Dünya şöhrətli “Küləklə sovrulanlar” amerikan filmi yenidən “HBO Max” striminq platformasına yerləşdirilib. Amma filmə tarixi konteksti açıqlayan material əlavə olunub.
Modern.az-ın məlumatına görə, yenilənmiş versiyaya mütəxəssislərin şərhi, filmin mədəni irsi haqqında müzakirə və “Mammy” rolunun ifaçısı qaradərili aktrisa Hetti Makdeniyel haqqında sənədli film əlavə edilib.
ABŞ-da afroamerikalı Corc Floydun ölümü nəticəsində baş qaldırmış kütləvi aksiyalar zamanı film iyunun 9-da platformanın kataloqundan irqçilik səhnələrinə görə çıxarılmışdı.
Marqaret Mitçellin romanının ekran variantı, səkkiz “Oskar” mükafatına layiq görülmüş “Küləklə sovrulanlar” Hollivud filmi ABŞ-dakı Vətəndaş müharibəsindən bəhs edir. Yenilənmiş versiyada filmin əvvəlində Çikaqonun Kinematoqrafiya Universitetinin professoru Jaklin Stüart tamaşaçılara filmin müharibədən əvvəlki Güney ABŞ-ın romantikləşdirilməsi və qaradərili personajların şablon obrazı üzündən dəfələrlə tənqid olunduğu haqqda məlumat verir.
Filmin ikinci hissəsinin əvvəlində isə tamaşaçılara “Küləklə sovrulanlar: mürəkkəb irs” adlı bir saatlıq müzakirənin videioyazısı və “Hetti Makdeniyel: Əcəb personajdı!” sənədli filmi təqdim edilir. Filmdə “Mammy” rolunu ifa edən Hetti Makdeniyel həm də “Oskar” mükafatına layiq görülmüş ilk qaradərili aktrisadır. 1940-cı ildə keçirilmiş mükafatlandırılma mərasimində o, zalın ən arxa sıralarında, çəkiliş heyətinin digər üzvlərindən şox aralıda əyləşmək məcburiyyətində qalmışdı. Bundan başqa o dövrün “Cim Krou qanunu” üzündən həm aktrisa, həm də digər qaradərili aktyorlar filmin 1939-cu ilin dekabrında Atlantada baş tutmuş premyerasında iştirak edə bilməmişdilər.
“HBO Max” rəhbərliyi filmi arxivindən sildikdən sonra, onun tarixi kontekstini açan, qaradərili insanların və qulların obrazının yaradılması ilə bağlı problemlərə aydınlıq gətirən materialla birgə yenidən platformaya daxil edəcəyinə söz vermişdi.