Yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş prokuror Zakir Qaralov qeyd edib ki, ölkəmizin ictimai-siyasi və sosial-mədəni həyatında böyük uğurların əldə olunmasında, sosial yönümlü dövlət siyasətinin həyata keçirilməsində, əhalinin rifah halının yüksəlməsində, vətəndaş məmnunluğunun təmin edilməsində, sosial həssas əhali qruplarının problemlərinin həllində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərini xüsusi qeyd edib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə olan yüksək qayğı və diqqətinin təzahürü kimi son bir neçə ildə ölkəmizdə geniş vüsət almış “könüllülük” hərəkatının sosial-ictimai həyatın bütün sahələrində aktiv və səmərəli fəaliyyətinin nəticəsi olaraq ötən il dekabrın 30-da dövlət başçısı tərəfindən imzalanmış Sərəncamla gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini daha da artırmaq məqsədilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib:
“2019-cu ildə “Könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilmişdir. 2020-ci ildə prokurorluqda “İctimai Köməkçi” qismində könüllü fəaliyyət göstərən tələbələrin dövlət gənclər siyasətinin ən böyük dəstəkçilərindən birinə çevrilməsi, milli, mənəvi və dövlətçilik dəyərlərinin onlara aşılanması, digər könüllülərlə əlaqələrinin gücləndirilməsi və onların təşkilatlanması məqsədilə tədbirlərin həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib”.