Modern.az

Parlament tariximizin Heydər Əliyev dövrü və bu günümüz

Parlament tariximizin Heydər Əliyev dövrü və bu günümüz

Aktual

16 Aprel 2020, 14:18

"Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətidir".

İlham  ƏLİYEV,

Azərbaycan  Respublikasının  Prezidenti

 

Azərbaycan  xalqının dövlətçilik şüurunun  inkişafında, siyasi anlamda özünütəsdiqində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi   fəaliyyəti müstəsna yer tutur. Onun milli-mənəvi və bəşəri dəyərləri, dövlətçilik və azərbaycançılıq ideyalarını özündə ehtiva edən zəngin irsi, həyat fəlsəfəsi doğma Azərbaycanımızın müstəqillik yolunda bu gün də mayak rolu oynamaqdadır. 

 

Heydər Əliyev müdrik və qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz bu illərdə milli  dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atıldı. Bu dövrdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində xalqın milli oyanışı və müstəqillik ideyalarının gerçəkləşməsi üçün əlverişli şərait formalaşdı. Sonralar - 80-ci illərin sonunda isə SSRİ adlı böyük bir məkanda baş verən ictimai-siyasi proseslər və xalqımızın azadlıq mücadiləsi nəticəsində doğma Azərbaycanımız tezliklə öz dövlət müstəqilliyinə qovuşdu.

 

Müstəqilliyin ilk illərində ölkəmiz böyük sınaqlarla qarşılaşdı.  Azərbaycan ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətini yaşamağa çox yaxın idi. Bu dəfə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi. Ulu öndərin  yenilməz iradəsi və fədakarlığı sayəsində müstəqillik yollarında ilk kövrək addımlarını atmaqda olan Azərbaycan labüd fəlakətdən qurtuldu. 

 

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əhəmiyyətli bir hissəsi parlamentlə bağlı olmuşdur. O, parlamentin dövlətçilik sistemində yerini və rolunu çox gözəl bilir və ali məqsədlər naminə qanunverici orqanın imkanlarından maksimum yararlanmaq bacarığı göstərirdi. Ulu öndər ölkəyə ilk dəfə rəhbərlik etdiyi illərdə, sonralar Ali Sovetin Sədri olduğu dövrdə böyük məharətlə parlamentin gücünü tarixi vəzifələrin həllinə yönəldə bilmişdir.

 

Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişafı, dünyadakı yeni çağırışlar fonunda milli maraqlara cavab verən parlament diplomatiyasının aparılması, qanunvericilik fəaliyyətinin milli dövlətçilik, demokratik dəyərlər, müasirlik prinsipləri əsasında keyfiyyətcə yeni səviyyəyə qaldırılması kimi cəhətlərlə səciyyələnir. 

 

Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində Azərbaycan SSR-də milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan - 1969-cu ildən  başlandı. 

 

O dövrdə Heydər Əliyev Azərbaycan SSR-də partiya lideri olmaqla yanaşı, həm də SSRİ Ali Sovetinin (VIII-X çağırışlar) deputatı, yuxarı palatanın - İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyətli qərarlar qəbul etdi. 

 

Bu illərdə Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə respublikada aparılan böyük quruculuq işlərinin hüquqi bazasının yaradılmasına mühüm töhfələr verdi. Ali qanunvericilik orqanının işindəki bu canlanma Heydər Əliyev şəxsiyyəti, onun idarəçilik istedadı ilə sıx bağlı idi. 

 

Heydər Əliyevin qanunvericilik orqanına göstərdiyi böyük diqqətin bariz nümunəsi keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda respublika  Ali Sovetinin yeni inzibati binasının inşası oldu. Öz gözəlliyi, memarlıq üslubu ilə gözoxşayan, ötən əsrin 80-ci illərində istifadəyə verilmiş bu tikili bu gün də doğma Bakımızın ümumi mənzərəsinə özünəməxsus rəng qatır. O dövrdə, digər müttəfiq respublikaların Ali Sovetləri köhnə tikililərdə fəaliyyət göstərdiyi bir vaxtda, ulu öndər Azərbaycanın qanunvericilik orqanı üçün belə bir möhtəşəm bina ucaltmağa nail oldu. Müstəqil Azərbaycanın Milli Məclisi bu gün də ulu öndərin layiqli varisi Prezident İlham Əliyevin təşəbbüsü ilə yenilənmiş, daha əzəmətli görkəm almış bu binada fəaliyyət göstərir. 

 

Ümumiyyətlə, 1970-1985-ci illər yeni Azərbaycan tarixinə quruculuq illəri kimi daxil oldu. Bu barədə Prezident İlham Əliyev belə deyib: "...O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir... 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir".

 

Sovet rejimi çərçivəsində milli maraqlara yönəlmiş fəaliyyət göstərən Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinin, sonra isə Azərbaycan SSR-in rəhbəri olduğu dövrdə dövlət idarəçiliyində kadr korpusunun milliləşdirilməsi istiqamətində cəsarətli addımlar atdı. Tezliklə, əksər dövlət idarələrində, kargüzarlıq sistemində azərbaycanlıların xüsusi çəkisi xeyli dərəcədə artdı.

 

Bu dövrdə ən perspektivli Azərbaycan gənclərinin bir hissəsinin SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir.  Heç də təsadüfi deyil ki, o illərin məzunları bu gün ölkə həyatının ən müxtəlif sahələrində müstəqil Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi işinə öz layiqli töhfələrini verirlər. 

 

1978-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu siyasətin məntiqi nəticəsi kimi sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, milli özünüdərk hissi gətirdi. 

 

Heydər Əliyev parlamentin cəmiyyət və dövlət həyatındakı proseslərə təsirini yüksək dəyərləndirir, Azərbaycan SSR Ali Sovetinin deputatı və ölkənin rəhbəri kimi Ali qanunvericilik orqanı ilə sıx əlaqədə fəaliyyət göstərirdi. O, parlamentdə bu dövrə təsadüf etmiş IX, X və XI beşilliklərinin proqramlarının təsdiq olunmasında və hər il ölkə büdcəsinin qəbulunda yaxından iştirak edir, parlamentarizm ənənələrinin bərpası və inkişafı üçün əlindən gələni əsirgəmir, Ali qanunvericilik orqanının fəaliyyəti ilə bağlı tövsiyələrini verirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin tribunalarından məharətlə istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini Azərbaycanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi. 

 

Heydər Əliyevin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı. Ali Sovetin işində böyük dönüş yarandı, parlamentdə ölkə həyatının müxtəlif sahələrini əhatə edən yeni daimi komissiyalar fəaliyyətə başladı. Azərbaycanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradıldı, bu sahələr üzrə onlarla qanun və qərarlar qəbul edildi. Heydər Əliyev bu dövrdə respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi. Sonrakı dönəmdə, müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev bu siyasəti keyfiyyətcə yeni müstəvidə, ölkə qarşısında duran vəzifələr baxımından yeni anlamda uğurla davam etdirdi. Bu iş bu gün də aparılır.

 

1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycanın Mülki, Mülki-Prosessual, Cinayət-Prosessual məcəllələrinə əlavələr və dəyişikliklər edildi. Azərbaycan SSR-in məhkəmə quruluşu, Səhiyyə, Dövlət Notariatı, Xalq Təhsili, Tarixi və mədəniyyət abidələrinin qorunması, Nazirlər Soveti, Xalq Deputatları Sovetləri haqqında, Torpaq və Əmək haqqında qanunlar, İnzibati hüquq pozuntuları haqqında, Ailə və Nikah haqqında məcəllələr qəbul edildi. 

 

Hələ o vaxtlar ermənilər ölkəmizə qarşı məkrli planlar hazırlayır, ərazi iddiaları irəli sürürdülər. Ancaq SSRİ-nin yeni Konstitusiyası hazırlanarkən məhz Heydər Əliyevin qətiyyəti nəticəsində Dağlıq Qarabağın statusuna yenidən baxılmadı.

 

Heydər Əliyev harada çalışmasından asılı olmayaraq doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Onun Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı qorxulu planların reallaşdırılması yolunda ilk addım oldu. 

 

Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanın o vaxtkı rəhbərliyi, o cümlədən parlamenti SSRİ-nin süqutu ilə bağlı baş verən prosesləri düzgün qiymətləndirib vahid milli platforma yaratmaq əvəzinə passivlik və laqeydlik göstərdi. Belə mövqe xalqla Azərbaycan SSR-in rəhbərliyi və parlamenti arasında dərin uçurum yaratmışdı. Səhv addımlar nəticəsində parlament xalqın dəstəyindən, demək olar ki, tamamilə məhrum olmuşdur. Parlamentin binasını mühasirəyə almış xalq kütlələrinə məhəl qoymayan iqtidar öz siyasi iradəsini diqtə etməyə çalışırdı. Vəziyyət getdikcə gərginləşirdi. Belə bir vaxtda iqtidarla müxalifət arasında sövdələşmənin nəticəsi olaraq Azərbaycan Ali Sovetinin səlahiyyətləri bərabərlik əsasında formalaşdırılmış 50 nəfərlik Milli Şuraya verildi. Qalan deputatların hüquqları isə kobudcasına tapdandı.

 

Belə bir vaxtda Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Ölkədə hərc-mərcliyin hökm sürdüyü, insanların ümidsizlik və təlaş hisslərinə qapıldığı bir şəraitdə Naxçıvan Ali Məclisinin ahəngdar fəaliyyəti, əhalinin erməni silahlı qüvvələrindən müdafiəsi ilə bağlı mürəkkəb məsələlərin həll olunması ölkə əhalisində böyük ümidlər doğururdu və ümumən respublikada vəziyyətin dəyişdirilməsinin mümkünlüyü kimi qiymətləndirilirdi.

 

O dövrdə Naxçıvan Ali Məclisinin qəbul etdiyi bir sıra qərarlar ölkənin əsas qanunvericilik aktlarının yaradılması üçün təməl rolunu oynamışdı. Sonralar ölkənin bütün ərazisində həyata keçirilmiş iqtisadi islahatların başlanğıcı faktiki olaraq Muxtar Respublikada qoyulmuşdu. 

 

Ulu öndərin dövlət rəhbərliyinə yenidən qayıdışı çox mürəkkəb bir şəraitdə, 1993-cü il iyunun 15-də, onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlandı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi, xaos və özbaşınalığın hökm sürdüyü, separatizmin tüğyan etdiyi bir vaxtda bu tarixi qayıdış Azərbaycanı labüd faciədən xilas etdi və 15 iyun milli tariximizə Qurtuluş Günü kimi daxil oldu. 

 

Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Ulu öndərin Azərbaycan parlamentinə rəhbərlik etməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. 

 

Bu dövrdə ulu öndərin rəhbərliyi ilə ölkə qarşısında dayanan mürəkkəb  problemlərin nizama salınması ilə yanaşı, dövlət və cəmiyyət həyatının bütün sahələrində əsaslı islahatlar aparılmasına yönəldilən qətiyyətli addımlar  atıldı. Ölkədə ictimai-siyasi şərait nə qədər mürəkkəb olsa da ümummilli liderimiz dövlət quruculuğu prosesində əsasən perspektiv üçün nəzərdə tutulan hədəfləri müəyyən etdi. Ölkəni çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa etdi, ölkəmizi sabitliyə, firavanlığa qovuşdurdu. 

 

Heydər Əliyev ölkə başçısı seçildikdən sonra da parlamentlə sıx təmasda fəaliyyət göstərmiş, dəfələrlə Milli Məclisin tribunasından çıxış edərək, taleyüklü məsələlərə öz münasibətini bildirmişdir. O, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin əsasını qoyaraq, parlamentarizm ənənələrini daha da inkişaf etdirmiş, ona yeni çalarlar gətirmişdir. 

 

Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın yeni Konstitusiyası və demokratik əsaslarla seçilmiş ilk parlamenti ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun, bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. 1995-ci il noyabrın 24-də birinci çağırış Milli Məclisin ilk iclasında ümummilli liderin  iştirakı, söylədiyi dərin məzmunlu nitq, verdiyi dəyərli tövsiyələr parlamentin fəaliyyət istiqamətlərini müəyyən etdi.  

 

 

 

Heydər Əliyev qanunvericilik prosesində fəal iştirak edirdi. Onun qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələr üzrə Milli Məclisdə 1500-ə qədər qanun qəbul olunmuşdur. Dəfələrlə parlamentimiz onun təklif etdiyi layihələr əsasında amnistiya aktları qəbul etmişdir. Şərq aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi məhz ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilən humanist aksiya olmuşdur. 

 

Heydər Əliyev həm də zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət  müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrildi.

 

Ötən dövrdə Azərbaycanda parlamentarizm ənənələri daha da inkişaf etdi və zənginləşdi. Milli Məclisdə qəbul edilmiş qanunvericilik aktları ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın genişlənməsinə, bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin sosial müdafiəsinə xidmət edən hüquqi bazanı daha da inkişaf etdirdi, ölkəmiz  Avropa məkanına daha da yaxınlaşdı. 

 

Təbii ki, vaxt, zaman ötdükcə, dünya miqyasında baş verən proseslər, meydana çıxan yeni çağırışlar yeni yanaşmalar tələb edir.  Bu gün ölkəmizin dünya miqyasındakı mövqelərini qoruyub saxlamaq, onun inkişaf dinamikasını daha da sürətləndirmək naminə müəyyən dönəmdə gərəkli  addımların atılması həyatın tələbidir. Yaşadığımız  dövr yeni baxış, yeni təfəkkür tərzi, kreativ düşüncə, praqmatik baxış kimi keyfiyyətləri zəruri edir. Ölkənin hakim aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası məhz bu mövqedən çıxış edərək, ötən ilin sonunda növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab etmişdir. Bu addım daha güclü Azərbaycan naminə atılmış düşünülmüş addım idi. Bu baxımdan 2019-cu ilin dekabrında Azərbaycanın Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsinə dair qəbul edilən qərar vaxtında verilmiş bir qərar idi.

 

Cari il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilən seçkilər  bu fikri bir daha təsdiqlədi. Ölkə başçısı yeni tərkibli Milli Məclisin ilk iclasında çıxış  edərək millət vəkillərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı, öz tövsiyələrini verdi. Cəmiyyətdəki bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində yeni çoxpartiyalı parlament formalaşdı. Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə parlament seçkilərindən bəhs edərək deyib: “Bu ilin fevral ayında keçirilən parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır”.

 

Seçkilərdən sonra parlamentin tərkibinin böyük dərəcədə, rəhbər orqanlarının isə tam dəyişdirildiyini bildirən dövlətimizin başçısı vurğulayır ki, “Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin  təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək”.

 

Dövlət başçısı qeyd edib ki, müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər və diqqətə çatdırırlar. Bu, çox müsbət haldır. Ancaq bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır: bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır. 

 

Bu fakt bir daha göstərir ki, Azərbaycanın milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun  davam etdirilir. Ölkəmiz özünün praqmatik siyasətini, bir qayda olaraq, zamanın dəyişən tələblərinə, yeni trendlərə uyğun qurur. Dərin iqtisadi, sosial, hüquqi, struktur-institusional və kadr  islahatları, yeni sosial-iqtisadi və mənəvi mühitin formalaşması günümüzün reallığıdır.

 

Ölkə başçısının vurğuladığı kimi, parlament xalqın mənafelərinin həqiqi təmsilçisi olmalı, millət vəkili isə onu seçmiş insanların qayğıları ilə yaşamalıdır. Qanun yaradıcılığında kəmiyyətə deyil, keyfiyyətə fikir vermək, mövcud qanunların təftiş edilməsi və təkmilləşdirilməsi, onların icra mexanizmlərinin monitorinqi, ölkədə  aparılan islahatları dəstəkləyən və seçicilərin maddi rifah halını daha da yaxşılaşdıran yeni qanunvericilik təşəbbüsləri ilə çıxış etmək kimi istiqamətlər yeni parlament üzvlərinin əsas fəaliyyət istiqamətləri kimi səciyyələndirilə bilər.

 

Bu gün  Azərbaycanda  peşəkar parlament  fəaliyyət göstərir. Ölkəmizdə ictimai fikrə təsir göstərməyə qadir olan siyasi qüvvələrin bütün spektri parlamentdə təmsil olunmuşdur. Parlamentin intellektual səviyyəsi qanunyaratma və qanunvericilik sahəsində qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni yerinə yetirməyə imkan verir. Seçicilərlə, sahibkarlarla daha sıx təmasda olmaq, icra qurumları ilə ictimai dinləmələr keçirtmək, innovativ kommunikasiya texnologiyalarından istifadə etmək, ümummilli mövqedən çıxış etmək, cəmiyyətdəki proseslərə operativ reaksiya vermək, qeyri-hökumət təşkilatları ilə müntəzəm məsləhətləşmələr aparmaq, fikir plüralizminə nail olmaq,  yeni təklif və ideyalara daim açıq olmaq VI çağırış Milli Məclisin fəaliyyətində əsas prinsiplər kimi öz təsdiqini tapacağı şübhə doğurmur.  

 

Parlament ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin ardıcıl inkişafında əhəmiyyətli rol oynayır. Ölkə vətəndaşları, seçicilər inanırlar ki, VI çağırış Milli Məclis onların gözləntilərini doğruldacaq, milli parlament tariximizin yeni şərəfli bir səhifəsini yazacaqdır.

 

Mehman QAİBOV

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV