Penitensiar Xidmət rəsmisi: “Onların düzəltdiyi əşyalar sərgiyə çıxarılır, satılan məmulatların pulu hesabına əməkhaqqı ödənir”

Sovet quruluşunun dağılması ilə həbsxanalardakı istehsalat da dayanıb. Elə o vaxtdan cəzaçəkmə yerlərinin rəsmi adı olan “islah əmək müəssisəsi” ifadəsi də ləğv olunub. Bu gün məhbus həyatı yaşayanlar demək olar ki, əməkdən məhrumdurlar.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da SSRİ dağıldıqdan sonra bir çox cəzaçəkmə müəssisələrində istehsalat sahələrinin bağlandığını etiraf edir. Onun sözlərinə görə, SSRİ vaxtı məhkumların hamısı müvafiq işlərlə təmin olunurdu. Amma sovet rejimi dağılan kimi bir çox cəzaçəkmə müəssisələrinin də istehsalat sahələri bağlandı: “Avadanlıqların həm fiziki, həm də mənəvi köhnəlməsi ilə bağlı həbsxanalarda istehsalat sahələri öz fəaliyyət göstərmir. Eləcə də vaxtilə buraxılan məhsulun artıq bazarda rəqabət aparmaq qabiliyyəti olmadığına cəzaçəkmə müəssisələrində bu kimi istehsalat sahələri sıradan çıxdı”.
Hazırda cəzaçəkmə müəssisələrində müxtəlif təyinatlı məktəb və ofis mebellərinin istehsal olunduğunu deyən şöbə rəhbəri həbsxanalarda bəzi tikiş məhsullarının bazara çıxarıldığını söylədi. Onun sözlərinə görə, qadın məhbuslar üçün əməklə məşğul olmaq imkanı yaradılıb. Onlar xalça toxuyur və tikiş tikirlər: “Bundan başqa məhkumların fərdi əməyi də olur. Onlar müxtəlif əşyalar düzəldirlər ki, sonradan həmin əşyaların sərgisi təşkil olunur. Bu sərgidə satılan əşyaların pulu toplanır və məhkumlara əməkhaqqı ödənir. Əməkhaqqının miqdarı isə həmin məhkumun düzəltdiyi əşyanın qiymətindən asılı olur. Satılan əl məhsulunun qiymətdən elektrik enerjisinə və digər avadanlıqların qurulmasına çəkilən xərclər çıxıldıqdan sonra məhkuma əməkhaqqı ödənir”.
Gültəkin Ələsgər