibi na-reva muamelelere- ki hiç bir kavaid-i insaniye ile kabil-i telif addolunamaz- maruz kalmamız neden? Eğer maksat bizi manen yıprandırmak ise bittabi bu maksada nail olunamaz! Zira bizim de güvendiğimiz, sığındığımız bir hak, bir adalet-i âliye vardır. İnşallah o adalet, o hak bir gün yerini bulur. Ona kadar siz ve ben sabır ve tahammül etmekle mükellefiz. İstanbul’dan aldığım haberler, sizin ne kadar müşkülat ve sıkıntılar içinde çırpındıklarınızı tasavvur etmeme kâfidir. Ben vaziyetin bu kısmını düşündükçe çıldıracağım geliyor. Nasıl geçiniyorsunuz, ne yapıyorsunuz? Hüseyin’den, Bakıştan birisi imdadınıza koşamadılar mı? Kafkasya’dan varid olan haberler artık bundan sonra onların da gelmeyi ümidini tamamen kat’ ediyor. Eğer şimdiye kadar gelmedilerse bundan sonra artık gelemezler. O halde ne yapacaksınız? İşte bu sual, beni bütün bütün eziyor.”

 

Əhməd bəy Ağaoğlunun 16 iyun 1920-ci tarixli məktubu da eyni hiss və duyğularla, eyni kinayə və istehza ilə,  zülmə və ədalətsizliyə eyni üsyankarlıqla qələmə alınmışdır: “Azizim Sitare ve Humay! Bu mektubu size acı bir duygunun tesiri ile yazıyorum. İngilizler yeniden kendilerine has olan adaletten bir numunesini daha gösterdiler. Bugün burada bir liste tebliğ olundu. Listeye dâhil olanlara şehirde serbest gezmek müsaadesi veriliyor. Bütün heyet-i vükelaya, merkez-i umumî azalarına bu serbesti verildiği halde ne benim ve ne de Ziya Beyin namımız listeye idhal edilmemiştir [alınmamıştır]. Anlarsınız ya! Bütün fenalıkları biz yapmış imişiz! Bu adamlar bu gibi zulüm ve cefalarla bizim güya kuvve-i maneviyemizi kesr edeceklermiş! [manevi gücümüzü kıracaklarmış] Bilmiyorlar ki biz Afrikalı Berber akvamına [kavimlerine] mensup değiliz. Bizim gibiler üzerine zulüm ve cefa tamamen aksi tesirler icra eder. Siz de orada bittabi bu gibi şeylerden müteessir olmazsınız.] Hakkıma masumiyetime istinaden sekiz kere İngilterenin en yüksek makamlarına müracaat ettim, günahımı sordum, muhakeme edilmemi istedim,  fakat hak karşısında utananlar cevap bile veremediler. Kendi vicdanları bile isyan etti. Bu kere de bu gibi küçük şeylerle beni izac etmeye [bunaltmaya] kalkışıyorlar. Azap değil, vecd ve lezzet duyuyorum”. 

 

Ağaoğlular nəslinin Əhməd bəydən sonrakı davamçılarının ömür yolu ilə tanışlıqdan sonra (oğlu Səməd  Ağaoğlu oğlu (1909-1982)- yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi, üç dəfə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuşdur, nəvəsi  Təkdaş Ağaoğlunun  siyasi görüşlərinə və fəaliyyətinə görə uzun illər İsveçrədə sürgün həyatı keçirmişdir) adama elə gəlir ki, o, 28 may 1920-ci il tarixli məktubundakı  tövsiyəsini həm də, onlara ünvanlamışdır: Unutmayın ki, bizim vəzifəmiz bütün bunlara mətanət və səbrlə dözməkdir.

 

Malta məktubları, həm də bir çox tarixi hadisə və şəxsiyyətlər haqqında məlumat əldə etmək üçün mötəbər mənbədir. Bu baxımdan təqdim edilən Əhməd bəyin 10 iyun 1920-ci il tarixli  məktubu da istisna deyil. Məktubda adı çəkilən Bolu məbusu (millət vəkili) Mehmet Həbib bəy heç demə, Avropa Birliyi və Avropa Parlamenti yaratmaq ideyasını hələ 110 il əvvəl-  Osmanlı Məclisi- Mebusun 18 iyul 1908-ci il tarixində keçirilən iclasında çıxışı zamanı irəli sürübmüş (ətraflı bax: Türkiyə, Okan Konuralp. Bolulu Habib Beyle AB sahasında. “Hürriyət” qəzeti , 22 avqust 2011).

 

Əhməd bəyin məktubunda adı çəkilən Əsəd  paşanın şəxsiyyəti və fəaliyyəti də maraq doğurur. Onu da ingilislər, “İttihad ve Tərəqqi” Cəmiyyəti ilə əlaqələrdə və əməkdaşlıqda günahlandıraraq Maltaya sürgün etmişlər. Əsəd paşa sürgündə xəstələri müayinə və müalicə etmiş, hətta “Göz xəstəlikləri” adlı bir kitab da yazmışdır ki, Ə. Ağaoğlu məktubunda buna işarə vurur. Sürgün həyatından sonra bir sıra məsul vəzifələrdə çalışmış, özəl göz klinikası açmış, İstanbulun nüfuzlu həkimi kimi ad-san qazanmışdır.

 

Heç şübhəsiz ki, Ə. Ağaoğlu məktubundakı  əsirlikdən azad olunanlardan bəhs edərkən “Bu kere gidenler arasında zavallı bizim Karslılar da vardır. Bilseniz,onların kurtulmalarına ne kadar memnun oldum. Zavallılar burada büyük bir usret [sıkıntı] ve ihtiyaç içinde kıvranıyorlardı.” cümlələri  də diqqəti çəkir və maraq doğurur.

 

Əhməd bəy Ağaoğlunun epistolyar irsi haqqında deyilənləri yekunlaşdıraraq, aşağıdakı qənaətlərə gələ bilərik.  Əhməd bəy Ağaoğlunun epistolyar irsi:

 

   - böyük mütəfəkkir,  yazıçı, publisist, dövlət xadimi, istiqlal mücahidi, naşir və redaktorun həyat və fəaliyyətinin, yaradıcılığının daha dərindən, hərtərəfli tədqiqi, təhlili və dəyərləndirilməsi, ağaoğluşünaslığın inkişafı üçün zəngin və mötəbər materialdır;

 

- onun şəxsiyyət kimi formalaşmasının və yaradıcılıq təkamül və təmayüllərinin səbəb və  hədəflərini dəqiq müəyyənləşdirməyə imkan verir; 

 

-  mütəfəkkir ədibi  əhatə edən mühitin, yaşadığı dövrün ictimai- siyasi, ədəbi-mədəni həyatına daha yaxından bələd olmaq üçün etibarlı zəmin yaradır;   

- silahdaşlarının həyatı, fəaliyyəti, onların məram və məsləkləri, qarşılıqlı münasibət və fəaliyyətləri haqqında ciddi və obyektiv  məxəzdir;

- ermənilərin  mənfur simasını ifşa edən, onların iç üzünü açan əsaslı dəlil və sübutlardır;  

 - milli adət-ənənələrə, xalqımıza mənsub ailə-məişət münasibətlərinə, qadın azadlığına, demokratik dəyərlərə önəm verən mütərəqqi fikirlərdir;

-istiqlala, demokratik dəyərlərə, milli dövlətçiliyə, türkçülüyə bağlılığı, məfkurə, dostluq,  sədaqət yolunda şərəfli xidməti təlqin, təbliğ və təşviq edən vasitədir;

- gənc nəslin  milli ruhda, vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya biləcək əvəzsiz bir ğrnəkdir.

30..XI.2019.

 

Abid Tahirli

filologiya elmləri doktoru  

[email protected]

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı