Azərbaycanla Ermənistan arasında 1994-cü ilin mayın 12-də atəşgəs müqaviləsinin imzalanmasına baxmayaraq hər gün cəbhə xəttində atışma olduğu, atəşgəsin pozulduğu barədə xəbərlər verilir. Çox zaman belə xəbərlərdə əsgərin, hərbi qulluqçunun və ya dinc sakinin erməni snayperinin qurbanı olduğunu eşidirik.
Qeyri-rəsmi məlumatlara görə, 1994-cü ilin may ayından indiyə qədər Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıq olub.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycanda KİV və EİV üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2011-ci illərdə illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 547 hərbi qulluqçu dünyasını dəyişib. Onun 162 nəfəri döyüş (131 nəfəri erməni gülləsi, 25 nəfər mina və sursat partlayışı, 6 nəfər əməliyyat tədbirləri), 385 nəfəri isə qeyri-döyüş (71 nəfər intihar, 65 nəfər qəza, 106 nəfər qeyri-nizamnamə hərəkətləri, 71 nəfər bədbəxt hadisələr, 29 nəfər müəmmalı və naməlum hadisələr, 43 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2011-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 480 nəfərdən çoxdur. 2003-2011-ci illərdə təhlükəsizlik və müdafiə sektorunda dünyalarını dəyişənlərin 76 nəfəri zabit, 35 nəfəri gizir, 4 nəfəri kursant və 432 nəfərsə əsgərdir. Müvafiq dövrdə yaralan və ya xəsarət alanların 34 nəfəri zabit, 25 nəfəri gizir, 3 nəfəri kursant, 418 nəfəri isə əsgərdir.
Ayrı-ayrı illərdə olan itkilərə nəzər salaq:
2003-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 57 nəfər təşkil edib. Müvafiq dövrdə döyüş itkiləri 23 nəfərdir (16 nəfər erməni gülləsi, 7 nəfər mina partlayışı) .
Yaralılara gəldikdə isə 17 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb.
2004-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 37 nəfər təşkil edib. Döyüş itkiləri 14 nəfər (10 nəfər erməni gülləsi, 4 nəfər mina və sursat partlayışı. Yaralılara gəldikdə isə 2 nəfər erməni gülləsindən, 9 nəfər mina və sursat partlayışından yaralanıb və ya xəsarət alıb.
2005-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 39 nəfər təşkil edib. Müvafiq dövrdə 45 nəfər yaralanıb (və ya xəsarət alıb). Döyüş itkiləri 24 nəfər (22 nəfər erməni gülləsi, 2 nəfər mina partlayışı), Yaralılara gəldikdə isə 36 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb.
2006-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 48 nəfər təşkil edib. Döyüş itkiləri 13 nəfər (12 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı) nəfər təşkil edib. Yaralılara gəldikdə isə 8 nəfər erməni gülləsindən, 12 nəfər mina partlayışından, yaralanıb və ya xəsarət alıb.
2007-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 62 nəfər təşkil edib. Döyüş itkiləri 22 nəfər (16 nəfər erməni gülləsi, 6 nəfər mina partlayışı), təşkil edib.
Yaralılara gəldikdə isə), 10 nəfər erməni gülləsindən yaralanıb və ya xəsarət alıb.
2008-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 72 nəfər təşkil edib. Döyüş itkiləri 18 nəfərdir. (18 nəfər erməni gülləsi ).
Yaralılara gəldikdə isə 5 nəfər erməni gülləsindən yaralanıb və ya xəsarət alıb.
2009-cu ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 64 nəfər təşkil edib. Döyüş itkiləri 11 nəfərdir. (8 nəfər erməni gülləsi, 3 nəfər mina partlayışı)
Yaralılara gəldikdə isə12 nəfər erməni gülləsindən, 3 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb.
2010-cu ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 71 nəfər təşkil edib. Döyüş itkiləri 17 nəfərdir (16 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı).
Yaralılara gəldikdə isə12 nəfər erməni gülləsindən yaralanıb və ya xəsarət alıb.
2011-ci ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 97 nəfər təşkil edib. Döyüş itkiləri 14 nəfərdir (13 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı) .
Yaralılara gəldikdə isə 22 nəfər erməni gülləsindən, 4 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb.
2012 –ci ilin martınadək isə dünyalarını dəyişənlərin 2-si döyüş (2 nəfər erməni gülləsi) itkiləridir. Yaralıların və xəsarət alanların sayı 31 nəfər təşkil edib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvi, millət vəkili Zahid Oruc da bu statiskanın narahatedici olduğunu deyir. Onun sözlərinə görə bu rəqəmlər atəşgəsin nə qədər kövrək və simvolik xarakter daşıdığını ortaya qoyur: “Əlbəttə ortada qoruyucu zireh yoxdur, faktiki olaraq atəşgəs müqaviləsi imzalanarkən bölgəyə hər hansı ayırıcı qüvvələr yaxud sülhməramlı dəstələr gətirilməmişdi. O vaxt bu heç nəzərdə də tutulmamışdı. O zaman başlıca məsələ həmin illərdə mənfiyə gedən prosesi dayandırmaq, ərazilərin işğalını o məqamda son qoymaq, bütün qüvvələrini yenidən səfərbər etmək, məğlubiyyəti şərtləndirən amilləri ortadan götürmək və beynəlxalq aləmə çıxış üzərində qurulmuşdu. Məhz buna görə də atəşgəs Azərbaycanın 90-cı illər həyatı üçün çox vacib bir xilas yoluna çevrildi”.
Deputatın fikrincə, bu dönəmdən Azərbaycan geniş faydalandı, hərbi qüvvələrini tamamilə formalaşdıra bildi və paralel şəkildə ölkənin dağılmış iqtisadiyyatı bərpa edildi, regional və beynəlxalq müstəvidəki bütün siyasət Ermənistanın əleyhinə yönləndirildi. Məhz buna görə də millət vəkili hesab edir ki, atəşgəs dövründəki diplomatik siyasi savaşı Azərbaycanın xeyrinə saymaq mümkün olar.
“Ancaq bu hərbi gerçəkliyi dəyişmir, ortada işğal reallığı var. Gündəlik 50-70 metr məsafədə bir-birinin qarşısında dayanmış və xüsusi dəmir dəbilqələrdən kənarda sadəcə əsgər mundiri və yaxud zabit libası ilə düşmənə qarşı müqavimət göstərən Azərbaycan hərbiçiləri ortadadır. Bu mənada onların işi nə qədər böyük şərəfli və fəxarət doğuran bir xidmətdirsə, paralel şəkildə gündəlik təhlükə deməkdir və hər bir ailənin bundan yaşamış olduğu faciələr var”.
Zahid Oruc hesab edir ki, istər ATƏT-in faktaraşdırıcı missiyası, yaxud onun monitorinq qrupları nəzərə almalıdırlar ki, sülh müqaviləsi imzalanmayana qədər atəşgəs istənilən gün, istənilən saat da pozula biləcək. Onun sözlərinə görə bu daha böyük savaşa yol aça bilər.
“İkinci Qarabağ müharibəsi ifadəsi ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi leksionunda çox işlənir. Bunun xüsusi bir mənası var. Bu o deməkdir ki, ermənilər nə qədər ki, konstruktivlik göstərməyəcək və sadəcə danışıqları uzatmaqla, Qarabağda möhkəmlənməklə guya erməni dövlətçiliyini orada bərqarar etməyə çalışacaq, bu siyasətə qarşı Azərbaycan dirəniş göstərmək üçün hərbi qəraralar verə və müharibəni real olaraq başlaya bilər. Bu halda nə fakaraşdırıcı missiya, nə ATƏT qrupları, nə başqa beynəlxalq təşkilatlar hər hansı rol oynaya bilməyəcəklər”.
Müharibənin hələ başa çatmadığını deyən millət vəkili düşünür ki, gündəlik cəbhə xəttində atəşgəsin pozulması ermənilərin günahı ucbatından olur və şübhəsiz ki, bu, Ermənistanın yürütdüyü təcavüzkarlıq siyasətidir: “Buna qarşı sözlə mübarizə aparılmır. Biz bunu demokratik ideyalar, fikirlər, təşəbbüslərlə təssüflər olsun ki, hələlik durdura bilmirik. Ona görə mən hesab edirəm ki, atəşgəs nə qədər kövrək xarakter daşısa da, onun kütləvi olaraq pozulması ikinci Qarabağ savaşı qərarı ilə veriləcək”.
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev də atəşgəsin formal olduğunu deyir. Erməni üçün hər hansı qanunun tətbiqinin olmadığını deyən keçmiş döyüşçü məsələnin yalnız bir həll yolu olduğunu bildirib-müharibə yolu: “Bunun başqa yolu yoxdur. Erməni xislətidir, qayanın dalında oturur və ya səngərdən snayperlə vurur. Bunlar bizim torpağımızda nə vaxta qədər meydan oxuyacaqlar?”
F.Rzaquliyev veteranlar olaraq atəşgəsin pozulması halları ilə bağlı dəfələrlə bəyanatlar, müraciətlər yaydıqlarını da qeyd edib. O hesab edir ki, artıq gözləmyə lüzum yoxdur: ““Eurovision” Mahnı Müsabiqəsi qurtarsın, müharibəyə başlayaq. Düşmənlə nə atəşgəs ola bilər? Sənin vətənin ortasında oturub atəşgəs edir. Atəşgəs o zaman olar ki, hər bir tərəf öz sərhəddinə çəkilsin”.
Aytən ƏLİYEVA
Şahanə RƏHİMLİ