Modern.az

“SAĞ QALMA ZƏNCİRİ”

“SAĞ QALMA ZƏNCİRİ”

Aktual

13 İyul 2020, 17:35

İstənilən bədbəxt hadisə, fövqəladə hadisə və ya qəza zamanı zərər çəkən insanın həyatı xəstəxanaya qədər olan dövrdə ona göstərilən ilk yardımın keyfiyyətindən asılıdır. Tez və yüksək keyfiyyətli ilk yardımın ardıcıl göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.

 

Ekspert və mütəxəssislər bildirirlər ki, ilk növbədə həyatı vacib orqan və sistemlərin təhlükəli zədələnmələri müəyyənləşdirilərək , o istiqamətdə ilk yardım göstərilməlidir. Bir sözlə, ilk yardımın göstərilməsi ardıcıl olmalı və ilk növbədə həyat fəaliyyətini təmin edən əsas tədbirlərin həyata keçirilməsinə yönəlməlidir.

 

Bədbəxt hadisələr zamanı ilk yardımın göstərilmə şərtləri aşağıdakılardan ibarətdir: - zərərçəkəni həyat üçün təhlükəli vəziyyətdən çıxarmaq; - təcili tibbi yardım briqadası gələnə qədər ilk yardımın göstərilməsini davam etdirmək; - zərərçəkəni təcili tibbi yardım briqadasına təhvil vermək.

 

İlk yardımın göstərilmə ardıcıllığı böyüklərdə və uşaqlarda fərqlidir. Bu ardıcıllıq müasir tibbi praktikada “yaşama”, “sağ qalma” zənciri kimi (Chain of Survival) qəbul olunub.

 

Digər vacib bir məqam insanda tənəffüsün, nəfəs almanın, ürəyin fəaliyyətini bərpası ilə bağlıdır.

Ürək-ağciyər reanimasiyasının defibrilyasiya ilə birgə aparılması ilk yardımın əsasını təşkil edir və DRCABD alqoritmində öz əksini tapıb.

 

DRCABD – həyat fəaliyyətini təmin edən əsas tədbirlər alqoritmidir.

 

D Danger – Diqqət təhlükə! (Təhlükəsizliyi qiymətləndirmək)

R Responsiveness – Reaksiya (qıcıqlara cavab reaksiyasını, huşun olub-olmadığını yoxlamaq)

C Circulation – Canlandırma (döş qəfəsinin kompressiyası – ürəyin qapalı masajını aparmaq və

qanaxmanı dayandırmaq);

A Airway – Açıq tənəffüs yolları (tənəffüs yollarının keçiriciliyini bərpa etmək)

B Breathing – Birbaşa nəfəs vermək (ağciyərlərin süni ventilyasiyasını aparmaq)

D Defibrillation – Defibrilyasiya (defibrilyatorla elektrik cərəyanı (elektroşok) verib, ürəyin fəaliyyətini

 bərpa etmək)

 

Bu alqoritmdə hər addım iki ardıcıl fəaliyyət tələb edir: qiymətləndirmək və təhlükəni aradan qaldırmaq.

 

*Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin → həyat üçün təhlükə var → səbəbi aradan qaldırın → növbəti addıma keçin.

 

*Hər müdaxilədən sоnrа onun uğurla nəticələndiyinə əmin olun. Müsbət nəticə alınana qədər davam edin və sonra digər hərəkətə keçin.

 

*İlk yardım göstərərkən təşvişə düşməyin və tibbi yardımın göstərilməsini DRCABD alqoritminin ardıcıllığını pozmayaraq həyata keçirin.

 

Əvvəlcədən hadisə yerinin təhlükəsizliyini qiymətləndirin (Danger – diqqət təhlükə!), qıcıqlara cavab reaksiyasını (Responsiveness – reaksiya) yoxlayın və normal/qeyri-normal tənəffüsə görə dəyərləndirib, növbəti addımı atın.

 

Ürəyin qəfləti dayanmasında hadisə yerinin təhlükəsizliyinin qiymətləndirilməsi, qıcıqlara cavab reaksiyasının yoxlanılması, tənəffüsün və nəbzin təyin edilməsi 10 saniyəyə tamamlanmalıdır.

 

Bu alqroitmə uyğun olaraq insan həyatını xilas etmək mümkündür.

 

QEYD: Materialların hazırlanması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 05 aprel 2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilən “İlk yardım” vəsaitindən istifadə olunub.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu