Son günlər “Zəngəzur” günümüzün ən aktual mövzusuna çevrilib. Prezident İlham Əliyev də çıxışlarında “Zəngəzura qayıdacağıq” mesajlarını verməkdə davam edir.
Qarabağa qayıdış Şuşa şəhərindən başladı. Şəhidlərimizin xatirəsinə həsr olunmuş “Xarıbülbül” musiqi festivalının Şuşada keçiriliməsi bunu bir daha sübut etdi. Prezident festivalda təkrar-təkrar “Qarabağ Azərbaycan”-dır sözlərini deyib.
Gördüyümüz kimi, Qarabağa qayıdış Şuşadan başladı. Sizcə, Şuşadan Zəngəzura yol nə qədərdir?
Modern.az-ın əməkdaşı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə danışıb:
“Qarabağa qayıdışın Şuşadan başlaması təbiidir. Çünki 44 günlük Vətən müharibəsinə Qələbə bayrağını Şuşada taxdıq və Ermənistan məhz Şuşanı itirdikdən sonra kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Şuşa bizim üçün Qarabağın və Qələbənin simvoludur. O ki, qaldı Zəngəzur məsələsinə, bəli, Qarabağ kimi, Zəngəzur da bizim tarixi torpağımızdır, həm də tarixən Qarabağ mahalının bir parçasıdır. Zəngəzurun qərb hissəsinin qanunsuz olaraq Ermənistana verilməsinin və Qərbi Zəngəzurun erməniləşdirilməsinin cəmi 101 illik tarixi var. Bununla belə, 1988-ci ilə qədər Qərbi Zəngəzurda hələ də 62 azərbaycanlı yaşayış məntəqəsi var. Onların 51-də ancaq azərbaycanlılar yaşayırdı. Təbii ki, bu insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər”.
Ə.Ələkbərli hələlik Azərbaycanla Ermənistan sərhədində demarkasiya prosesi getdiyini qeyd edib:
“Bu da normaldır. Ermənilər 30 illik işğal dövründə, hələ bir qədər ondan da əvvəl Azərbaycan ərazilərinə soxulublar, indi xəritələr ortaya qoyulur və ermənilər addım-addım geriyə - öz qınlarına çəkilirlər və çəkilmək məcburiyyətindədirlər. Bu prosesdə haray-həşir salmalarının heç bir anlamı yoxdur. Ermənistan da, onlara yüzillər boyu havadarlıq edənlər də bilməlidirlər ki, artıq Azərbaycanla zor dilində danışmaq mümkün deyil. Azərbaycan öz haqqı olanı alıb və bundan sonra da alacaq.
Minillər boyu Zəngəzurda, Göyçədə, İrəvanda və başqa Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar və orada yaşamalıdırlar. Tək azərbaycanlılar yox, zaman-zaman o torpaqlardan qovulmuş ruslar, kürdlər, aysorular və başqa xalqlar da Ermənistana geri dönməli və azərbaycanlılarla, ermənilərlə birgə yaşamalıdırlar. Bu, nə vaxt olacaq – deyə soruşursunuzsa, yəni Şuşadan Zəngəzura yolun nə qədər olduğunu bilmək istəyirsinizsə, açıq deyim ki, Ermənistanın siyasi rəhbərliyinin atacağı hər hansı addımdan asılı olmayaraq, Zəngəzur Şuşanın bir addımlığındadır və tezliklə biz bu yolu qət edəcəyik – necə deyərlər, ya Allah əmriynən, ya yan dəmiriynən”.
Nəzrin Vahid